AZ

Elçibəyin müşavirini vuran həkim 23 yaşlı gənci həyata qaytardı - FOTO

Kliniki Tibbi Mərkəzin həkimləri 10 gün komada qalan 23 yaşlı gənci həyata qaytarıb.

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirlib ki, sentyabrın 11-i tarixində 23 yaşlı vətəndaş fosfor üzvi birləşmələrdən zəhərlənmə səbəbilə koma vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
 

Xəstəyə kəskin tənəffüs çatışmazlığı, həmçinin ürək-damar çatışmazlığı diaqnozları qoyulub, stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb.
 

Toksikologiya şöbənin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın zəruri müalicə tədbirləri ilə 10 gün koma vəziyyətində qalan xəstənin səhhətində müsbət dinamika müşahidə edilib.
 

25 günlük stasionar müalicələrlə pasiyetin vəziyyəti yaxşılaşıb və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, 23 yaşlı gənci həyata qaytaran Toksikologiya şöbənin müdiri Azər Maqsudovun hazırda məhkəmə prosesi gedir.

Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb

A.Maqsudovla bağlı işə Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılır.

A.Qorxmaz

Seçilən
10
2
modern.az

3Mənbələr