AZ

SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?

Müşahidələr onu da göstərir ki, İran gec-tez siyasətini Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarını qəbul etməyə məcbur qalacaq
“İran tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əleyhinə deyil, lakin o, bu müqavilədə Zəngəzur dəhlizinin olmasını istəmir”. Bu sözləri iranşünas Qarik Misakyan erməni mediasına açıqlamasında deyib. “Bu razılaşma Ermənistan və İranın geosiyasi maraqlarına xələl gətirməməlidir. Zəngəzur dəhlizi, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərində mümkün vasitəçiyə çevrilməsi İranı narahat edir”, – o bildirib.
Qarik Misakyanın sözlərinə görə, hazırda İran ətrafında vəziyyət gərginləşib (Yaxın Şərqdə İranın proksi qüvvələrinin ciddi zərbələr alması, xüsusilə “Hizbullah” liderinin ölümü nəzərdə tutulur – red.) və İranın indiki mərhələdə diqqətini bu regiondan yayındırması mümkündür.
Müşahidəçilərə görə, indi İranın kifayət qədər başqa, daha vacib problemləri var və “Zəngəzur məsələsi” Tehranın heç də kəskin qərarlar verməli olduğu mövzu deyil. Təhlilçilərə görə, Tehranın Rusiyaya Zəngəzur məsələsində “buynuz göstərməsinin” səbəbi İranın Qərblə, xüsusilə ABŞ-la barışmaq cəhdidir. Yəni İran Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə qarşı olmaqla  Vaşinqtona reverans edir.
İran prezidenti Məsud Pezeşkian sentyabrın 29-da hökumətin iclasında deyib ki, Qərb (ABŞ və Avropa Birliyi) İrana İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməmək müqabilində atəşkəs vəd edib. “ABŞ və Avropa ölkələri liderlərinin bəyanatları tamamilə yalandır. Belə cinayətkarlara imkanların verilməsi onları yalnız yeni cinayətlər törətməyə sövq edəcək”, – İran prezidenti bildirib. Bu da onu göstərir ki, İranla Qərbin sövdələşməsi hələ ki alınmayıb.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref isə Rusiya baş naziri Mixail Mişustinlə görüşdə bildirib ki, Zəngəzur və Şimal-Cənub dəhlizləri ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır.
Müşahidələr onu da göstərir ki, İran gec-tez Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarına qəbul etməyə məcbur qalacaq.

 Azər Badamov 
Deputat Azər Badamov belə düşünür ki, İranın Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyində əsas məqsədi  kommunikasiyanın ancaq öz ərazisindən keçməsinə nail olmaqdır: “Ona görə də Zəngəzur dəhlizi ilə bağlı məsələyə gələndə İran bunu özünün “qırmızı xətti” kimi təqdim edir. Çünki Zəngəzur dəhlizi böyük gəlirlər və siyasi mövqelərin möhkəmlənməsi deməkdir. Yəni nəqliyyat kommunikasiyalarına nəzarət edən ölkələr xüsusi üstünlüklər qazanır. İran da bu fürsəti qaçırmaq istəmir. Amma Zəngəzur dəhlizinin açılmasının İrana heç bir aidiyyəti yoxdur.  Bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan, Rusiya və Ermənistana aid məsələdir. Çox təəssüf ki, Ermənistan öz xeyrini və ziyanını başa düşmür və Zəngəzur dəhlizinin açılması məsələsini beynəlxalq güclərin maraq dairəsinə çevirməkdədir. İran isə bu gün Zəngəzur dəhlizinin açılmasının əleyhinə danışsa da, Ermənistan öz qərarını verərsə, heç bir maneə yarada bilməyəcək. Bununla yanaşı, İsrail-Livan müharibəsinin başlanması, HƏMAS qruplaşmasının liderlərinin öldürülməsi İsrail-İran müharibəsini də aktuallaşdırır. Sual olunur ki, İsrail-İran müharibəsi başlayarsa, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişəcəkmi? Hesab edirəm ki, yox. Çünki İran hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Hətta İsraillə müharibə başlanacağı təqdirdə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyəcək. Amma yenə qeyd etmək istəyirəm ki, bu məsələ Azərbaycanla Ermənistana aiddir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı bu gün ciddi bir iş görməsə də, yaxın gələcəkdə özü bu dəhlizin açılması üçün yalvaracaq”.

Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı düşünür ki, İran Qafqazda sülhün əldə olunmasında qətiyyən maraqlı görünmür və bütün gücü ilə çalışır ki, sülh sazişi imzalanmasın: “İran xüsusən Azərbaycanın sülh şəraitində olmasını və Azərbaycanın daha güclü dövlət kimi inkişaf etməsini özünə təhdid kimi qəbul edir. Boş yerə İran 32 ildir Ermənistanı dəstəkləmir və milyonlarla dollar həcmində Ermənistana dəstək vermir. Bunun yeganə səbəbi Azərbaycanın iki yerə bölünməsi və 40 milyonluq Cənubi Azərbaycan faktorudur. İran mollaları düşünür ki, Şimali Azərbaycan müstəqil şəkildə güclü dövlətə çevriləcəyi təqdirdə, günün birində Azərbaycan bütövləşib 50 milyonluq bütöv Azərbaycana çevrilə bilər. Qafqazda Türkiyə dövləti kimi güclü bir türk kökənli dövlət görmək istəmirlər. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması niyə İran dövlətin maraqlarına ziyan vursun ki?! Zəngəzur faktiki Ermənistan ərazisidir, blokadada qalan Naxçıvan da Azərbaycan. Quru sərhədlərin açılması heç bir halda İrana ziyan vura bilməz. Əksinə, daha çox iqtisadi cəhətdən dəstək ola bilər. Bu gün bu dəhlizin açılması birbaşa Rusiyaya lazımdır. Rusiyanın Türkiyə ilə quru sərhədlərinin açılması ilə yanaşı, Asiyaya geniş əlaqələrinin qurulmasına da xidmət etmiş olacaq. Rusiya ağır sanksiyalar altındadır. Və hər gün Ukrayna müharibəsində milyonlarla dollar itirir. Rusiya uzun müddət İranın nazı ilə oynamayacaq. O fikirlə razıyam ki, İran həm də Zəngəzur dəhlizinin əleyhinə getməklə,  Ermənistanı dəstəkləməklə Qərbin xoşuna gəlmək istəyir. İranın yeni prezidenti ilk gündən ABŞ-la normal əlaqələrin qurulması və barış barədə danışdı. İranı blokadadan çıxartmaq istəyirlər. Bu ölkə öz maraqları üçün bu cür bəyanatlar verir. İranın dəhlizlə bağlı bu münasibəti dəyişəcək. İstəməsə də belə, Rusiya onu buna məcbur edəcək. İran uzun illərdir ki, Rusiya ilə birgə əməkdaşlıq edir. İki dövlət arasında ticari ələqənin həcmi milyonlarla dollarla ölçülür. Hər iki dövlət Amerikanın sanksiyaları altındadır. Bu situasiyada başqa addımın atılması mümkün deyil. Siyasətdə isə daimi maraqlar hər zaman böyük rol oynayıb”.

 Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov burada bir neçə səbəb görür: “İran Zəngəzur dəhlizinin açılmasını hələ də özünün “qırmızı xətti” kimi görür. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, ola bilsin, İran kommunikasiya xətlərinin öz ölkəsi ərazisindən keçməsinə çalışır. İkincisi, bəlkə də, Tehran düşünür ki, dəhlizin açılması nəticəsində İrəvana təsir imkanları azalacaq. Üçüncüsü, mümkündür ki, İran Zəngəzur dəhlizinin açılması nəticəsində Azərbaycanın daha da güclənməsindən narahatdır. Amma Azərbaycan bu məsələdə israrlıdır. Türkiyə və Rusiya da dəhlizin açılmasına maraq göstərir. Bu, Azərbaycanın əlini gücləndirir. Rusiya İranın mövqeyinə təsir edə bilər. Fikrimcə, Tehran dəhliz məsələsi ilə bağlı getdikcə daha loyal mövqe ortaya qoyacaq. Əks halda, bu, Rusiya-İran münasibətlərində gərginliyə səbəb ola bilər. Yəqin ki, Tehran indiki gərgin məqamda Moskvanı itirmək istəməz. Zəngəzur dəhlizi bütün hallarda açılacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
29
50
arantv.az

10Mənbələr