AZ

“Livanı təcili tərk edin!” - Avropa ölkələri öz vətəndaşlarına müraciət edib

Avropa ölkələri Livandakı vətəndaşlarını təcili Livanı tərk etməyə çağırır. Bu çağırışlar xüsusilə də İsrailin “Hizbullah”a qarşı qurudan hücuma keçməsi nəticəsində çoxalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşrinin yaydığı məlumatda bu məsələdə xüsusilə aktiv olan Avropa ölkələri sadalanır: “Hollandiyanın Livandakı səfiri Frank Mollen ölkədə qalmağın təhlükəli olduğunu deyib və vətəndaşlara hələ imkanları varkən oranı tərk etməyi tövsiyə edib: ”Nə qədər ki mümkündür, gedin!”

Böyük Britaniya hökuməti çərşənbə günü Livandan ilk evakuasiya uçuşunu sifariş edib. Britaniyanın Xarici İşlər naziri Devid Lemmy Livandakı vəziyyətin "sürətlə pisləşə biləcəyini" vurğulayıb: "İndi tərk etməyiniz çox vacibdir, çünki əlavə evakuasiya təmin olunmaya bilər".

Almaniya Xarici İşlər Nazirliyi “həmkarlarının və onların ailələrinin, eləcə də alman tərəfdaş təşkilatların üzvlərinin ölkədən getməsinə dəstək olmaq üçün” Beyruta xüsusi hərbi təyyarə göndərdiyini bildirib.

İtaliyanın Xarici İşlər naziri Antonio Tajani İtaliya vətəndaşlarını “Beyrutdan Milana və ya Romaya kommersiya uçuşlarından istifadə edərək Livanı tərk etməyə çağırıb”.

“AzPolitika.info”

Seçilən
49
azpolitika.info

1Mənbələr