AZ

Cəbrayıl şəhəri günü: yurdun və yurddaşın qürur günü

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan biri Cəbrayıl Qubadlı və Zəngilan kimi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman milli ordumuz tərəfindən işğaldan azad edilən ərazimizdir. 44 gündə düşmənin 30 il ərzində torpaqlarımızda qurduğu keçilməz barrikadalar yerlə yeksan olundu. 30 il düşmən tapdağı altında inləyən, doğmasını gözləyən Qarabağımız anası Azərbaycana qovuşdu. Doğmalarının addım səsi ilə üzü güldü torpaqlarımızın. Bir-birindən gözəl, tarixi və mədəniyyət abidələri, yeraltı-yerüstü sərvətləri ilə zəngin olan yurd yerlərimiz öz sahiblərinə qaytarıldı.

4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Artıq azad torpaqların hər birində müharibə bitən gündən bərpa işləri gedir. Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır. Artıq Böyük Qayıdış Proqramına əsasən ötən ay 36 ailə (117 nəfər) Cəbrayıla qayıdıb.

Cəbrayıla qısa bir nəzər

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan bu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri-dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr- Dağtumas kəndində XIII–XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş, yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuş, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

Xudafərin körpüləri

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu-IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Tarixçilər yazırlar ki, Cəbrayılda nəinki təkcə Xudafərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində mühüm yer alan bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və sair var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu yurd yerlərindən biridir.

Bu zənginlikləri özündə əks etdirən Cəbrayılın sentyabrın 27-də Böyük Mərcanlı, Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, 4-də Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal, 5-də Şıxəli Ağalı, Sarıcalı, Məzrə, 9-da Qaracallı, Süleymanlı, Əfəndilər, 15-də Doşulu, 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri və əhəmiyyətli yüksəklikləri, mövqeləri, bu ərazilərin fonunda isə Xudafərin işğaldan azad edildi.

Oktyabrın 18-də-Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Həmin gün Xudafərinlə sanki üz-üzə dayanıb ona belə söylədim: Azadlığın, növrağın mübarək, Xudafərin. Nə gözəl tarix yazıldı aşırımlarına. Sən axı 1991-ci ildə əldə etdiyimiz müstəqilliyi doyunca yaşamamışdın. Üçrəngli bayrağın üstündə bərqərar olduğun Arazın sularındakı əksini ətrafındakı zirvəsi səmaya toxunan dağlara, sıldırım qayalıqlara yaya bilməmişdin. Bayrağın mübarək, azadlığın mübarək, Xudafərin. Sən Allaha səni yaratdığı üçün təşəkkür edirsən əsrlərdir. Biz azərbaycanlılar da Allaha səni bizə yenidən qovuşdurduğu üçün minnətdarıq, ey ulu yurdumuz, müqəddəs torpağımız Cəbrayılın göz bəbəyi...

Cəbrayıla yeni həyat gəlir

Bütün azad edilmiş torpaqlarımız kimi, Cəbrayıla da yeni həyatla 30 il əvvəlki çağlarından da gözəl mənzərələr bəxş olunur. Nəzərə alsaq ki, dövrümüz 30 il əvvəlkindən daha müasirdir, belə olan təqdirdə bu müasirliyin qədim torpaqlarımıza verəcəyi yenilikləri yaxın gələcəkdə görəcəyik. Qədimliyin fonunda müasirliyin tətbiqi isə hər biri turizm üçün böyük əhəmiyyətə malik torpaqlarımıza gələnləri heyran edəcək.

Dövlətimizin başçısı necə ki, ötən 20 ildə Qarabağın azad olunması üçün yorulmaz fəaliyyət göstərdi, Zəfəri xalqına nəsib etdi, bu gün də həmin torpaqların qədimliyini qoruyub saxlamaqla müasir formada bərpasına rəhbərlik edir. Bu isə bütün azad torpaqlarımıza təbii ki, yeni həyat gətirir...

Cəbrayılda tətbiq olunanlar da yaxın gələcəkdə ata-baba yurdlarına tamamilə qayıdacaq sakinlər üçün bütün yenilikləri əlçatan edəcək. 4 illik xronika bunları deməyə əsas verir.

2021-ci ilin oktyabr ayında dövlətimizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edib, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Memorial Kompleksin və şəhərin bərpasının təməlinin qoyulması da həmin vaxt həyata keçirilib.

2022-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimində iştirak edib. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi olub. Hər iki ölkə rəhbəri “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı 2023-cü ilin may ayında Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Yolun uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı yol boyunca avtomobil körpüləri tikilir. Həmin səfər çərçivəsində ölkəmizin rəhbəri Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinin də təməlini qoyub.

Ötən ilin sentyabr ayında isə ölkə rəhbəri Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanışlıq məqsədilə Cəbrayıla səfər edib. Elə həmin gün Prezident “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bu il də ölkəmizin başçısı Cəbrayıl rayonunda bir neçə yaşayış məntəqəsinin, eləcə də rayonun Karxulu, Maşxanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. May ayında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışını edib.

Cəbrayıl şəhəri günü öncəsi Cəbrayılda

Bu il 2020-ci ildə əldə etdiyimiz şanlı Zəfərin artıq dördüncü ildir. Bu günlər isə Cəbrayılın işğaldan azad edildiyi günlərdir. Bu tarixi gündə dövlətimizin başçısı və birinci xanım yenə Cəbrayıldadır, buraya yenicə qayıdan cəbrayıllıların yanındadır.

Bu gün Cəbrayılda yenə də yeni obyektlər istifadəyə verilir, yeni təməlqoyma mərasimləri keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, rayonun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməli qoyulub.

Bu gün eyni zamanda Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimləri olub.

Beləliklə, Cəbrayıla həyat qayıdır. Cəbrayıllıların ata-baba yurduna qayıtması üçün burada dövlətimiz tərəfindən əsaslı işlər həyata keçirilir. Çox keçməz, cəbrayıllıların hamısı yurduna qayıdar. Cəbrayılda bu gün yaradılan hər şey onların gələcək rifahına xidmət edir.

Mətanət Məmmədova

Seçilən
20
sesqazeti.az

1Mənbələr