AZ

Payız depressiyası cinsi fəaliyyətə mənfi təsir göstərir

İnsanların düşüncələri, fizioloji və psixoloji vəziyyəti, eləcə də digər səbəblər onların cinsi həyatlarına müəyyən qədər təsir edir. Bəzi ekspertlər deyir ki, payız depressiyası insanların həyatının hər sahəsinə, eləcə də cinsi fəaliyyətə mənfi təsir edir.

 

Araşdırmalar da göstərir ki, payız və qış aylarında gün işığının azalması, soyuq hava və həyat tərzindəki dəyişikliklər insanın cinsi istəyinə və fəaliyyətinə təsir edə bilər.

 

Mövsümi affektiv pozuntu əsasən payız və qış aylarında gün işığının azalması ilə əlaqələndirilir. Bu, insan beynində serotonin və melatonin səviyyələrinə təsir edir. Serotonin xoşbəxtlik və müsbət əhval-ruhiyyə yaradan kimyəvi maddədir, melatonin isə yuxu ritmini tənzimləyir. Günəş işığının azalması serotonin səviyyəsini azaldır, melatonin səviyyəsini isə artırır. Bu da öz növbəsində əhvalın aşağı düşməsi, yorğunluq və enerjisizlik kimi simptomlarla nəticələnir. Cinsi istək və aktivlik də əhval-ruhiyyədən və enerji səviyyəsindən birbaşa asılı olduğu üçün bu dəyişikliklər cinsi fəaliyyətin azalmasına səbəb ola bilər.

 

Başqa bir araşdırmaya görə, payız depressiyası olan insanlar həm də daha çox stress və təlaş hissi ilə üzləşə bilərlər. Havaların soyuması və günün qısalması insanlarda daha çox narahatlıq və stress yaradır. Bu vəziyyət cinsi aktivlik üzərində mənfi təsir göstərir, çünki stress insanın seksual istəyini və performansını azaldan əsas amillərdən biridir.

 

Modern.az-a danışan psixoloq Nizami Orucov bildirib ki, cinsi həvəs, istəyin olmaması hallarının fizioloji və psixoloji səbəbləri ola bilər: "Payız ayları depressiyası isə tutqun hava, gündüzün qısalıb, gecənin uzanmağa başlaması səbəbilə bəzi insanlarda baş verən prosesdir. Hansı ki bu enerjidə azalma ilə müşahidə edilə bilər".

 

Psixoloqun sözlərinə görə, cinsi həvəs bilavasitə düşüncələrimiz, stress səviyyəmiz, depressiv hala meyillilik ilə bağlıdır: “Bunun təsiri hardasa zəncirvari şəkildə ola bilər. Amma yenə də cinsi həvəssizlik, istəksizlik hallarında tibbi və psixoloji professional dəstək almaq lazımdır ki, daha dəqiq nəticəyə gəlinsin”.

Seçilən
7
modern.az

1Mənbələr