AZ

Milli Məclisin payız sessiyası başlayıb

İlk iclasda sessiyanın qanunvericilik işləri planı təsdiqlənib

Sentyabrın 30-da VII çağırış Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra çıxış edən parlamentin spikeri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 23-də Milli Məclisin birinci iclasında proqram xarakterli nitqində Azərbaycanın strateji hədəfləri və milli prioritetləri müəyyənləşdirildi.

O qeyd edib ki, dünyada baş verən mürəkkəb hadisələr fonunda hamımız, eləcə də Milli Məclis üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Sahibə Qafarovanın sözlərinə görə, görülən işlərin uğuru, qazandığımız nailiyyətlər kollektiv əməyin məhsuludur və Milli Məclis də ölkənin strateji hədəflərinin, milli prioritetlərinin yerinə yetirilməsi istiqamətində möhkəm əsaslar yaratmalıdır. “2024-cü ilin prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilməsi tarixi hadisədir və qarşıya yeni çağırışlar qoyur”, - deyə Milli Məclisin sədri vurğulayıb. Onun sözlərinə görə, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq.

Milli Məclis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq

Spiker vurğulayıb ki, parlamentin gücü onun kollektiv zəkasındadır: “Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir.  Mən bu fikirlərimi sizinlə bölüşərək, əmin olduğumu  bildirmək istəyirəm ki, biz birlikdə elə fəaliyyət göstərəcəyik ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirsin”.

S.Qafarova deyib ki, payız sessiyası Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür: “Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib, torpaqlarımızın 30 illik işğalına son qoyub”.

Deputatlara vəsiqələr təqdim edilib

Qeyd edək ki, iclasda ilk olaraq VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim edilib. Vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib. Vəsiqələri təqdim etməmişdən əvvəl çıxış edən Məzahir Pənahov parlament seçkilərinin azad və demokratik, beynəlxalq standartlara uyğun keçirildiyini bildirib. O qeyd edib ki, parlament seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi, 26 siyasi partiyadan 25-nin bu seçkilərdə iştirak etməsi mühüm hadisədir. MSK sədri deyib ki, 25 siyasi partiyanın seçkilərə qoşulması cəmiyyətin digər üzvlərinin, vətəndaşların səsvermə prosesində iştirakına da müsbət təsirini göstərib.

Seçki prosesinin yüksək səviyyədə keçməsinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən də qeyd edildiyini diqqətə çatdıran M.Pənahov bu rəyin verilməsində ölkə üzrə min seçki məntəqəsində veb-kameraların quraşdırılmasının rolunu qeyd edib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb

Sonra Milli Məclisin komitələrinin üzvləri seçilib. Komitələrin üzvləri təsdiqləndikdən sonra VII çağırış Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

İclasda sonuncu məsələ - Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması olub. Spiker Sahibə Qafarova  bildirib ki, ideoloji təhlükəsizlik məsələsi Vətən müharibəsindən sonra xüsusi aktuallıq kəsb edir: “Düşmən qüvvələr Azərbaycana qarşı təxribat xarakterli hərəkətlər törətməkdə davam edirlər. Belə qüvvələr ölkəmizi içəridən sarsıtmaq, parçalamaq niyyəti ilə hər cür vasitələrə əl atırlar”. S.Qafarova bu səbəbdən də Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılmasının zəruriliyini qeyd edib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və komissiyanın yaradılması haqqında qərar yekdilliklə qəbul olunub. Deputat Ramid Namazov komissiyanın sədri seçilib.

Nardar BAYRAMLI

Seçilən
38
yeniazerbaycan.com

1Mənbələr