AZ

Qərbi Azərbaycan mövzusu Ermənistanı qorxutdu- Mirzoyan təxribata əl atdı...

Image

Əli Mustafa: “İstənilən halda Ermənistan güzəşt etməlidir”

İrəvan Bakının sülh sazişinin razılaşdırılmış hissəsini imzalamaq üçün siyasi iradəsini görmür və Azərbaycanda “Qərbi Azərbaycan”dan danışılması Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib: “Deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır, amma tərəflər arasında bütün problemləri tənzimləyəcək bir saziş yoxdur. Biz əlimizdə olan sənədi imzalamağı, qalan məsələlərin   müzakirə olunmasını təklif edirik”. 

Mirzoyanın sözlərinə görə, Ermənistanda və Ermənistan cəmiyyətində Azərbaycanın Ermənistanın hesab olunan əraziləri ilə əlaqədar gələcək planları barədə narahatlıq var: “Bu gün Azərbaycan tərəfi Ermənistanın, demək olar ki, bütün ərazisini özündə birləşdirən “Qərbi Azərbaycan”dan danışır”.

Görünən odur ki, erməni rəsmilər Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdacağından əməllicə narahat olmağa başlayıblar.

“Bizə dəyən zərəri ödəməli, Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıtmasına imkan yaratmalıdırlar”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, ermənilər yaxşı bilir ki, indiki Ermənistan Qərbi Azərbaycan torpaqlarında yaradılıb: “Bunu nəinki ermənilər, Rusiya, Qərb də yaxşı bilir. 200 il əvvəl İran, Rusiya və Osmanlı arasında bağlanan sazişlərdən sonra ermənilər Cənubi Qafqaza köçürüldülər. Əsasən də Qərbi Azərbaycan ərazilərinə. Ancaq bununla iş bitməyib. Erməniləri ora köçürməklə yanaşı, orda olan azərbaycanlıları, digər müsəlmanları bir formada sıxışdırıb çıxarıblar. Ona görə də Azərbaycanın soydaşlarımızın geri dönüşü ilə bağlı sərgilədiyi mövqe tamamilə əsaslıdır. Mirzoyanın sülh sazişi ilə bağlı dedikləri isə əsaslı deyil. Məsələ ondadır ki, Azərbaycan öz ərazilərini bərpa etmək üçün 30 il mübarizə, danışıqlar aparıb. Ermənistandan işğala son qoymağı istəyib. Ermənistan isə maksimalist mövqedən çıxış edərək heç nə ilə razılaşmayıb. İndi məğlub bir vəziyyətdə istəyir ki, Azərbaycan onun bütün şərtlərini yerinə yetirsin. Qərbi Azərbaycan məsələsi real bir məsələdir. Yəni iki ölkə arasında hətta sülh sazişi olacaqsa belə, Qərbi Azərbaycan məsələsi olmalıdır. Ən azından ona görə ki, Qərbi Azərbaycandan insanları zorla çıxardıblar. Ermənilər isə Qarabağı könüllü tərk ediblər. Azərbaycanlılar ata-baba torpaqlarında hər cür vəhşiliyə məruz qalıblar. Ona görə də onların geri qayıtması çox vacibdir. Görünən odur ki, ermənilər bundan narahatdırlar. Əslində sülh sazişi layihəsində bunların öz əksini tapması çox vacibdir. Azərbaycanın haqlı iradlarını Ermənistan təmin edərsə, yəni qanunvericilikdə ölkəmizə qarşı ərazi iddiası olmayacaqsa, digər məsələlər yerinə yetiriləcəksə, o zaman sülh sazişi imzalana bilər. Hesab edirəm ki, burada elə çətin bir şey yoxdur. Yaxud da çərçivə sazişi imzalana bilər. Ancaq istənilən halda Ermənistan güzəşt etməlidir. Çünki Ermənistan məğlub tərəfdir. O üzdən, Ermənistan bizə dəyən zərəri ödəməlidir, Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıtmasına imkan yaratmalıdılar. Ona görə də Mirzoyanın nə sərsəmləməsindən asılı olmayaraq Ermənistan bu reallıqla barışmalıdır”.

Vidadi ORDAHALLI





Seçilən
14
baki-xeber.com

1Mənbələr