AZ

İnternet araşdırması hələ bitməyib - RƏSMİ

Ölkədə 2 aya yaxındır ki, genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. 

GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilər 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN ödəməli olurlar. 

Ancaq bu da faktdır ki, ödənişlərdə artım tətbiq edilmədən öncə bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer almışdı. Yəni internet qiymətlərindəki dəyişiklik qərarı qüvvəyə minmədən öncə də bir sıra şirkətlər vətəndaşlardan yüksək məbləğ tələb edirdilər. 

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirmişdilər ki, məsələ ilə bağlı faktiki araşdırma başlanıb. 

Artıq həmin vaxtdan bir müddət ötüb və ötən dövrdə araşıdrmalar nə ilə nəticələnib? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildiriblər ki, Antiinhisar və İstehlak Bazarına Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə aparılan araşdırma davam edir: 

“Araşdırma yekunlaşdıqdan sonra nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”. 

Seçilən
49
cebheinfo.az

1Mənbələr