AZ

Deputatlar "xarici müdaxiləyə" qarşı mübarizə ilə məşğul olacaqlar

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. 

Bu barədə qərar sentyabrın 30-da parlamentin iclasında qəbul edilib. Komissiyanın sədri deputat Ramid Namazov təyin edilib.

Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar və həmin müdaxilələrin qarşını alması üçün təkliflər hazırlayacaq.

Yeni parlament komissiyası xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatlar verə, zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələr keçirməyə, aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələr qura, komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edə bilər.

Komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti ərzində fəaliyyət göstərəcək.

Bəs sözügedən komissiyanın yaradılması üçün niyə zərurət yaranıb?

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Turana bildirib ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması zamanın tələbidir və mühüm addım kimi dəyərləndirilməlidir: "Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır. Həmçinin Ermənistan hökümətindən vasitə kimi tək Azərbaycana qarşı deyil, qonşu dövlətlərə qarşı istifadə etmək bir sıra Qərbdəki qüvvələrin əsas məqsədidir".

Deputatın sözlərinə görə, Ermənistan Azərbaycan qələbəsini həzm edən bilməyən ölkələrlə əlbir olub Azərbaycana qarşı məkrli siyasət aparır: "Bununla əlaqədar Prezident İlham Əliyevin parlamentdəki çıxışında mühüm mesajlar verildi. Ermənistan və onun arxasında dayanan istənilən ölkə bilməlidir ki, Azərbaycanın dönməz daxili və xarici siyasəti var, müstəqilliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə yönələn təhdidlərin formasından asılı olmayaraq qarşısı birmənalı alınır və alınacaq".

"Bu təhdidlərin qarşısını almaq üçün bizim güclü ordumuz, xüsusi xidmət orqanlarımız var. Bu hibrid müharibə açıq və gizli hərbiləşdirilmiş qeyri-hərbi vasitələrinin geniş spektrini əhatə edən bir metoddur. Onun əsas hədəfləri dövlət və dövlətçiliyin məhvidir. Hibrid oyunçular ölkə daxili agentura və satqınlar şəbəkəsi vasitəsilə qəsdən qeyri-müəyyənlik yaradır, onu gücləndirir", - deyə Nağıyev bildirib.

"Bu gün vətəndaşlarımızın arasında qarşılıqlı etimadın yaradılması hibrid müharibənin təhdidlərini neytrallaşdırmaq səylərinin mərkəzi məqsədi olmalıdır. Buna görə həm də parlament səviyyəsində bu təhlillərin aparılması mühüm məsələdir", - deyə deputat qeyd edib.

Komissiyanın sədri Ramid Namazov 50 saylı Abşeron seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyasından deputat seçilib. 

O, 2005-ci ildən etibarən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində işləyib.
Seçilən
68
3
arqument.az

3Mənbələr