AZ

“Bunun oyunun qırılma nöqtəsi olduğunu düşünmürəm” - kapitanı De Blekere ilə razılaşmadı

Ötən şənbə keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu ətrafında dartışmalar davam edir.

Tovuz təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını bitirdi, vacib 3 xal itirdi və liderliyi əldən verdi. Xüsusən də tovuzlu azarkeşləri qəzəbləndirən məqam isə Ramon Maçadonun Roderik Milleri zədələdiyi epizodda hakimin verdiyi qərardı. Millerin meydanı tərk etməsi, onu zədələyən rəqib futbolçunun meydanda qalması, üstəlik hesabı açması “Turan Tovuz” futbolçularını da özünən çıxardı.

Oyundan sonra sosial şəbəkələrdə gedən müzakirələrdə əsas tezislərdən biri də budu ki, həmin epizod fərqli dəyərləndirilsəydi, bəlkə də tovuzlular 3 xal itirməzdi. Maraqlıdı ki, baş məşqçi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında məğlubiyyəti həmin epizodla bağlamayıb.

Bəs “Turan Tovuz”un futbolçuları necə düşünür? Son oyunla bağlı yaranan sualları kapitan Şəhriyar Əliyevə ünvanladıq.
- “Araz-Naxçıvan”la oyun barədə fikirlərin? “Turan Tovuz”un məğlubiyyətsiz oyunlar seriyası niyə məhz bu matçda başa çatdı?
- Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib də, biz də istəkliydik. Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır. Ona görə də qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, rəqibi düzgün təhlil etmişdik. Sadəcə, adi səhvlərdən qollar buraxdıq. Çalışacağıq ki, bunları təhlil edib, aradan qaldıraq, qarşıdakı oyunlarda belə səhvlərimiz olmasın.

- Millerin zədələndiyi epizodda Maçadoya qırmızı yox, sarı vərəqə verilməsi günlərdi müzakirə olunur. Bəlkə də sən həmin epizoda hamıdan yaxın idin, ilk etiraz edənlərdən oldun. Gerçəkdən haqqınız yeyildi?
- Gözümün önündə oldu. Mən də qırmızı vərəqə olduğunu düşünürəm. Düzdü, AFFA Hakimlər Komitəsinin sədri buyurub ki, orda qırmızı vərəqə yoxdu. Amma mən belə düşünmürəm. Həmin an hakimə yaxınlaşıb niyə qırmızı vərəqə vermədiyini soruşdum. O da Maçadonun ayağını yığışdırdığını bildirdi. Halbuki ötən il də bizim komandada belə şey baş vermişdi. Amma həmin an qırmızı vərəqə göstərilmişdi. Səbəbini bilmirəm. Deyəsən,Hakimlər Komitəsinin sədri belə bildirib ki, futbolda yeni qaydalar, dəyişiklik baş verib.

- Miller meydanı tərk etmək məcburiyyətində qalmasaydı, nəticə başqa cür olardı? Bu epizodu oyunun qırılma nöqtəsi saymaq olarmı?

- Bunun oyunun qırılma nöqtəsi olduğunu düşünmürəm. Qol buraxdıq, hesabı bərabərləşdirdik, daha sonra təkrar standart vəziyyətdə topu qapımızda gördük. Bəlkə də qırmızı vərəqə verilsəydi, oyun tam fərqli gedərdi. Bu matçda nə qədər çalışsaq da, xal qazana bilmədik. İnşallah qarşıdakı oyunlarda xallar qazanmaq üçün hər şey edəcəyik.

- Kurban Berdıyev mətbuat konfransında rəqibin daha üstün oynadığını desə də, məlum epizoda toxunmadı. Bir kapitan kimi komandanızın əvvəlki turlarla müqayisədə daha zəif oynadığını düşünürsən?

- Məncə, bu mövsümdəki ən zəif oyunumuz idi. Rəqib də oynamağa imkan vermədi. Bu oyunu təhlil edərək qarşıdakı oyunlarda ideal formada olmağa çalışacağıq.

- Uğurlu seriyanın ardından belə nəticə komandadaxili ab-havaya necə təsir edib? Ruh düşkünlüyü olmayacaq ki? Bunun üçün məşqçilər sizlə hansısa söhbət aparıbmı?

- Çempionatda məğlub olmaq da, qələbə qazanmaq da var. Bir oyuna görə bizim komanda əhval-ruhiyyədən düşəcək deyil. Böyük hesabla da məğlub olmamışıq. Düzdü, rəqiblərimiz bizə yaxınlaşır, amma qələbələr qazanıb, bunları unutmağa çalışacağıq. Biz kollektivik, bir ailəyik. Ailə olaraq yığışıb, həmişəki kimi qarşıdakı oyuna hazırlaşacağıq.

- Çempionat başlayandan hamı gözləyirdi ki, “Turan Tovuz”un gücü tezliklə tükənəcək. Həqiqətən belədi? Yoxsa rəqiblər indi sizi daha ciddi təhlil edir?

- Biz necə rəqiblərimizi təhlil ediriksə, onlar da bizi edir. Hər oyunda yaxşı çıxış etmək olmur. Amma bəzən elə olur ki, yaxşı çıxış etməsən də, yaxşı nəticə əldə edirsən. Səhvsiz futbolçu olmur. Hər kəsdə səhv ola bilər. Amma bunları aradan qaldırmağa çalışacağıq.

- Millerin durumu necədi? Növbəti oyuna hazırlıq zamanı gözündəki problem mane olmayacaq?

- Miller dünənki məşqdə iştirak etmədi. Yəqin ki, həkimin müayinəsindən sonra dəqiq cavab veriləcək. Gələn oyuna qədər vaxtımız var. İnşallah, ciddi bir şey olmaz və oyuna tam hazır olar.

- “Turan Tovuz” “Qarabağ”a qalib gələndə də hər kəsi yaxşı mənada təəccübləndirmişdi...

- Çempionatda hamı bir-birindən xal ala bilir. Bunu da hər kəs görür. Düşünürəm ki, ağır keçir. Hər oyuna çıxanda xallarımızı artırmağa çalışırıq.

- “Araz-Naxçıvan”a bu şəkildə uduzmaq növbəti oyunlara necə təsir edəcək? Hədəfiniz yenə çempionluqdu?

- Bizim qarşımıza çempionluq hədəfi qoyulmayıb. Heç kim bizə deməyib ki, çempion olmalısız. Biz komanda olaraq, hər oyuna çıxanda xal və ya xallar qazanmaq istəyirik. Allah nəsib etsə, mövsümün sonunda avrokuboklara qatılmaq istəyirik. Kollektiv olaraq, bunun üçün çalışırıq.

RÖYANƏ OĞUZ

Seçilən
38
football-plus.az

1Mənbələr