AZ

Qərbi Azərbaycana qayıdışın şifrələri verildi

Prezident İlham Əliyev real olmayanı deməz…
“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”. Prezident İlham Əliyev Aşıq Ələsgərin Bakıda abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən belə deyib.
“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”, – deyə Prezident bildirib. 
Dövlət başçısı deyib ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması qərbi azərbaycanlılarda da nikbinlik hisslərini artırıb: “Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.”
Prezident deyib ki, bu abidənin açılışı  bütün qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: “Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Hikmət Babaoğlu
Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu Prezidentin Aşıq Ələsgərin abidəsi önündə çıxışını tarixi çıxış hesab etdiyini dedi: “Hər şeydən öncə Prezident Aşıq Ələsgəri təkcə ulu ozan kimi yox, həm də tarixi vətənpərvər şəxsiyyət kimi qiymətləndirdi. Bildirdi ki, 1918-ci ildə ermənilərin Azərbaycana qarşı törətdiyi etnik təmizləmə siyasəti nəticəsində məhz 97 yaşlı Aşıq Ələsgər də öz doğma kəndindən, Göyçə mahalından didərgin edilib. Buna baxmayaraq, 3 il Kəlbəcərdə yaşadıqdan sonra, o, yenidən öz doğma kəndinə qayıdıb. Yəni bu, həm də bir fədakarlıq nümunəsidir. Azərbaycan Prezidenti təxminən 100 illik tariximizə ekskursiya edərək həm də bir sosial, siyasi arxeologiya apardı və dedi ki, son 100 ildə Azərbaycan xalqı Ermənistandan üç dəfə deportasiyaya məruz qalıb. Son 100 il demək elə Ermənistan adlı qondarma dövlətin Azərbaycan ərazisində qurulması tarixi deməkdir. Ermənilər dövlət quran kimi  azərbaycanlılara qarşı soyıqırım və  deportasiya siyasəti aparıblar. Prezidentimiz dedi ki, birinci və ikinci deportasiyadan sonra azərbaycanlılar öz tarixi torpaqlarına yenidən qayıtdığı kimi, üçüncü etnik təmizləməyə  məruz qalan azərbaycanlılar da öz tarixi torpaqlarına qayıdacaqlar.
Azərbaycan Prezidenti Qərbi Azərbaycana qayıdışın tarixi-mənəvi kodları ilə bərabər, həm də aparılan siyasətimizi diqqətə təqdim etdi, dedi ki, biz bir gün Aşıq Ələsgərin doğulduğu Ağkilsədə də belə bir tədbir keçirəcəyik. Bu, Prezident İlham Əliyevin apardığı siyasətinə inamıdır və “nəyi nə vaxt etmək lazımdır edəcəyəm” fikirlərinin bir daha təntənəsidir. Çünki Azərbaycan Prezidenti dedi ki, biz real olmayan məsələlər haqqında danışmırıq. Bax, bu, ondan xəbər verir ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası əsasında sülh yolu ilə torpaqlarımıza qayıtmaq üçün Prezident Azərbaycan dövlətinin qüdrəti sayəsində elə bir münbit zəmin yaradacaq ki, biz o torpaqlara qayıdaq. Bu isə qərbi azərbaycanlılarda böyük ümid və inam yaradır. Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlı üçün milli prioritet və milli vəzifədir. Yəni bu təkcə Qərbi Azərbaycana qayıdış deyil, həm də bütövlükdə Azərbaycan xalqının tarixi torpaqlarının bir parçası olan coğrafiyaya millətimizin yenidən qayıdışı, milli-mənəvi dəyərlərimizin yenidən bərpası olacaq”.

Arzuxan Əlizadə 
Deputat, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirdi ki, Qərbi Azərbaycandan 1 milyondan artıq soydaşımız deportasiya olunub. Bu insanların öz tarixi torpaqlarına, evlərinə qayıtmaq arzusu hər zaman olub: “Heç zaman o torpaqlardan imtina edilməyib, tarixi torpaqlarımıza qayıdacağımıza inam nəsildən-nəsilə ötürülüb və bu gün hər bir qərbi azərbaycanlı öz ata-baba yurduna qayıdacağına daha çox inanır. Prezidentin Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında səsləndirdiyi fikirlər bu inamı daha da möhkəmlətdi. Qarabağa qayıtmaq hədəfinə nail olunduğu kimi, növbəti haqlı hədəfimizə də şübhəsiz nail olacağıq. Bu hədəf Qərbi Azərbaycana qayıtmaqdır. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini çox ciddi olaraq ortaya qoyub. Dövlətimizin bu məsələdə iradəsini nümayiş etdirib. Biz Qarabağı azad etdikdən sonra bütün xalqımızda Qərbi Azərbaycana da qayıdacağımız inamı artıb. 1918-20-ci illərdə mövcud olmuş Ermənistan adlı qondarma dövlət cəmi 9 min kilometr əraziyə malik idi. Sovetlər dönəmində ermənilərə azərbaycanlıların daha 20 min kvadrat kilometr ərazisini peşkəş etdilər. Bu, Azərbaycan xalqının iradəsinə zidd olaraq edilmişdi. Bu gün Azərbaycan dövləti və xalqının iradəsi ortadadır. Bu iradənin nəticəsi olaraq necə ki, Qarabağ işğaldan azad olundu, eləcə də ermənilərə sovet dövlətinin verdiyi ərazilərə azərbaycanlıların qayıtmasını təmin edəcəyik. Bu böyük missiyanı həyata keçirmək üçün dövlətimizin siyasəti, yol xəritəsi mövcuddur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
29
1
arantv.az

2Mənbələr