AZ

İsrail İranın raket hücumuna qarşı qonşu ölkədəki müxtəlif hədəfləri vuracaq

Bu hədəflər içərisində İranın hərbi və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir. İsrail İranda vurmağı planlaşdırdığı hədəfləri özü üçün illər əvvəl müəyyənləşdirib. Beləliklə, proksi qüvvələr və casus şəbəkələr üzərindən illərdir davam edən İran-İsrail müharibəsi birbaşa toqquşma mərhələsinə qədəm qoyub. İşin içində ABŞ da var.

Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumuzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini arxa plana keçirəcək. Müharibənin uzanması halında bunun Azərbaycan üçün hansı təsirləri ola biləcəyi üzərində düşünmək məcburiyyətindəyik.

Birincisi, İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı azalacaq.

İkincisi, müharibənin şiddəti artarsa və İranda Suriyadakı proseslərin təkrarlanması ehtimalı artarsa, İran vətəndaşları qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sığınmağa çalışacaqlar.

Üçüncüsü, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi artacaq.

Yazdıqlarımız ehtimallara əsaslanan proqnozlardır, biz bütün bunların baş verməsini istəmirik. Bununla yanaşı İsrail-İran müharibəsinin müxtəlif ssenarilərinə hazır olmalıyıq. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib Konstitusiya dəyişikliyinə gedib Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki Ermənistanın özü də İsrail-İran müharibəsinin özü üçün ən pis ssnerailərinə hazır olmalıdır...

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
59
8
visiontv.az

8Mənbələr