AZ

"İqlim dəyişikliyi və miqrasiya: Çıxış yolları" mövzusunda seminar baş tutub - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyi tərəfindən reallaşdırılan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində iqlim dəyişikliyinin miqrasiya proseslərinə təsirini müzakirə edən növbəti seminar keçirilib. Seminarda ekologiya və miqrasiya sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar və digər mütəxəssislər iştirak ediblər.

QHT.az xəbər verir ki, "Azərbaycanda ekoloji miqrasiya məsələləri artıq ciddi əhəmiyyət kəsb edir," - Milli Məclisin deputatı, layihənin rəhbəri Azər Allahverənov bildirib. O, ölkədə təbii fəlakətlər və digər ekoloji səbəblər nəticəsində yaşayış yerini dəyişməyə məcbur olan vətəndaşların sayının artdığını vurğulayıb. "İqlim dəyişikliyi, ekoloji miqrasiya fenomenini daha qabarıq bir problem kimi ön plana çıxarıb və bu, ölkənin daxili miqrasiya proseslərinə mühüm təsir göstərir," - deyə Allahverənov əlavə edib.

Tədbirdə geniş çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva və ekologiya üzrə mütəxəssis Amin Məmmədov, qlobal səviyyədə sürətlənən səhralaşma, su qıtlığı və biomüxtəlifliyin azalmasının yaratdığı miqrasiya axınlarına diqqət çəkiblər. Onlar qeyd ediblər ki, bu dəyişikliklər bir çox bölgədə əhali köçlərinə səbəb olur və bu, həm yerli, həm də beynəlxalq səviyyədə problemlər yaradır.

Seminarda həmçinin Nərmin Qəribova, Məhsəti Hüseynova, Amil Məmmədov və digər iştirakçılar ekoloji miqrantların hüquqlarının qorunması istiqamətində gördükləri işlər və miqrantların əmək fəaliyyətində iqlim dəyişikliyinin yaratdığı çətinliklər haqqında məlumat veriblər. Dövlət Miqrasiya Xidmətinin rəsmisi Kəyan Hacıyev isə beynəlxalq sənədlər çərçivəsində ekoloji miqrasiyanın nəzərə alındığını vurğulayıb və Dövlət Miqrasiya Xidmətinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

Tədbirin sonunda iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Seçilən
33
qht.az

1Mənbələr