AZ

Xarici təhdidlərə qarşı deputat komissiyası – niyə müvəqqəti, niyə indi…

Milli Məclisin komitə sədrləri xarici təhlükələrin artdığı bir vaxtda yeni komissiyasının yaradılmasının önəmini izah etdilər
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Bununla bağlı məsələ parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirə olunub.
Deputat Ramid Namazov komissiyanın sədri seçilib.
R.Namazov sentyabrın 1-də parlament seçkilərində 50 saylı Abşeron üçüncü Seçki Dairəsindən deputat seçilib. Məlumata görə, Ramid Namazov 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışıb. R.Namazov 2003-cü ildə BDU-nu bitirib. İdarəçilik Akademiyasının və  Hopkins Universitetinin magistr üzrə məzunudur. 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” və 2023-cü ildə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaranmasını zəruri edən nədir? Niyə müvəqqəti və indi?

Fazil Mustafa
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu cür komissiyaların yaradılması üçün Milli Məclisin səlahiyyəti var. Müvəqqəti komissiyanın fəaliyyət müddəti də göstərilməlidir və göstərilib: “Qanunvericilikdə bu barədə tələb var. Komissiyanın yaradılması barədə qərarda müddət də göstərilib. 7-ci çağırış Milli Məclisin fəaliyyət göstərdiyi dövr ərzində Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya fəaliyyət göstərəcək. Bu gün ölkəmizin təhlükəsizliyi üçün problem yarada biləcək bütün nüansları nəzərə alaraq komissiyanın işləməsi nəzərdə tutulur. Belə bir komissiyanın yaradılması çox doğru və lazımlı qərardır. Çünki bu gün ən çox texnoloji imkanlardan istifadə edərək hibrid müharibələri gedir və biz də onun hədəfinə çevrilə bilərik. Ona görə də Milli Məclisdə-qanunverici orqanda bu məsələnin gündəmə gətirilib gerçəkləşdirilməsi ona həm də siyasi mötəbərlik qazandırma məqsədi güdür. Yəni işin seçkili orqan tərəfindən həyata keçirilməsi bunun miqyasını və hədəflərini daha geniş götürəcəyimizdən xəbər verir. O baxımdan da bu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiya dövlət orqanları ilə əlaqəli şəkildə işləyəcək və öz fəaliyyəti ilə bağlı Milli Məclisə vaxtaşırı açıq, yaxud qapalı məlumat verəcək. Bu, həm də digər parlamentarilərin də bilgisi daxilində həyata keçirilən proses kimi anlaşılmalıdır”.

 Arzu Nağıyev 
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə bildirib ki, komissiyanın yaradılması çox mühüm və vaxtında atılmış addımdır: “Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına və  ideoloji təxribatlara həsr etmişdi. İdeoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib. Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Hazırda Ermənistanda revanşist əhval-ruhiyyə güclənir və bundan istifadə edən Qərbdəki bəzi qüvvələr bu məqsədə çatmaq üçün müxtəlif üsullardan, o cümlədən hibrid müharibə üsullarından istifadə edirlər. Hibrid təhdidlər məkrli niyyətlə planlaşdırılan və həyata keçirilən və ilk növbədə dövlətin və dövlətçiliyin məhvinə yönəlmiş açıq və gizli hərbi, hərbiləşdirilmiş və qeyri-hərbi vasitələrin geniş spektrini özündə birləşdirən üsullardır. Belə şəraitdə mülki əhalinin rolu ön plana çıxır, xalqla hakimiyyətin birliyi qarşıdurma üçün əsas amillərdən birinə çevrilir. Vətəndaşlar arasında qarşılıqlı etimadın gücləndirilməsi bu gün hibrid müharibə və hibrid təhlükələrin neytrallaşdırılması səylərinin əsas məqsədi olmalıdır. Bu məqsədə nail olmaq üçün parlamentarilər səviyyəsində təhlillərin aparılması, daha sonra icra orqanlarına tövsiyələrin hazırlanması vacibdir. Parlamentlərarası dostluq qruplarının üzvləri xarici həmkarları arasında da müəyyən işlər aparacaqlar. Bir sözlə, yaradılan komissiyanın fəaliyyəti böyük əhəmiyyət kəsb edir və onun gördüyü işlər kənardan təhlükənin artdığı bir şəraitdə dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət etmək məqsədi daşıyır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
61
3
arantv.az

3Mənbələr