AZ

Ermənistan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir - Əli Nağıyev

Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.

Teleqraf.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, 30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində təbii olaraq itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur:

"Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir. Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilmişdir. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır. Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilmişdir. Həmin Mərkəz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılmışdır".

Əli Nağıyevin sözlərinə görə, cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanmışdır:

"Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir. İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür. Belə ki, cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilmişdir. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar. Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilmişdir. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir. Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır. Lakin dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər. Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür. Eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindəyik. Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır. Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən Konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir. Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi ilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər".


Müəllif: Teleqraf.com
Seçilən
79
7
teleqraf.com

10Mənbələr