AZ

Prezidentin adını çəkdiyi Milli Qəhrəman Natiq Qasımov kimdir...

Image

Rasim İsgəndərov: “Natiq Qasımov Vitali Balasanyanla döyüşüb, onu məğlub edib”

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb. Məktubda Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında fikir bildirilib. Qeyd edilib ki, ermənilər Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. 

Məlumat üçün bildirək ki, Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

Natiq Qasımov Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb. Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir: 

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir.  Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə vermir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Onu da bildirək ki, N.Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında N. Qasımovun da adı var. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.

Bildirək ki, Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı”, yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər. Qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Xatırladaq ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkəti Natiq Qasımova həsr olunan “Oğul” sənədli filmini çəkib. Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

“Natiq beş gündən sonra xocalılılar güllələnməsin deyə təslim olub, o təslim olarkən belə əlində üçrəngli bayraq olub”

Hərbçi ekspert Rasim İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan tarixində qəhrəmanlarımız çoxdur və hər birinin özünəməxsus rolu var. Allah bütün şəhidlərimizə rəhmət eləsin: “Məlumat üçün deyim ki, Natiq Qasımov Vitali Balasanyanla döyüşüb, onu məğlub edib. O, hiyləyə əl ataraq Xocalıdan müəllimi gətirib. Onu təslim olmağa məcbur edib. Natiq beş gündən sonra xocalılılar güllələnməsin deyə təslim olub. O, təslim olarkən belə əlində üçrəngli bayraq olub. Natiq Qasımov hər zaman qəhrəman, igid kimi anılacaq. Yaddaşlarda silinməz bir izə malik olaraq qalacaq. Onun bu qəhrəmanlığı Azərbaycan hərb tarixinə qızıl hərflərlə həkk olunub”.

Günel CƏLİLOVA





Seçilən
26
baki-xeber.com

1Mənbələr