AZ

Akif Qurbanov: “Hakimiyyət II Heydər Əliyev planını gerçəkləşdirir”

Yayımlandı: 30 Sentyabr 2024 17:51 Platforma sədri cəmiyyəti bu plana etiraz etməyə çağırıb III Respublika Platformasının həmtəsisçisi Akif Qurbanov son həbslərin gerçək siyasi səbəbini “respublikaçı” ideyası ilə hakimiyyətin monarxist dünyagörüşü arasındakı kəskin ziddiyyətdə və Əliyevin varis planının gerçəkləşdirməsində görür. Bu barədə sentyabrın 30-da III Respublika Platformasının həmtəsisçisi həbsxanadan yazıb. Məktub III Respublika Platformasının “Facebook” səhifəsində yayılıb. Akif Qurbanov yazır ki, artıq II Heydər Əliyev planının gerçəkləşməsinə start verilib: “İlham Əliyev bu planı hələ 2016-cı ildən gerçəkləşdirməyə hazırlaşarkən respublikaçı idealla ortaya çıxan  təşəbbüsə – Üçüncü Respublika Platformasına niyə 3 ay dözə bilməməsinin səbəbləri məlum oldu. Donosbaz mətbuat bizim həbsimizi guya “prezident seçkilərində, COP29-da təxribat hazırlanması” ilə izah etsə də, indi aydın olur ki, əsas məqsəd növbəti sülalə tədbirlərinə təkcə sözdə deyil, əməldə müqavimət göstərə biləcək şəxslərin zərərsizləşdirilməsidir”. Akif Qurbanov hesab edir ki, ictimai-siyasi şüuru olan, özünün və övladının gələcəyini düşünən, özünü Azərbaycana bağlı hesab edən hər kəs bacardığı formada buna kəskin etirazını bildirməlidir: “Çəkinmək lazım deyil. Franklin Ruzveltin də dediyi kimi: “Qorxacağımız yeganə şey varsa da, o da qorxunun özüdür”. Bilməliyik ki, bundan qorxacağıqsa, bu qorxu bizim həyatımızı idarə edəcək. Təbii ki, bütün şüurlu insanlar kimi, mənə də, dostlarıma da qorxu hissi yad deyil. Amma əsas məsələ qorxunun öhdəsindən necə gəlməkdir. Cəsarətli insan da qorxur, sadəcə o qorxusuna rəğmən irəli addımlamaqda davam edən insandır. Ona görə də cəsarətli olmaqdan başqa yolumuz yoxdur”. “Bu sözləri Azərbaycanda qorxulu yer kimi təqdim olunan Kürdəxanı təcridxanasından yazıram. Dostlarımla yeddi aydır ki, burada, hakimiyyətin girovluğundayıq. Başqa siyasi məhbuslar da həmçinin. Yeddi aylıq təcrübəmlə bunu sizə açıq deyirəm ki, yaxşı yer olmasa da, həbsxana elə də qorxulu yer deyil, həyat bitmir, davam edir. Hətta şərti olaraq onların əlində olsan belə, sənə hər istədiyini edə bilməz, iradəni sağlam tutduğun təqdirdə. İnanın, bu hakimiyyətin gücü hüdudsuz deyil”, – deyə Qurbanov əlavə edib. Onun fikrincə, İlham Əliyev hakimiyyəti o qədər güclü olsaydı, varis planını dərhal yerinə yetirərdi: “Göründüyü kimi, alışdıra-alışdıra etməyə çalışır. Buna mane ola biləcək insanlardan qorxur. Cəmiyyətin reaksiyasını yoxlayacaq, narahat olduğu məqamları yoluna qoymağa çalışacaq, sizlərin arasından yalançı vədlərlə “müttəfiqlər” tapmağa çalışacaq. Bir sözlə, özünə ictimai legitimlik qazanmaq istəyəcək. Bu o deməkdir ki, gücü həm də sizin dəstəyinizdən, dəstəyiniz olmasa belə, susmağınızdan almağa çalışacaq”. “Əziz vətəndaşlar, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyiriksə, insan ləyaqətinin üstün tutulduğu bir ölkədə yaşamaq istəyiriksə, tək adam rejiminin sülalə planına “Dur!” deməliyik”, – deyə Akif Qurbanov fikrini bitirib. Akif Qurbanov nə vaxt həbs olunub? 2024-cü il Vatslav Havel Mükafatı üçün qısa siyahıya üç namizəddən biri Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb. Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. “Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb. Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar. Meydan TV

Seçilən
77
xural.com

1Mənbələr