AZ

Nazir müavini: “Şəfəq” GES Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 14,4 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunda deyib.

O bildirib ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə artırılması planlaşdırılır.

“Bu istiqamətdə atılan ən böyük addımlardan biri ötən il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsidir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və Qafqazda ən böyük günəş elektrik stansiyasıdır. Həmçinin, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonaları elan edilib. Bu bölgələrdə enerji infrastrukturunun tamamilə yaşıl texnologiyalar əsasında qurulması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Məsələn, bir neçə gün öncə Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, “SOCAR Green” və “Azərbaycan İnvestisiya Şirkəti” arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin yaşıl keçid hədəfinin dəstəklənməsinə, Cəbrayılın iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək”, - deyə nazir müavini əlavə edib.

 

Seçilən
9
1
azertag.az

3Mənbələr