AZ

COP29-un Azərbaycanda baş tutması ölkəmizin beynəlxalq statusun dəyişəcəkmi?ŞƏRH

COP29-un

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Bu da təsadüfi deyil. Çünki ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Bu baxımdan, Azərbaycan COP29-u da ən yüksək səviyyədə təşkil edəcək. Nəzərə almaq lazımdır ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

“Ümumiyyətlə, iqlim problemlərinin və onun bəşəriyyətə yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə hər il keçirilən qlobal əhəmiyyətli COP konfranslarının növbəti müzakirə sessiyasının bu il Azərbaycanda baş tutması ölkəmizin beynəlxalq statusunun dəyişməsi ilə müşahidə olunur. Dövlətimiz belə bir mötəbər tədbirə ev sahibliyi etməklə həm dünya ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll yollarının tapılmasına yardım etməyə hazır olduğunu elan edir, həm də baş verməkdə olan enerji keçidi prosesini dəstəkləməklə yeni - yaşıl enerji sahəsində strateji oyunçu statusunu əldə etmək niyyətindədir. Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29 tədbirində dünyanın inkişaf etmiş və inkişafda olan, yoxsul ölkələri arasında müzakirələrin aparılması, iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyə təminatının həll edilməsi kimi qlobal mövzularda fikir mübadilələrinin təşkili rəsmi Bakının diplomatiyasının nüfuzunun artmasına xidmət edir. COP29-a sədrliyi çərçivəsində Azərbaycanın həm ölkə daxilində, həm xaricdə keçirdiyi tədbirlər buna nümunədir. Azərbaycan getdikcə qlobal əhəmiyyətli müzakirələrin ev sahibinə çevrilir və bu, Azərbaycanın gələcəkdə siyasi mövqelərinin güclənməsinə xidmət edəcək”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsi Azərbaycanın Şimal və Cənub, eləcə də Şərqlə Qərb arasında siyasi və iqtisadi nöqteyi-nəzərdən körpü rolunu oynadığını bir daha rəsmən bəyan edir. Belə ki, tədbir çərçivəsində müxtəlif qlobal xarakterli müzakirələrin təşkil edilməsi diplomatiyamız üçün önəmli təcrübə qazandırmaqla yanaşı, ölkəmiz üçün yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar perspektivi açır. Diqqətçəkən digər vacib məqam ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrin, kiçik və ya yoxsul dövlətlərin Bakıdakı konfransda problemlərini və düşüncələrini paylaşa bilməsi, bu tip ölkələrin Azərbaycana rəğbətini artıracaq. Çünki dövlətimiz onlara qlobal problemlərin müzakirəsi baxımından geniş platforma təqdim edəcək. COP29 çərçivəsində atılan vacib addımlardan biri də Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılmasıdır. Bu platformanın məqsədi tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Təsadüfi deyil ki, Bakı Qlobal İqlim Şəffaflığı Platformasını nüfuzlu beynəlxalq təşkilatlar da dəstəkləyir.

Pərvin Kərimzadə qeyd edib ki, beynəlxalq birliyin Azərbaycana böyük etimadı, həmçinin ölkəmizin özünü məsuliyyətli dövlət kimi təsdiqləməsi, eləcə də geniş imkanları ilə bağlıdır. COP29-un BMT-nin ən irimiqyaslı tədbirlərindən biri olduğunu nəzərə alsaq, tədbir çərçivəsində ölkəmizə on minlərlə qonağın, o cümlədən dövlət və hökumət başçılarının gələcəyi nəzərdə tutulur. Paytaxtımızda qlobal iqlim çağırışları ilə bağlı gələcək fəaliyyətlərin yol xəritəsi müəyyənləşdiriləcək. Belə qlobal miqyaslı tədbirləri yalnız Azərbaycan kimi güclü potensialı olan dövlətlər keçirə bilərlər. COP29-a ev sahibliyi hüququnu öz üzərinə götürməklə respublikamız qlobal çağırışlara böyük həssaslıqla yanaşdığını bir daha ortaya qoymuş oldu. Ölkəmizin birmənalı mövqeyi belədir ki, qlobal təhdidlərə qarşı beynəlxalq həmrəylik gücləndirilməlidir.

“COP29-dan əldə olunan təcrübə gələcəkdə müxtəlif qlobal əhəmiyyətli siyasi, iqtisadi və ya humanitar tədbirlərin, konfransların Bakıda keçirilməsinə şərait yaradacaq. Belə ki, Azərbaycan COP29-dan sonra iqlim çağırışları ilə bağlı başqa bir mühüm tədbirə - 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi edə bilər. Atıq ölkəmizin konfransa ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Bütün bunlar göstərir ki, ölkəmiz dünyada qlobal müzakirələrin aparıldığı mərkəz statusunu qoruyub saxlayacaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Seçilən
24
1
azertag.az

2Mənbələr