AZ

“Bavariya” son çempionla bacarmadı - TURUN ŞƏRHİ

Tur cümə günü Dortmundda start götürdü.

Ötən tur “Ştutqart”dan 5 top buraxmaqla sərt tənqid atəşinə tuş gələn Nuri Şahin və komandası həmin məğlubiyyətə lazımi reaksiya göstərə bildi. Hərçənd “Bohum”la matçın əvvəli faciəvi alındı. “Borussiya” müdafiəçilərin və qapıçının inamsız oyunu üzündən hissənin ortalarında iki top fərqi ilə geri düşdü. Amma hələ fasiləyə qədər fərqi minimuma endirən “arılar” ikinci hissədə daha 3 qol vurmaqla rəqibi “ağ bayraq qaldırmağa” vadar etdilər. “Borussiya”nın cümə günü keçirilən ev oyunlarında 2004-dən bəri məğlubiyyətsiz seriyası davam edir. Komanda cümə günü fanatları önündə ardıcıl 38-ci oyunda uduzmamaqla turnirin yeni rekordunu müəyyənləşdirdi!

Son iki turda qolsuz bərabərlikləri sıralayan “Leyptsiq” bu dəfə “Auqsburq”u darmadağın etdi. Turun əsas sürprizi Frayburqda qeydə alındı. İlk 4 turda hesabına yalnız 1 qol və 1 xal yaza bilən debütant “Sankt Pauli” səfərdə “Frayburq”u darmadağın etdi. “Ştutqart” “Volfsburq” səfərində 1 xalı çətinliklə qazandı. Son saniyələrdə fərqlənərək şvabiyalıları məğlubiyyətdən xilas edən Dəniz Undav ardıcıl 3-cü turda qol sevinci yaşadı. Son iki turda xala həsrət qalan Münhenqladbax “Borussiya”sı ilə “Haydenhaym” uğursuzluq zolağından çıxmağı bacardı. Bu tur bütün diqqətlər Münhenə yönəlmişdi. Kompaninin başçılığı altında ilk 6 rəsmi oyunun hamısında qələbələri sıralayan, ümumulikdə 29 qol vuran “Bavariya” son çempion “Bayer-04”ü qəbul etdi.

Leverkuzen təmsilçisi mövsümün ən çətin səfər oyununda uduzmamaqla ötən ildən bəri davam edən yüksəlişinin təsadüf olmadığını göstərdi. Nəticəni ilk yarıda vurulan iki baxımlı qol müəyyənləşdirdi. Əvvəlcə Andrix künc zərbəsindən sonra topu yerlə uzaq küncə göndərdisə, çox keçmədən Pavloviç möhtəşəm zərbə ilə yerli fanatları ayağa qaldırdı. İkinci hissədə fanatlar qol görmədi və Münhen nəhəngi bu mövsüm ilk dəfə bir oyunda qələbəyə həsrət qaldı. Oyun Keyn üçün uğursuz alındı. Ünlü forvard son 3 ildə ilk dəfə start heyətində meydana çıxdığı çempionat oyununda qapıya zərbə endirə bilmədi! O sonuncu dəfə belə uğursuzluğu 2021-in sentyabrında “Tottenhem”in heyətində “Kristal Pelas”la səfər oyununda yaşamışdı. Bu azmış kimi, Keyn matçın sonlarına yaxın zədələnərək əvəzləndi.

Bazar gününün oyunlarına gəlincə, “Ayntraxt” səfərdə debütant “Holştayn”ı yenərək 2-ci pilləyə yüksəldi. “Bavariya”nın gələn tur məhz Frankfurta səfər edəcəyini bildirək. “Prezero Arena”ya toplaşanlar isə çılğın bir oyunun şahidi oldu. “Hoffenhaym” ilk 12 dəqiqədə “Verder”in qapısından 3 top keçirdi. Amma 18-ci dəqiqədə fransalı müdafiəçi Nsokinin qırmızı vərəqə alması qonaqları ruhlandırdı. Nəticədə “Verder” 28 dəqiqə ərzində 4 top vuraraq uzun müddət unudulmayacaq bir qələbə qazandı.

5-ci tur
Bavariya – Bayеr-04 1:1

Pavloviç, 39 – Andrix, 31. (75000)
Bavariya: Ulrayx, Gerreyro (Laymer, 78), Kim Min Çje, Upamekano, Devis, Kimmix, Pavloviç, Olise (Sane, 78), Musiala, Qnabri (Koman, 65), Keyn (Müller, 86).
Bayer-04: Qradetski, Frimponq, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Belosyan, 90), Andrix, Caka, Terrye (Adli, 58), Virts (Palasios, 90), Bonifeys (Tella, 78).

Borussiya D – Bohum 4:2
Girassi, 44; 75. Əmrə Can, 62-p. Nmeça, 81 – Bero, 16. De Vit, 21. (80000)
Borussiya: Kobel, Kouto (Zyule, 82), Anton, Şlotterbek, Ryuyerson (Bensebayni, 74), Əmrə Can, Qross (Nmeça, 74), Adeyemi, Brandt (Bayer, 74), Gittens (Dyuranvill, 66), Girassi.

Lеyptsiq – Auqsburq 4:0
Şeşko, 11; 15. Openda, 46. Simons, 57. (44407)
Leyptsiq: Qulaçi, Qeertruyda, Orban, Lukeba (Batşiabu, 84), Raum (Henrixs, 75), Zayvald, Aydara (Vermeeren, 75), Nusa (Baumqartner, 65), Simons, Şeşko (Poulsen, 84), Openda.

Volfsburq – Ştutqart 2:2
Vind, 20. Amura, 68 – Miyo, 32. Dəniz Undav, 90+7. (27135)
Ştutqart: Nübel, Vaqnoman (Ştentsel, 86), Ruo, Şabo, Mittelştadt, Karazor, Ştiller, Rider (Fürix, 71), Miyo (Dəniz Undav, 57), Levelinq (Voltemade, 87), Demiroviç (Ture, 71).

Holştayn – Ayntraxt F 2:4
Maçino, 30-p.; 50 – Marmuş, 25; 65. Matanoviç, 47. Tuta, 74. (15034)
Ayntraxt: Santos, Kristensen, Amenda (Mahmud Dahud, 46), Kox, Teate, Larsson (Skiri, 86), Tuta, Çaibi (Knauff, 83), Marmuş, Dina Ebimbe (Can Uzun, 68), Matanoviç (Götse, 68).

Hoffеnhaym – Verder 3:4
Bülter, 5; 8. Hlojek, 12 – Malatini, 21. Staqe, 26; 39; 49. (26018)
Hoffenhaym: Baumann, Kaderjabek (Bruun Larsen, 76), Akpoquma, Qrillitş (Stax, 46), Nsoki, Prass (Jandre, 46), Umut Tohumcu, Bişof, Hlojek, Bülter (Moerştedt, 69), Berişa (Dreksler, 27).

Borussiya M – Union 1:0
Çvançara, 90+6. (53056)

Frayburq – Sankt Pauli 0:3
Saad, 12; 72. Afolayan, 45. (34700)

Maynts-05 – Haydenhaym 0:2
Piringer, 15. Şöppner, 86. (31500)

1. Bavariya 5 4 1 0 17-4 13
2. Ayntraxt F 5 4 0 1 11-6 12
3. Leyptsiq 5 3 2 0 8-2 11
4. Bayer-04 5 3 1 1 14-10 10
5. Borussiya D 5 3 1 1 11-9 10
6. Haydenhaym 5 3 0 2 10-7 9
7. Frayburq 5 3 0 2 8-7 9
8. Ştutqart 5 2 2 1 14-10 8
9. Union 5 2 2 1 4-3 8
10. Verder 5 2 2 1 8-11 8
11. Borussiya M 5 2 0 3 6-8 6
12. Maynts-05 5 1 2 2 8-10 5
13. Volfsburq 5 1 1 3 10-11 4
14. Sankt Pauli 5 1 1 3 4-6 4
15. Auqsburq 5 1 1 3 7-14 4
16. Hoffenhyaym 5 1 0 4 9-15 3
17. Bohum 5 0 1 4 5-11 1
18. Holştayn 5 0 1 4 7-17 1


Bombardirlər: Marmuş (Ayntraxt F) – 6, Keyn (Bavariya) – 5.

Növbəti turun oyunları oktyabrın 4-6-sı aralığında keçiriləcək: Auqsburq – Borussiya M, Bayеr-04 – Holştayn, Bohum – Volfsburq, Ayntraxt F – Bavariya, Haydenhaym – Lеyptsiq, Sankt Pauli – Maynts-05, Union – Borussiya D, Ştutqart – Hoffеnhaym, Verder – Frayburq.

Turun rəqəmi
1 – “Verder” üçün Zinshaym səfəri faciəvi başlandı və möcüzəvi sonluqla yekunlaşdı. Bremen klubu tarixində ilk dəfə bundesliqa çərçivəsində 3 top fərqi ilə geridə olduğu qarşılaşmadan qələbə ilə ayrıldı! Hətta bir qədər də irəliyə getsək, turnirin tarixində buna qədər ilk 12 dəqiqədə 3 top buraxandan sonra qalib gələn komanda olmamışdı.

Turun ulduzu
Omar Marmuş (Ayntraxt F) – “Verder”dən Staqenin 23 dəqiqə ərzində reallaşdırdığı het-trikə baxmayaraq, biz üstünlüyü misirli forvarda veririk. Çünki Marmuş “Holştayn” səfərində 2 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyərək komandasının vurduğu 4 qolun hamısında yaxından iştirak etdi. 25 yaşlı futbolçu 5-ci turda vurduğu qolların sayını 6-ya çatdırmaqla bombardirlər yarışında hətta Keyni də geridə qoydu. Yeri gəlmişkən, buna qədər “Ayntraxt”ın heyətində mövsümün ilk 5 turunda 6 qol vuran futbolçu olmamışdı!

Turun sitatı
Harri Keyn, “Bavariya”nın forvardı:
“Mənə qarşı edilən kobudluğun qarşılığı bəzən hətta qırmızı vərəqə də olur. Ümumilikdə durumum pis deyil. Amma topuğumda ağrılar hiss edirəm. Tibbi müayinədən sonra hər şeyə aydınlıq gələcək. İndiki məqamda özümü normal hiss edirəm. Zədənin ağır olduğunu və uzun müddətə sıradan çıxdığımı düşünmürəm. Təəssüf ki, qalib gələ bilmədik. Həvəsdən düşməməli və eyni əzmlə davam etməliyik”.
Seçilən
14
football-plus.az

1Mənbələr