Azərbaycandakı kiçik və orta biznes (KOB) subyektləri məhdud resurs və imkanlar səbəbindən iri şirkətlərlə müqayisədə rəqəmsal texnologiyaları tətbiq etməkdə geri qalırlar.
Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların Rəqəmsallaşma Proqramının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, texnologiyaların mürəkkəblik dərəcəsi yüksəldikcə bu boşluq bir qədər də artır: "Bu baxımdan, dövlət qurumlarının müxtəlif sektorlarda olan KOB-ların rəqəmsal transformasiyasını dəstəkləməsi çox vacibdir. Rəqəmsallaşma KOB-ların yeni bazarlara çıxışını artırmaq, əməliyyat mühitini təkmilləşdirmək və işçi heyəti ilə təmas üsullarını dəyişdirməklə KOB-ların inkişafına təkan vermək imkanına malikdir. Rəqəmsal həllər KOB-ların daha asanlıqla qlobal dəyər zəncirinə inteqrasiya etməsinə, innovativ fəaliyyətini yüksəltməsinə və məhsuldarlığın artmasına köməklik edə bilər".
O. Məmmədov həmçinin bildirib ki, 2019-2023-cü illərdə yerli biznesin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri 2,3 dəfə artaraq 300 milyon manata yaxınlaşıb: "Ötən ilin göstəricilərinə əsasən ölkəmizdə kompüterlərdən istifadə edən müəssisələrin nisbəti 60 %-dən çox, internetə çıxışı olan müəssisələrin nisbəti isə 60 %-ə yaxındır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyətdə olan biznes subyektlərinin mütləq əksəriyyətini, rəqəm ilə ifadə etsək, 99 %-dən də çox hissəsini KOB-lar təşkil edir. Bu baxımdan, onların inkişafı və rəqəmsallaşma səviyyəsi bütövlükdə iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşma dərəcəsini göstərir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta