AZ

"Ermənistan rəhbərləri Ərdoğana “cənab” və “möhtərəm” deməyə başlayıblar"- Eyforiya Nyu-Yorkdan başladı...

Image

Türkiyə və Ermənistan arasında intensivləşən təmaslar radikal, revanşist erməni dairələri tərəfindən ciddi narazılıq, narahatlıqla qarşılanır. Bu hal, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda keçirdiyi görüşdən sonra özünü qabarıq büruzə verir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər isə radikalların təlaşını daha da artırıb.

Vahan Kostanyan qeyd edir ki, rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin müsbət dinamikasından məmnundur: “İnanırıq ki, bu istiqamətdə daha çox iş görüləcək. Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam tənzimlənməsi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”. O, Ermənistan və Türkiyə liderlərinin görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birinin mövqelərini başa düşməyə hazırdırlar. Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb: “Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır. Bütün lazımi infrastruktur və texniki hazırlıqları tamamladıq və sazişin icrasına başlamağa hazırıq”. Kostanyan gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu deyib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək. “Biz bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir və Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”. Baş verənləri şərh edən erməni politoloq Vahe Ovannisyan qeyd edir ki, Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru gedir. Ekspert bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və  Nikol Paşinyan arasında ABŞ-da keçirilən görüşdən sonra daha aydın göründüyünü iddia edib: “Ərdoğanla görüş zamanı və ondan sonra siyasi bəyanatlar verildi. Görünən budur ki, Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru irəliləyir. Ərdoğana bu baxımdan İrəvandan tam dəstək var”. Ovannisyan artıq Ermənistan hakimiyyəti təmsilçilərinin Türkiyə prezidentinə “cənab və möhtərəm” deyə xitab etdiklərini vurğulayıb. Erməni türkşünas Mher Abrahamyan da məsələyə eyni prizmadan yanaşır: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasından qayıdarkən, jurnalistlərlə söhbəti zamanı deyib ki, İrəvan Ankaradan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına töhfə verməsini istəyib, Türkiyə bu istiqamətdə səylər göstərir. Sual ondan ibarətdir ki, Nikol Paşinyan Ərdoğana belə bir təklif verib, yoxsa Paşinyan sadəcə olaraq Ərdoğanın onun qarşısında qoyduğu şərtləri təkrarlayır? Qarabağ münaqişəsinin bütün tarixinə nəzər salsaq görərik ki, bütün 30 il ərzində Türkiyə bu məsələdə vasitəçi olmağa çalışıb. Bu gün elə bir vəziyyət yaranıb ki, Türkiyə Minsk qrupunda nəinki dördüncü ölkə olur, ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinin yeganə vasitəçisinə çevrilir”.

Erməni türkşünas bildirib ki, bu, Paşinyan tərəfindən qəbul edilən Ərdoğanın şərti olub. Ermənistan parlamentinin iqtisadi məsələlər komissiyasının sədr müavini Babken Tunyan isə məsələyə o prizmadan nəzər salır ki, Türkiyə regionda güclü mövqedədir: “Türkiyə sərhədi ona görə açmır ki, sərhədi bağlı saxlamaq Ermənistana iqtisadi və siyasi təzyiq vasitəsidir. Sərhədlərin açılmasının və kommunikasiyaları blokdan çıxarmanın niyə Ermənistanın maraqlarına uyğun olduğu sualının cavabı budur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından, sərhədlərin açılmasından danışanda, bəzi fikirlər səslənir ki, bu, Ermənistanın maraqlarına ziddir və ya zərər verə bilər. Əgər belə olsaydı, o zaman Türkiyə tərəfi, fikrimcə, o sərhədi 25 il əvvəl açmalı idi”. Tunyan vurğulayıb ki, regional maraqlar var, üçüncü ölkələrlə münasibətdən asılı olan bəzi şeylər mövcuddur: “Bəli, Türkiyə ilə münasibətlərin əsas ilkin şərti Azərbaycanla münaqişə idi. Bu, sirr deyil. Düşünürəm ki, hər şey eynidir, müəyyən mərhələdə bizim regionda bütün qonşu ölkələrlə açıq sərhədlərimiz olmalıdır”. Rusiyalı politoloq Yevgeni Satanovski isə qeyd edir ki, İrəvan Moskvaya nisbətdə indi Ankaraya üstünlük verir:  “Türkiyə bütün imkanlara sahib olmaqla regionda, o cümlədən ermənilərin üzərində ağabəy olmaq imkanı qazanıb. Bu o deməkdir ki, Ermənistan və ermənilər böyük imperiyanın tərkib hissəsi olmalıdırlar. Bu aydındır və hər şey ona doğru gedir. Yerdə qalanlar ikinci, üçüncü məsələlərdir”. O, Paşinyanın hazırda dövlət yox, şəxsi məsələlərini həll etdiyini bildirib: “Ermənistan özü bu oyunçularla oynamağı seçdi. Orada demokratiya, ədalət haqqında çox yaxşı sözlər var, amma nəticə odur ki, Ermənistan xarici oyunçuların artıq tabeliyindədir və heç kimi bu ölkənin gələcəyi, maraqlarının nə olacağı narahat etməyəcək”.

Ramil QULİYEV





Seçilən
33
baki-xeber.com

1Mənbələr