AZ

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı növbəti məhkəmə prosesi keçirildi

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmişlər və hüquqi varislər dindirilib.

Zərərçəkmiş Elvin Məmmədovun həyat yoldaşı və hüquqi varisi Gülnaz Məmmədova bildirib ki, ona həm maddi həm də mənəvi ziyan dəyib:

"2015-ci ildə Saatlı rayonundan Bakıya köçmüşük. Yoldaşım Elvin Məmmədov Babək Nəzərovun sexində taxta kəsimi prosesində işləyirdi. O, partlayışda həyatını itirdikdən sonra biz çox çətin vəziyyətə düşdük. Bizim biri 9 digəri 3 yaşında olmaqla iki azyaşlı övladımız var. Mən bizə maddi kömək olunmasını istəyirəm. Kirayədə qaldığımıza görə evlə təmin edilməyimizi istəyirəm".

Digər zərərçəkmiş Fərid Qubadovun həyat yoldaşı Elnarə Qubadova hüquqi varisi qismində çıxış edib:

"Həyat yoldaşım Fərid Qubadov həmin zavodda daş sexini icarəyə götürmüşdü. Öz işçiləri ilə birgə orada işləyirdi. Mənə dediyinə görə onun aylıq 5-6 min manat gəliri olub. İcarəyə götürdüyü obyektin Tağı İbrahimova məxsus olduğunu bilirdim. Amma o, icarə pulunu Anar adlı şəxsə ödəyirdi".

Anar məhkəmə zalında iştirak etdiyi üçün bu faktı təsdiqləyib. Əlavə edib ki, icarə haqqını o, sexdən alıb zavoda ödəyib.

Zərərçəkmiş şəxs sexdə yanğından mühafizə üçün avadanlıqların mövcud olmadığını da bildirib.

Daha sonra hadisə yerində həyatını itirmiş Aydın Atakişiyevin oğlu Bəhram Atakişiyevin ifadə verərək bildirib ki, tək tələbi onlara dəymiş ziyanın ödənilməsinidir.

Əlavə edib ki, A.Atakişiyev Vahid adında şəxsin yanında işləyib. Atası ümumilikdə 10 il zavodda çalışıb.

Növbəti proses 22 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, cinayət işində 44 nəfər zərərçəkmiş qismində tanınıb. Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham verilib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır, həmçinin o, ATV kanalının keçmiş prezidenti olub. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Seçilən
33
e-huquq.az

1Mənbələr