AZ

Aydın Sevinç: Ortaq türk əlifbası ortaq bir dünyanın başlanğıcıdır - MÜSAHİBƏ

Yazar, jurnalist, İYİ Parti Çanakkale Mərkəz İlçe Başkan yardımçısı, bələdiyyələr və Türk Dövlətləri Təşkilatı üzrə səlahiyyətli Aydın Sevinç Bakıvaxtı.az-ın qonağı olub.

Mən yad bir ölkəyə yox, canım Azərbaycana gəldim

- Xoş gördük, Aydın bəy. Azərbaycana xoş gəlmisiniz...

-  Salam. Xoş gördük.

- Deyəsən, Bakıya ilk gəlişinizdir...

Bəli, çox heyf ki, bu, mənim Bakıya ilk səfərimdir. Təbii ki, uşaqlarımın burada yaşaması mənim bir an əvvəl gəlməyimə vəsilə oldu.

Mən Çanakkaledə yaşayıram. Çanakkaledə “İYİ parti”in Yerli Bələdiyyə müdiriyəm. İstanbulda da, Türkiyənin dörd bir tərəfində də Türk Dövlətləri Təşkilatının iclaslarına qatılıram. Afrikaya getdik, Balkanlardakı Türk Cəmiyyətlərini gəzdik.

Yenə deyirəm, bura gəlməyə fürsət olmamışdı. Qismət bu vaxtaymış.

- Türk olmaq sizin üçün nə ifadə edir?

- Türk olmaq başqa dövlətlər üçün çox önəmli olmaya bilər. Keçmiş zamanlarda türklər çox haqsızlıqlara düçar oldu. Türklər həmişə işgəncələrə məruz qaldılar. Amma türk milləti heç bir zaman kin saxlamadı, barbarlıq, vəhşilik etmədi. İki min illik bir dövlət tərbiyəsi ənənəmiz var. Bu iki min illik dövlət tərbiyəsi ənənəmizdə bir çox dəfə dünyanın dörd bir tərəfində hökmdarlıq qurmamıza rəğmən biz heç bir millətə zülm etmədik. Bizim atalarımız istəsəydi, Adriatikdən Çinə qədər, Qafqazdan Avropanın ən dərinliyinə qədər hər kəsi türkləşdirə bilərdilər. O qədər güclü idik. Biz Fatih Sultan Mehmet xan, Yavuz Sultan Səlim, Sultan Süleyman kimi böyük hökmdarların liderliyi ilə fəth etdiyimiz torpaqlarda ilk olaraq insanların namusunu, şərəfini, ləyaqətini, hansı dinə inanırsa həmin dini qorumasına və o dinlə yaşamasına imkan verdik. Bu gün gəlinən nöqtədə yüzlərlə il əvvəl Amerikadakı qızıldərililər yoxdur. Hardadır bu insanlar? Yəni bu insanların nəslinin davamı olması lazımdır, elə deyilmi? Təbii ki, assimliyasiyaya uğradığı gerçəkdir. Mərkəzi Amerikanın, Cənubi Amerikanın vəziyyəti göz qabağındadır. Avropalılar yüz illərdir Afrikanı istismar edirlər. Mən Afrikaya getdim, orada çox gəzdim. Biz türkləri gördükləri zaman çox xoşbəxt olurlar və bunu deyirlər: “Nə zaman gələcəksiniz?”

Baxın, türklər Cənubi Amerikaya gedir. Orada “Yaşasın Türkiyə”, “Yaşasın Mustafa Kamal Paşa” deyə mahnılarımız çalınır. Bizim içimizdə pis niyyətli insanlar da bunu mediada yanlış şəkildə göstərərək, türklər sanki Amerikaya, Avropaya, dünyaya meydan oxuyurmuş kimi qələmə verməyə çalışırlar. Türklərin tək bir dərdi var: türklər dünyada mərhəməti, ədaləti yaratmaq üçün mübarizə aparırlar. Təbii ki, bu mübarizədə bizə çox yaxın dövlətlər var: Qanımız, canımız, bayrağımız bir can Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkistan, Özbəkistan, Pakistan, Macarıstan və yüzlərlə arxadan gələcək olan etnik qruplar.

- Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirirsiniz?

- Xocalıda qətliamlar törədilərkən Türkiyə hər gün kədərlənirdi, ağlayırdı. İnanın buna ki, hər gün evlərdə dualar edilirdi. Buna əmin ola bilərsiniz ki, Qarabağ savaşlarında burada Azərbaycan əsgəri döyüşərkən, biz də hər birimizi Azərbaycan əsgəri sayırdıq. Xəbər büllütenləri, media Azərbaycana çevrilmişdi. Bir Azərbaycan əsgəri şəhid olanda ankaralı, konyalı, elazığlı, rizeli bir əsgər şəhid olmuş kimi evimizdə ağlayırdıq.

Biz niyə Azərbaycan yox, can Azərbaycan deyirik? Çünki canımız birdir, qanımız birdir. Dilimiz bir. Dinimiz birdir. Bu canı son 70-80 ildə qoparmaq istədilər. Türkiyəni yalnız buraxmaq istədilər.

17 avqust 1999-cu il Türkiyə üçün qara, kədərli günlərin başlanğıcı idi. 10 minlərlə insanın öldüyü zəlzələ baş verdi həmin gün. Bizə ilk olaraq kim gəldi, bilirsinizmi? Azərbaycan... Can Azərbaycan...

O dönəm özəl yayım şirkətində çalışırdım. Mövzudan kənar olsa da qeyd etmək istəyirəm ki, 1999-cu ildə yayımlarım səbəbi ilə Türkiyənin ən yaxşı radio jurnalsiti oldum.

Zəlzələ olan dönəm azərbaycanlı dostlarımla oturanda 40 gün boyunca hər birinin gözündən yaş gəlirdi. Çadırlarda yaşadılar, amma 40 gün ərzində bizi tərk etmədilər. “Ölkənizə gedin, ailənizə, uşağınıza dönün” deyəndə, onlar “Bizim məmləkətimiz buradır, bu daşın altında yatan bizim də yaxınımızdır” dedilər. Bizim o gündən sonra münasibətlərimiz çox başqa cür inkişaf etdi.

Ötən ilin fevralında baş verən zəlzələdə də Türkiyəyə ilk qardaş yardımını edən can Azərbaycan oldu.

Bizim kədərimiz bir, sevincimiz birdir.

Bəzi insanlar deyir ki, Azərbaycan kasıbkən Türkiyə yoxdu, Azərbaycan zənginləşdi Türkiyə də bir anda ortaya çıxdı. Ancaq elə bir şey yoxdur. Azərbaycanın Avropaya açılımını təmin etmək üçün ikili işlər qurduq. Nədir bu ikili işlər? TAP, TANAP layihələrinin Avropaya çata bilməsi üçün bir dəhliz yaratmaq lazım idi. Bu dəhlizi əlbəttə, Azərbaycan yalnız başına da edə bilərdi. Amma təhlükəsizlik zəifliyi ola bilərdi. Hər iki dövlətin liderləri oturub danışdılar. Bizim təhlükəsizliyimizi bizdən başqa kim qoruya bilər? Heç kimsə.

Bunu hər kəs bilsin ki, Türkiyə əsla əvvəlki Türkiyə deyil. Bu gün Türkiyə müdafiə sənayesi, silahları, təlim keçmiş kadr potensialı, dünyanın dörd bir tərəfindəki mühəndisləri ilə seçilir. Bu isə bəzi ölkələri narahat edir. Türkiyənin 2 min illik bir dövlət ənənəsi var. Hökümətlər gəlib-keçər. Mən bugünkü hökumət bacarıqlıdır, bacarıqsızdır demirəm və mənim problemim deyil. Bu gün hakimiyyətdə AK Partidir, sabah başqa partiya gələcək. Mən İYİ Parti üzvüyəm. Türk dünyasının yaradılmasına ən önəmli addım atacaq partiyalardan biriyik. İYİ Parti Alparslan Türkeşdən ayrılmış bir partiyadır. Amma biz türklük və imanın bir arada olduğu bir türk dünyası xəyal edirik. Bu, Alparslan Türkeş zamanında da belə idi, Dövlət Baxçalı dönəmində də. İndi biz özümüzə tam müstəqil, yeni Türkiyə üçün yeni bir şeylər inşa etməyə gəlirik. Bu zaman ərzində əlbəttə ki, bizim içimizdə də qırğınlıqlar, üzüntülər başladı. Amma bunu belə düşünün. Məsələn, xəstələnirik və həkim bizə dərman verir. Həmin dərmanları verərkən deyir ki, əvvəlcə qızdırman yüksələcək, sonra enəcək. Bizim qızdırmamız yüksəldi, içimizdəki xəstəlikləri, bütün zəhəri atırıq və qalan bizim bədənimizin özü olacaq. Bizdən ayrılanlar əslində böyük səhv etdilər. Qalanlar bizim, bu məmləkətin bundan sonrakı halına xidmət edəcək insanlar olacaq.

Ortaq əlifba sayəsində anlaşıla bilmədiyimiz sözlərdə birlikdə anlaşacağıq

- Ortaq türk əlifbasının yaranmasına münasibətinizi öyrənmək istərdim…

- Ortak türk əlifbası dünən və ya bu gün yaranan, bir anda ortaya çıxan bir ideya deyil. Uzun illərdir bununla bağlı hazırlıqlar gedirdi.

Əlifbamız 34 hərfdən ibarət olacaq deyə akademiklər böyük bir çalışma edirdilər və ən son halını meydana gətirdilər. Dil birliyinin yaranması üçün əlifba çox önəmlidir. Yəni 400 milyon türk insanının səninlə mənim danışdığımız kimi danışa bildiyi ortaq bir dünyanın başlanğıcıdır. Bu, əlbəttə 8 milyard insanı kənarda buraxıb, onlarla ticarət etməyəcəyik anlamına gəlmir. Amma 400 milyon bir araya gəlsək, ticarətdə, ziyarətdə, turizmdə, təhsil səhəsində, neft sektorunda və ya dağdakı, kənddəki çobanımızla belə daha yaxşı anlaşa biləcəyik. Məsələn, biz Türkmənistandan insanlar gəldiyi zaman bir afrikalı çalışdırmaq yerinə türkmənistanlı qardaşımızla dilimizi anlaşaraq daha yaxşı bir çalışma ortamı yaradacağıq. 400 milyon insanın türkcə danışması dünya dillərindən 400 milyon insanın da əskik ingiliscə, almanca, fransızca danışmaması deməkdir.

- Bu bizə nə qazandıracaq?

- 400 milyon onlardan danışmasa, 400 milyon bizdən danışarsa biz 5%-lik bazanı yaradacağıq. 5%-lik baza nə deməkdir? Bütün dünyada 400 milyon insan düşünsək, 400 milyonun 10%-i 40 milyondur. Hər halda 40 milyon içindən ağıllı çıxar. 40 milyon ağıllı da türk dünyasını idərə etməyə yetərlidir. Bunun 10%-i Türkiyədən, 10%-i Azərbaycandan olar. Amma türk dünyasındakı 10% bəlkə də Mustafa Kamal Atatürk kimi bütün dünyaya səs salacaq. Bu, öz birliyimizi təmin edərək mümkün olacaq. Ortaq əlifba sayəsində anlaşıla bilmıdiyimiz sözlərdə birlikdə anlaşacağıq.

Getdiyimiz yol Böyük Turana aparır

- Azərbaycan mediasını izləyirsinizmi?

- Azərbaycan mediası mənim üçün çox önəmli bir mediadır. Amma bu gündən sonra daha çox önəm daşıyacaq. Azərbaycan mediasını Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ğgeday sevdirdi. Nigar Azərbaycan mediasını Türkiyədə tanıdan bir jurnalistdir. Jurnalist olmağıyla yanaşı Azərbaycanın haqq işini Türkiyədə tanıdan biridir. O, özünü türk dünyasına həsr edib.

Bundan sonra Bakıvaxtı.az da mənim üçün ən önəmli xəbər portalı olacaq.

- Böyük Turan qurulurmu?

 -Turandan əvvəl biz ortaq dildə, ortaq əlifbada anlaşdıqmı? Geriyə ortaq pul qaldı. Ortaq pul yaradılandan sonra Turan özlüyündən yaranmış olurmu? Bəli. Mən çox iddialı sözlər demək istəmirəm. Bu, dövlət adamlarının ortaq alacağı qərardır. Amma biz özəlliklə bunu bilirik ki, dilimiz bir, dinimiz birdir. Bu dillə, dinlə, əlifba ilə göstərmiş olacağımız və gedəcəyimiz yol Turana çıxar.

Bunu hər kəs bilsin ki, türklər gəlir. “Türklər gəlir” demək kiməsə meydan oxumaq kimi çıxmasın. Sadəcə biz öz içimizdəki oyanışın fərqinə varmamışdıq. Bizim kiməsə cihad açmaq, meydan oxumaq, kimlərləsə dava etmək niyyətimiz yoxdur. Bütün türk dövlətləri bir araya gəldiyi zaman türk dünyasının qəzeti də, mediası da bir olacaq. Azərbaycanda türk serialları, filmləri çox məhşurdur. Bu, qardaşlarımızın həm ləhcələrinin, həm dillərinin, həm də ümumi mədəniyyətlərinin inkişaf etməsinə səbəb olur.

- Son olaraq demək istədikləriniz...

- Çox xoşbəxtəm. Çox gözəl bir ölkəyə gəldim. Bura mənim öz Vətənimdir. Mənim uşaqlarım burada çalışır və mənə anladırdılar ki, Bakı çox təmiz, Azərbaycan xalqı çox gülərüzlü, çox qonaqpərvər, hörmətlidir. Gəldim və onların dediklərindən artıq olduğunu gördüm. Burda hər terdə hörmətlə, sevgiylə qarşılandım.

Amma nə yazıq ki, getməliyəm…

Çanakkaledən sizə qucaq dolu salamlar gətirdim, indi də Bakıdan Çanakkaleyə salamlar aparırıram.

Tanrı türkü qorusun!

Mina Mikayılova

Seçilən
16
bakivaxti.az

1Mənbələr