AZ

SSRİ və İran

Yayımlandı: 30 Sentyabr 2024 15:40 Zərdüşt Əlizadə Kimsə əgər qonşu ölkədə, qonşu otaqda güclü yanğına sevinirsə, deməli, düşünmək qabiliyyətindən məhrumdur SSRİ və İranın tarixləri və taleləri sıx bağlıdır. Təməli məfkurə üzərində qurulmuş bu iki dövlətin uzaq keçmişlərinə baş vurmadan gözümüzün önündə cərəyan etmiş və edən hadisələri yada salmaq pis olmazdı. Sovet İttifaqında yenidənqurma başlayanda İran İslam İnqilabının rəhbəri ayətullah Xomeyni Sov.İKP-nin Baş katibi Mixail Qorbaçova bir namə yazdı. Bu, adi diplomatik yazışma deyidi. İslam ruhanisi qüdrətli ateist dövlətin başçısına yazdığı namədə onu imana dəvət edib deyirdi ki, “əks halda sənin dövlətin dağılacaq”. SSRİ-də onun sözlərini ciddi qəbul etmədilər. Mixail Qorbaçovun tutduğu yüksək vəzifə və daha vacib siyasi tədbirlər sovet liderini dərin düşünmək məcburiyyətindən azad etmişdi. Sonra tarix necə getdi, nələr baş verdi, ta onu siz məndən yaxşı bilirsiniz. İmamın peyğəmbərliyi düzgün çıxdı, SSRİ dağılıb məhv oldu. Foto: Meydan TV Alimlər nəhəng sovet dövlətinin süqutunun səbəblərini sayanda ən vacib amilləri önə çəkirlər: 1.Dövlətin ali səfində rəsmi hakim ideologiyaya sadiq adam qalmamışdı. Geniş əhali kütləsi hakimiyyətin sözlərinə əsla inanmırdı. Dövlətdə total əqidəsizlik və hüquqi nihilizm hökm sürürdü. 2.Dövlətdə qayda-qanun işləmirdi. İmkanı olan vəzifəli məmur dövlət malını talayır, bunu görən və deyən vətəndaşın gözünü çıxarırdılar. SSRİ-nin nəhəng pulları guya ki, dünyada sosializm quruculuğu naminə xaricdəki tüfeyli tərəfdarlara xərclənirdi. Dövlətdə əks işarəli seçki yuxarı səfə məsləksiz və məhdud düşüncəli yaltaq insanların soxulmasına şərait yaradırdı. Hakim zümrənin zaylığı ucbatından yuxarıda sürətlə artan müşkülləri həll edə biləcək ağıllı adamlar tapılmırdı. 3.Bədbəxtlikdən, hakim bivec nomenklaturanın mövqelərini qorumaq məqsədilə yaradılmış birpartiyalı siyasi sistem dövlətin böhranlı anında irəli düşə biləcək təpərli bir müxalifətin də təşəkkülünə imkan verməmişdi. Odur ki, sovet dövlətini böhran bürüyəndə, irəli düşən adamların mütləq əksəriyyəti ortaya dövləti xilas etmək üçün deyil, onu yıxıb leşini gəmirmək üçün atıldılar. Müxtəsər, SSRİ imam Xomeyninin dediyi kimi, gurultu ilə çökdü. İndi İran dövləti dərin böhran yaşayır. Əhali hakim məfkurəyə daha əvvəlki qədər inanmır. İranlılar müsəlman olaraq qalıblar, onlar sadəcə riyakar din xadimlərinə, onların sözlərinə inanmırlar. Hakim zümrənin səviyyəsi durmadan zəifləyib aşınır. Dövlət rəhbərliyinin müasir tələblərə cavab verə bilməməsinin sübutlarını əhalinin güzəranını ağırlaşdıran iqtisadi vəziyyətdə, xarici siyasətdəki danılmaz uğursuzluqlarda, İranı dünyada təcrid halına salan iqtisadi sanksiyalarda görmək mümkündür. Dövlətdə azğın tüfeyli bir zümrə təşəkkül tapıb əhali qarşısında hesabat vermədən ölkənin böyük neft gəlirlərini sümürür. İranın böyük neft gəlirləri xaricdə guya ki, böyük siyasi məqsədlər naminə göyə sovrulur. Vətən və xalq naminə etiraz səsini ucaldan hər bir azadixah insanı amansızlıqla cəzalandırırlar. Hakim zümrədə bu qorxulu böhranı və onun dağıdıcı aqibətini duyan adamlar var. Prezident seçkiləri zamanı doktor Məsud Pezeşkian dözməyib televiziya kameralarının çəkdiyi anda qəzəblə rəqiblərinə qışqırmışdı:“Biz oğruyuq!”. Təbii ki, Pezeşkian oğru deyəndə şəxsən özünü yox, İran xalqının sərvətinə daraşmış və özünün də mənsub olduğu hakim zümrəni nəzərdə tuturdu. Prezident seçiləndən və dövlətdə ən ali mərtəbədə işlərin vəziyyəti ilə tanış olandan sonra doktor Pezeşkian acı-acı şikayətlənmişdi: “Əlini hara atırsan, işləməyə qoymurlar. Pul büdcəyə gəlib çatmır ki, onu xalqa və dövlətə xərcləyəsən”. ABŞ-a BMT-nin Baş Assambleyasında iştirak üçün getmiş Prezident Pezeşkian Amerkada yaşayan iranlılarla görüşdə dedi: “İşlər belə getsə və hansısa bir hadisə törənsə, İran parçalana bilər. Onun yerində Azərbaycan, Kürdüstan, Xuzistan və Bəlucistan yaranar, İran yox olar”. İranı canından artıq sevən vətənpərvər üçün belə acı sözləri demək çox ağırdır. Lakin ağıllı və sayıq siyasətçi heç kəsi, ilk növbədə özünü aldatmamalıdır. Doktor Pezeşkian xəstəliyin diaqnozunu dürüst qoyur ki, müalicə də düzgün və faydalı olsun. İranda dəqiq və dərin islahatların aparılması zəmanənin tələbidir. İslahat aparılmazsa, onu SSRİ-nin taleyi gözləyə bilər. İslahata SSRİ-də partokratiya mane olurdu, nomenklatura qamarladığı imtiyazlarını itirməkdən qorxurdu. İranda islahatlara hakimiyyəti qamarlamış tüfeyli mollakratiya mane olur. Kimsə əgər qonşu ölkədə, qonşu otaqda güclü yanğına sevinirsə, deməli, düşünmək qabiliyyətindən məhrumdur. SSRİ-nin süqutu nəticəsində xalqların itirdiklərinin miqyasını anlamayanlar dünyanın mürəkkəb gerçəkliyini düzgün dərk edə bilmirlər. İran əgər SSRİ kimi çöksə, bu dövlətdə yaşayan xalqların itirdikləri qazandıqlarından qat-qat çox olacaq. Meydan TV

Seçilən
95
xural.com

1Mənbələr