Fransada ifrat solçu “İnadkar Fransa” (LFI) partiyasından olan parlament üzvü Tomas Portes “change.org” saytında FİFA-nın İsraili bütün beynəlxalq futbol yarışlarından kənarlaşdırması üçün petisiyaya başlayıb.

İndex.az xəbər verir ki, Avropa və Şimali Afrikanın bir çox ictimai xadimləri imza kampaniyasını dəstəkləyiblər.

Kampaniyanın bəyanatında dünyanın 11 aydır Qəzzada davam edən soyqırımına şahidlik etdiyi bildirilib və bu soyqırımın indiyədək davam edən işğal və blokada çərçivəsində həyata keçirildiyi diqqətə çatdırılıb.

Açıqlamada bölgədə 92 fələstinli futbolçunun həyatını itirdiyi və Qəzzada idman üçün istifadə edilən infrastrukturun tamamilə məhv edildiyi bildirilib, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya və Belarusun beynəlxalq idman yarışlarına qadağa qoyulduğu xatırladılıb.

Bəyanatda FİFA-nın məsuliyyəti öz üzərinə götürməsi və İsrailin beynəlxalq yarışlara qadağa qoyulması tələb olunub.

Avropa və Şimali Afrikadan olan ictimai xadimlərin dəstəklədiyi kampaniyaya imza atanlar arasında LFI Parlament Qrupunun sədr müavini Mathilde Panot, Belçika parlamentinin üzvü Malik Ben Achour, mərakeşli aktyor Ouidad Elma və Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis də var.