AZ

Bakıda Şərq və Mərkəzi Asiya ölkələrinin kino marketinin açılışı olub

"Baku Cinema Breeze" beynəlxalq film festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində “Omarket”in (Şərq və Mərkəzi Asiya ölkələrinin kino marketi) açılışı olub.

APA xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova “Omarket” haqqında qısa məlumat verdikdən sonra milli kino sənayesinin inkişafı istiqamətində atılan addımlar barədə söhbət açıb, son bir ildə əldə olunan nailiyyətləri və ötən illərlə müqayisədə, statistik göstəricilərdəki irəliləyişi diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişaf etdirilməsi, bu istiqamətdə araşdırmaların aparılması, problemlərin həll edilməsi və biznes subyektlərinin cəlb edilməsi istiqamətində “Baku Cinema Breeze” festivalının böyük rol oynayacağını qeyd edib. O bildirib ki, yaradıcı insanların öz layihələrini uğurla həyata keçirməsi üçün potensial investorlarla əlaqə yaratmaq, maliyyə mənbələri axtarmaq və doğru platformalar vasitəsilə layihələrini təqdim etmək, film sənayesinin səmərəli idarə edilməsi üçün büdcə idarəçiliyi, resursların idarə olunması və texnoloji yeniliklərin istifadəsi vacibdir.

Açılış mərasimindən sonra Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovun moderatorluğu ilə “Omarket — sənaye lokomotivi, yayım platformaları, birgə istehsal” mövzusunda panel müzakirəsi keçirilib. Mövzu ilə bağlı Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamentinin direktor müavini Maratbek Asanaliev, Gürcüstan Mədəniyyət nazirliyinin, eyni zamanda, Gürcüstan Kino Mərkəzinin nümayəndəsi Giorgi Tskhvediani , “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, rəqəmsal media eksperti Nina Laricheva fikirlərini bölüşüblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, “Baku Cinema Breeze” festivalı çərçivəsində ilk dəfə olaraq Şərq və Mərkəzi Asiya ölkələrinin kino bazarı keçirilir: “Bu bazar böyük potensiala sahibdir. Belə ki, bazarda Kanada, ABŞ, Finlandiya, Avropa ölkələri, eyni zamanda, Hindistan və Koreya şirkətləri də iştirak edirlər. Kino bazarı dünyada yaradıcı sənayenin ən inkişaf etmiş istiqamətidir. Hazırda ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində yaradıcı sənayenin inkişafı ilə bağlı mühüm addımlar atılır. O cümlədən, kino sənayesində iqtisadi göstəricilərin artırılması da qarşıdakı məqsədlər sırasındadır”.

Seçilən
17
apa.az

1Mənbələr