AZ

Xocalıda şəhadətə ucalmış polkovnik-leytenant - Vüsal Rüstəmovun DÖYÜŞ YOLU – VİDEO

"Vüsal şəhid olmağa tələsirdi. Çox istəyirdi ki, şəhid olsun. Sonuncu dəfə gedəndə hamımızla ayrı-ayrı -ayrılıqda xusahafizləşdi, görüşdü, halallaşdı. O, bu dəfə başqa əhval-ruhiyyədə idi. Vətən Müharibəsində, ondan əvvəl 2016-cı il Aprel döyüşlərində, daha sonra isə 2022-ci ildəki döyüşlərdə iştirak etmişdi. Amma heç vaxt belə deyildi. Bu dəfə bizimlə elə görüşürdü ki, sanki şəhid olacağını hiss edirdi”.

Bu sözləri Bizim.Media-ya 2023-cü ilin 19-20 sentyabr antiterror hadisələrində şəhid olmuş polkovnik-leytenant Vüsal Rüstəmovun həyat yoldaşı Lalə Rüstəmova danışıb. Onun sözlərinə görə, Vüsal son gedişi ilə çoxdankı şəhid olmaq arzusuna çatdı.

Şəhidin xanımı kövrəkliklə Vüsallı günlərindən danışır.

Deyir ki, çox vətənpərvər, fərqli bir insan idi, Vüsal, ailəcanlı idi: 

“Deyərdim ki, onun yerişi-duruşu da fərqli idi. Hər gün günorta 2-nin yarısı hərbi hissənin qapısı açılanda zabitlər nahara gələndə uzaqdan Vüsalı yerişindən tanıyırdım. Uşaqlara deyirdim, ata gəldi. Həqiqətən 2 dəqiqə sonra qapı döyülürdü. Qapı döyməsi də fərqli idi. O saat tanıyırdım ki, gələn Vüsaldır".

Qeyd edək ki, Polkovnik-leytenant Vüsal Rüstəmov 2023-cü il sentyabrın 5-dən cəbhəyə yollanıb, sentyabrın 19-da minamyot partlayışından Xocalı istiqamətində-Ağdamın Sırxavənd kəndi ərazisində şəhid olub, ailəsinin xahişi ilə bir gecə cənazə evdə saxlanılaraq sentyabrın 21-də həmin kəndin məzarlığında dəfn olunub.

Qırx yaşı ölümündən sonra tamam olan Vüsal Rüstəmov Heydər Əliyev adına Ali Hərbi Akademiyasında təhsil alıb. 16 il Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət edib. Sonuncu iş yeri 7 ildir qulluq etdiyi rayonların birində yerləşən "N"saylı komando hərbi hissəsi olub. O, hərbi hissənin qərargah rəisi kimi əsgərləri ilə birgə ön xəttdə vuruşub.
 

Ölümündən sonra Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli" Vətənə xidmət"ordeni ilə təltif edilib. Vətən Müharibəsində isə Xocavənd, Füzuli, Cəbrayıl rayonlarında ön xətdə vuruşan Vüsal Rüstəmov həmin rayonların azad olunması medallarına da layiq görülüb.


Hazırda Vüsal Rüstəmovun ailəsi Bakıda yaşayır. İki yadigarı - oğlu Şahin, qızı Səma Rüstəmlilər Bakıdakı 264 yaşlı məktəb-liseydə təhsil alırlar. Həyat yoldaşı Lalə Rüstəmova Asan Xidmətin 6 saylı şöbəsində işə düzəlib. 


Aytəkin Allxaslı, Bizim.Media, Şimal bürosu
 

Seçilən
220
4
bizim.media

10Mənbələr