AZ

İran-İsrail savaşı Şərqlə Qərb arasında Azərbaycanın rolunu dəyişə bilər...

Image

İranın İsrailə birbaşa raket zərbələrindən sonra İsrail İrana cavab verəcəyinə söz verib. Bütün bunlar qonşuluğumuzda dəhşətli savaşın olmasını istisna etmir. Rəsmi Bakı sərhəd qonşusu olan və milyonlarla azərbaycan türkünün yaşadığı İranla milyardlarla dollarlıq silah aldığı və yaxşı əlaqələrinin olduğu İsrail arasında münasibətlərin pisləşməsinə hələlik reaksiya verməyib. Ekspertlər isə İran və İsrail arasında savaşı qaçılmaz hesab edir.

İsrailin baş naziri Benyamin Netanyahu dəqiq tarix açıqlamasa da, raket zərbələrinin İrana baha başa gələcəyini deyib. İran prezidenti Məsud Pezeşkian isə ölkəsinin müharibə istəmədiyini, lakin istənilən təhdidə daha sərt cavab verəcəklərini açıqlayıb. Başqa bir tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin “Fələstin və Livandan sonra göz dikdiyi yerin Türkiyə olduğunu” söyləyib. Təl-Əviv bu açıqlamaya hələ ki, reaksiya verməyib. İndi maraq doğuran odur ki, İsrail Türkiyə torpaqlarına doğru irəliləyərsə və ya İranla müharibəyə başlayarsa, Azərbaycan necə bir mövqe tutmalı olacaq? Yaxın Şərqdə bu gün baş verənlər Azərbaycan üçün nə deməkdir?  Bu barədə danışmazdan öncə xatırladaq ki, İsrailin Livana hava zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah və İrana yaxın digər yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İsrail cənubdan Livana daxil olaraq hücuma başlayıb. İsrail bunu İranın dəstəklədiyi “Hizbullah”la mübarizə aparmaq üçün lokal, məhdud əməliyyat adlandırıb.

Buna cavab olaraq oktyabrın 1-də İran İsrailə azı 180 raket zərbəsi endirib. İsrailin Livana zərbələri nəticəsində bir milyondan çox livanlı məcburi köçkün vəziyyətinə düşüb. Bunlar fonunda ekspertlər Yaxın Şərqdə baş verənləri çox ciddi və təhlükəli  adlandırır. Çünki bu qarşıdurmalarda iştirak edənlər bütün müasir silahlarla təchiz olunub və hadisələrin baş verdiyi arieal get-gedə genişlənir. Təəssüf ki, proseslər Azərbaycanın sərhəddində baş verir, ona görə də olaylar məcradan çıxsa, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Ekspertlər diqqəti İsrailin İrana cavab verəcəyi, yəni Azərbaycanın qonşuluğuna raket zərbələri yağdıracağı ehtimalına yönəldərək deyirlər ki, zərbələr bir çox əraziləri əhatə edərsə, azərbaycanlıların sıx yaşadığı məntəqələr də hədəfə tuş gələ bilər. Bunlar fonunda ölkəmiz Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə iki dövlətin yaranması ilə orada münaqişənin tezliklə həll olunmasını dəstəkləyir. Amma ekspertlər

İsrailin İran ərazisini vuracağı halda bunun Azərbaycan üçün də mənfi təsirlərinin qaçılmaz olduğunu qeyd edir. Azı ona görə ki, ölkəmiz Fars körfəzindən bir çox daşınmaları həyata keçirir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında quru yolla əlaqə İran vasitəsi ilə təmin olunur.

Onu da qeyd edək ki, Yaxın Şərqdə İran-İsrail arasında müharibə ehtimalının güclənməsi dünya bazarında neftin qiymətini artırıb. İran dünyanın yeddinci ən böyük neft istehsalçısı və OPEC+ təşkilatının üçüncü ən böyük üzvüdür. Qiymət artmasına səbəb neft tədarükündə problemlər yaranacağı ehtimalıdır. Azərbaycan nefti də son günlər bahalaşıb. Ekspertlər bahalaşmanın davam edəcəyini bildirir. Beləliklə, gözlənilən İran-İsrail savaşının təsirləri artıq özünü hiss etdirir. Bütün hallarda hadisələrin gərginliyin artması istiqamətində inkişafı yeni hadisələrin başlaya biləcəyi üçün şərait yaradacağına da təkan verər. Bu isə bölgədə yeni vəziyyətin yaranmasıdır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, iki dövlət arasında olan gərginlik və ya müharibənin hansı səviyyəyə qədər inkişaf edəcəyini gözləmək lazımdır: “Hətta bəzi müşahidəçilər deyir ki, nüvə silahı da istifadə olunacaq. Mən o fikirdəyəm ki, müharibə dövrü uzun çəkməz. İnanaq ki, İranın Qərblə münasibətlərində hər iki tərəf bu və ya digər şəkildə maraqların balansını tapmaq niyyətindədir. Bəlkə də İsrail tərəfindən cavab zərbələri olsa, İranın nüvə obyektləri məhv ediləcək. Bundan sonra da hansısa danışıqların başlanması istisna olunmur”. Bu qarşıdurmanın regiona təsirləri nə ola bilər? Bu suala cavabda keçmiş nazir deyib ki, qarşıdurmanın perspektivdə regiona təsirlərini indi demək bir qədər çətindir: “İstisna olunmur ki, Qərblə münasibətlərdə İranın bu və ya digər şəkildə hansısa çərçivədə danışıqlar dövrü başlayacaq”. Zülfüqarov indiki mərhələdə qarşıdurnmanın İranın daxilində gərginlik yaradacağını güman etmir: “Müharibə olarsa, İranın daxilində gərginlik müharibənin ikinci mərhələsində ola bilər. Əgər İranın daxilində dəyişikliklər baş verərsə, hökumətin təzyiqləri zəifləyərsə bu halda daxili gərginlik mümkün ola bilər. Amma indiki anda bunu gözləmək olmaz”. O hesab edir ki, Azərbaycan bu qarşıdurmada neytral mövqe nümayiş etdirməlidir: “Adi bir məsələyə diqqət yetirək. İndi beynəlxalq uçuşları yerinə yetirən təyyarələr Bakı hava limanına enmək üçün icazələr istəyir ki, hava limanına enib yanacaq götürsün. Bu mənada Azərbaycan neyral mövqedə olmalıdır ki, bu mövqenin faydasından istifadə edə bilsin. Söhbət həm də kommunikasiyalardan istifadədən gedir. Azərbaycanın şimalı və cənubunda olan ölkələr artıq stabillikdən uzaqdır. Azərbaycanda stabilliyi qorumaq üçün bizə yardım edənlər çox olacaq. Çünki qərb-şərq yolları yalnız Azərbaycan vasitəsilə olacaq”.

Tahir TAĞIYEV





Seçilən
23
50
baki-xeber.com

10Mənbələr