AZ

“Məktəbdə rüşvətin verilməsinin birinci günahkarı valideyndir” - MÜSAHİBƏ

Gülnarə Abbasova: "Az qalıram ərizə yazım ki, məni ucqar rayona müəllim göndərsinlər"

“Qabaqcıl təhsil işçisi”:
 "Sosial şəbəkələr müəllimləri ucuzlaşdırıb"

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu gün təhsilin ən böyük yükü məhz müəllimlərin çiyinləri üzərindədir. Modern.az saytı Müəllimlər Günü münasibətilə 32 ildir müəllimlik fəaliyyəti ilə məşğul olan “Qabaqcıl təhsil işçisi” Gülnarə Abbasova ilə həmsöhbət olub.


- Müəllim olmaq qərarına necə gəlmişdiniz, təsadüf idi, yoxsa öz istəyiniz olub?
 

- Orta məktəbi qızıl medalla bitirəndə ən böyük arzum həkim olmaq idi, amma tarix müəllimim deyirdi ki, tarix müəlimi ol, riyaziyyat müəllimim isə riyaziyyat müəllimi olmağımı istəyirdi. Müəllimliyə, öyrətməyə həvəsim həmişə olsa da, həm anam həkim olduğu üçün, həm də sevdiyim ixtisas olduğuna görə həkim olmaq istəyirdim. Mən məzun olduğum dönəm təhsildə biliyə deyil, pula önəm verilirdi. İki il dalbadal imtahan versəm də, sonda bir fəndən kəsilirdim. Düzdür, talehə və qismətə inanmırdım, amma sanki müəllim olmaq mənim alın yazım idi. 1991-ci ildə qəbullar bitdikdən sonra əlavə qəbul elan edildi. Beləcə, Gəncə Pedoqoji Universitetinə qəbuldankənar vaxtda imtahan verərək, ibtidai sinif müəllimliyinə qəbul olundum, daha sonra rayonda işə girdim. Lakin mən ibtidai sinif müəllimi olmaq istəməmişəm, buna görə də 1993-cü ildə yenidən test üsulu ilə  imtahan verdim və Azərbaycan Pedoqoji Universitetinin Filologiya fakültəsinə daxil oldum. O gün bu gün filoloqam.


- Sizcə, nümunəvi müəllim necə olmalıdır?
 

- Savadı, biliyi qoyuram bir kənara, bunlara müəllim şərtsiz sahib olmalıdır. Müəllim ilk növbədə əxlaqı, davranışı, insanlığı ilə nümunə olmağı bacarmalıdır. Psixoloji cəhətdən şagirdləri duya bilməli, onları ələ ala bilməlidir. Nümunəvi müəllim olmaq üçün müəllim daim üzərində işləməlidir, neçə il işləməyindən, neçə yaşında olmağına baxmayaraq yeniliklərə açıq olmalıdır.


- Bəzi müəllimlər düşünür ki, şagirdlərlə müəllimlər arasında ciddi fərq qorunmalıdır, bəziləri isə əksinə,  şagirdlərlə dost olmağın tərəfdarıdır. Siz bu düşüncələrdən hansına qatılırsınız, hansı daha effektiv təhsilə şərait yaradır?
 

- Mən burada ikinci tip müəllimlərdənəm. Mən uşaqlara da həmişə deyirəm, “Dərs bitdi, biz dostuq”. Onlar sirlərini də mənə deyə bilərlər, məndən məsləhət də ala, nəsə istəyə də bilərlər. Birinci tip müəllimlər isə əsasən öz baryerlərini aşa bilməyən müəllimlərdir. Şagirdlərlə araya ciddi sərhədlərin qoyulması təhsilin keyfiyyətinə də təsir edir. Şagird müəllimə sual verməkdən qorxur, çəkinir. Sevilmək ciddiyətlə ölçülmür.
 

- Şagirdlərə yanaşmanız fərdidir, bəs bu ayrı-seçkilik yaradır?
 

- Diferensial yanaşma mütləqdir, əgər bu cür yanaşma olmasa, təhsildə uğur qazanmaq mümkün olmaz. Sinifdə olan 20-30 şagirdin hamısı eyni səviyyədə ola bilməz və bu cür yanaşma şagirdlər arasında ayrı-seçkilik yaratmır, əksinə, bərabər imkanların bölünməsinə şərait yaradır. Şagirdlərə tapşırıq veririk, amma hər kəsin bilik səviyyəsi bərabər deyil. Bəziləri üçün çətin olaan sual, digəri üçün çox asan və sıxıcı gəlir. Müəllim şagirdlərini tanıyaraq əvvəlcədən alternativ tapşırıqlar hazırlayır, bu, bərabər imkanların paylanmasıdır. Çünki hər kəslə  eyni səviyyədə çalışıram, amma eyni zamanda fərdi yanaşmadır. Bunsuz müəllim uğur qazana bilməz. Şagirdlər bu zaman özlərini individual hesab edirlər.
 

- Rəqabətyönümlü pedoqogika haqqında nə düşünürsünüz?
 

- Fərdi yanaşma sistem səviyyəsində özünü göstərmir. Diaqnostik qiymətləndirmələr zamanı hər bir müəllim şagirdinin potensial imkanını nəzərə alaraq ona fərdi yanaşsa da, bunu summativlərdə reallaşdırmaq mümkün deyil, burada ayrı-seçkilik yoxdur. Rəqabətyönümlü pedoqogika əslində uşaqların yaradıcı tərəflərini inkişaf etdirməyə çalışır. Sadəcə olaraq təəssüf ki, bu, müəllimlər tərəfindən düzgün anlaşılmır. Müəllimlər şagirdlər arasında sağlam rəqabət yaratmalıdır ki, inkişafa yol açsın. Bu cür pedoqogikanı mənfi tərəfə çəkənlərdən biri də valideynlərdir, onlar uşaqlar arasında mənasız müqayisəsi buna səbəb olur. Unutmaq olmaz ki, şagirdlərin aldığı qiymət onların savad göstəriciləri deyil.
 

- Şagirdlər günün əksər hissəsini məktəbdə keçirir, onların formalaşmasında müəllimlər, mühit önəmli rol oynayır. Bu baxımdan məktəbdə cəmiyyətə faydalı fərdlər necə yetişdirilməlidir?
 

- Müəllim ilk növbədə özü nümunə olmalıdır, hər şeyi ilə - əxlaqı, davranışı, səs tonu, uşaqlara müraciəti, dəhlizdə özünü aparmağı ilə və özü necədirsə, şagirddən də onu tələb etməlidir. Mənim idealım Azərbaycan dili və ədəbiyyatı müəllimim olub – iflic olmuşdu, amma öz hərəkətləri, savadı ilə hər kəsə nümunə idi. Onun da şagirdləri ona bənzəmək istəyirdi, buna görə də hər biri cəmiyyətə faydalı insanlar kimi yetişdi. Hər məktəbdə nadinc, dərs öyrədilməsi çətin uşaqlar olur, ancaq əsl müəllim onları da ələ ala bilməlidir. Müəllimlər şagirdlərə yaradıcı yanaşmalıdır ki, ona qulaq assın, ondan örnək alsın.
 

- İstər məktəbdə, istərsə də universitetdə müəllimlər öz həyatlarından misallar çəkir, öyüd-nəsihət verməyə çalışır, bəzən dərs kənarda qalır. Bu cür subyektiv nəsihətlərə yanaşmanız necədir?
 

- Bu nə müəllimin vəzifəsidir, nə də onun hüququdur. Mən də öyüd-nəsihət verirəm, amma baxır kimə, harada, necə... 45 dəqiqədə heç bir müəllimin ixtiyarı yoxdur ki, dövlətin ona verdiyi proqramı kənara ataraq şagirdə öyüd- nəsihət versin. Şagird dərsi poza da bilir, davranış pozuntuları ilə qarşılaşa bilərik, amma bu məsələlərin tənzimlənməsi dərsdən sonra olmalıdır. Hiperaktiv uşaqlar olur, sakit dayana bilmirlər, sinifdə mən onlara şərait yaradıram ki, istədikləri kimi otursunlar, lap ayaq üstə dayanıb dərsə qulaq assınlar, mənim üçün vacib olan həmin şagirdin müəllimə, özünə və digər uşaqlara hörmət qoyması, dərsi pozmaması, nələrsə öyrənməsidir. Bundan başqa, müəllimlər dərs zamanı hər hansı problemlərlə qarşılaşırsa, bunu birbaşa sinif rəhbərinə deməlidir, çünki şagirdlərin problemlərini həll etmək onların öhdəliyindədir. Sinif rəhbərləri davamlı olaraq valideynlərlə ünsiyyətdə olmalı, iclaslar keçirməlidir, valideynlərlə dərsdənkənar, fərdi və kollektiv söhbətlər edilməlidir. Problemlərin üçtərəfli ünsiyyətlə həll edilməsi təbii ki, daha effektiv olacaq.
 


- Cəmiyyətdə müəllimlərə yanaşma sosial medianın aktiv istifadə olunduğu bu dövrlərdə daha fərqlidir. Müəllimlərin geyim tərzindən tutmuş, aldıqları hədiyyələrə qədər hər şey cəmiyyətdə ciddi müzakirə olunmağa başlayıb. Siz bu proseslər haqqında nə düşünürsünüz?

 

- Sosial şəbəkələr müəllimləri ucuzlaşdırıb. Nümunəvi müəllimləri sosial şəbəkələr paylaşmır, maraq göstərmir, uğurlarını sanki görməzdən gəlir. Ancaq hansısa neqativləri görən kimi hamısı paylaşır. Müəllimlərin şagirdlərlə səmimi ünsiyyəti, davranışı sosial mediada bəzən mənfi tərzdə paylaşılır, sanki müəllim uşaqlarla mahnı oxuya, valeybol oynaya, səyahətə gedə bilməz. Müəllimlər Günü yaxınlaşan kimi sosial mediada rüşvət məsələsi aktuallaşır. İlk növbədə valideynin müəllimə gül, hədiyyə alması bir mədəniyyətdir, mən demirəm ki, müəllimlər üçün pul yığılmalıdır və s. bu yolverilməz prosesdir. Ancaq Müəllimlər Günündə müəllimə gül almaq hörmətin göstərişidir. Təəssüf ki, bunlar sosial mediada tamamilə fərqli tərzdə göstərilir.
Geyimə gəldikdə isə müəllim hər şeyi ilə nümunə olmalıdır. Geyim mədəniyyətinə əməl etməlidir ki, qarşısındakına öyüd verəndə, şagird deməsin ki, sən kimsən mənə nəsə deyirsən. Müəllim özü bu haqda düşünməlidir. Sosial şəbəkələr olsun, jurnalistlər olsun - yaxşı nümunələr göstərməlidir, çünki cəmiyyətdə müəllim streotipi yaranıb, hansı ki o rüşvət alandır, pis geyinəndir, savadsızdır. Cəmiyyətdə bu cür fikir yarandığı təqdirdə təbii ki, müəllimə hörmət də azalacaq, təhsilin keyfiyyəti də düşəcək. Yaxşını təbliğ etmək lazımdır, mən demirəm ki, pisi göstərməyin, təbii ki, o da göstərilməlidir, amma ajiotaj halına gətirib bütün fikiri onlara vermək düzgün deyil.
 

- Məktəblərdəki rüşvətlə bağlı nə düşünürsünüz, şəraiti kim yaradır?
 

- Məktəbdə rüşvətin verilməsinin birinci günahkarı valideyndir. Valideyn pul verməsə, müəllim bunu tələb edə bilməz. Məncə, heç bir müəllim qüruruna bunu sığışdıra bilməz. Direktorlar da olur ki, vəzifələrindən sui-istifadə edir, bu insanın şəxsi keyfiyyətindən aslıdır. O cür direktorlar üçün təhsil önəmli deyil, təsadüfən gəlib çıxıblar ora, mən onlara pedaqoq deyə bilmirəm. Müəllim ən şərəfli peşədir, bu gün istər bəzi müəllimlər, istər bəzi şagirdlər, istərsə də digər təsirlər müəllimlik anlayışını nüfuzdan salıb. Məktəb müqəddəs məkandır, ora nə rüşvət girməlidir, nə artıq səmimiyyət, nə də başqa şey.
 


- Sertifkasiya imtahanlarına münasibətinizi öyrənmək istəyirik. Suallar, həmin suallara cavab verə bilməyən müəllimlərlə bağlı fikirləriniz necədir?

 

- Sertifkasiya imtahanının tərəfdarıyam. Mən öz potensiyalımı da bilirəm, digər müəllimin də, niyə onunla eyni maaşı almalıyam? Savadlı müəllimlər bu cür imtahanlarla öz fərqlərini göstərə bilirlər. Sertifkasiya imtahanı keçirilən ilk vaxtlar müəllimlərə də başa salmağa çalışırdım ki, bu sizin üçün bir tramplindir, özünüzə inamdır. Suallar isə çox primitiv idi. “Mən müəlliməm” deyən hər kəs minumum 40 bal toplaya bilərdi həmin imtahanlardan. 10 sual isə daha çətin idi, hansı ki o sualları hər müəllim yaza bilməzdi, buna qarşı çıxanlar oldu, amma elə də olmalıdır, yaxşı ilə pis o cür seçilir. Vaqifin “Hayıf ki, yoxdur” şeirinin janırını bilməyən ədəbiyyat müəllimi ərizəsini yazıb işdən çıxmalıdır. Neçə faiz müəllimin o sualı səhv yazdığını görəndə mən ağladım. Onu da deyim ki, ölkəmizdə keçirilən sertifkasiya imtahanı dünya təcrübəsi ilə ayaqlaşmır, heç bir ölkədə məcbur sertifkasiya imtahanı yoxdur. Müəllim işə qəbul üçün imtahan verir və daha sonra işlədiyi yer onu qane etmirsə,  sertifkasiya imtahanı verərək daha yaxşı məktəbə gedir, həmçinin, müəllimlərin işləməsi üçün valideyn rəyi önəmlidir. Təbii ki, bunun üçün bir az zaman lazımdır, ilk növbədə SSRİ dövründə pulla inistitut oxuyan, şansla məktəbdə dərs deyən müəllimlər ələnməlidir.
Sertifkasiya ilə bağlı digər problem, müəllimlərin balla qiymətləndirilməsidir. Bu müəllimlər arasında streslə yanaşı, mənasız rəqabət də yaradır. Texniki problemlər olur, əzbərləyib imtahana gedən müəllimlər olur, köçürmələr olur. Sonra şansı gətirən və ya əzbərləyərək imtahanda iştirak edən müəllim 50 baldan yuxarı nəticə toplayır və praktikada ondan qat-qat üstün olan, müəyyən texniki və digər səbəblərə görə balı az gələn müəllimi saymamağa başlayır, özünü ondan üstün tutur. Müəllimlərin keyfiyyət göstəricisi onun yetişdirdiyi şagirdlərdir. Nəticələr rəqəmlərlə deyil, bu cür də ölçülməlidir.
 

- İllərdir müzakirə edilən, qarşı çıxılan mövzulardandır biri də müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanla bağlıdır. Siz bu haqda nə düşünürsünüz?
 

- Bu imtahanın tərəfdarı deyiləm, MİQ imtahanı birbaşa Elm və Təhsil Nazirliyinin statusunu aşağı salır. Ölkədə ali təhsil müəssələri nazirliyin nəzdində olan müəssisələrdir. MİQ imtahanı o deməkdir ki, nazirlik ali məktəbdə verdiyi təhsili inkar edir, universitetin diplom verdiyi gənci müəllim kimi qəbul etmir. Müəllimin MİQ imtahanı onun yetişdirdiyi tələbələrdir. Həmçinin müəllimi müəllim edən onun praktiki bilikləridir, əgər universiteti bitirmiş bir gəncə bir neçə il dərs demək imkanı tanılmasa, o, sadəcə test əzbərləyib imtahanı keçməklə məşğul olacaq. Təhsilin keyfiyyətini artırmaq üçün bu cür imkanlar yaradılmalıdır, daha sonra davamlı monitorinqlər keçirilməlidir. Mən özüm də şahidi olmuşam ki, 59 balla MİQ imtahanı ilə işə başlayıb, dərsində oturursan ki, heç bir biliyi yoxdur, ona müəllim demək belə çətindir. Vakant yerlərə müəllimlərin yerləşdirilməsi üçün imtahana ehtiyac duyulur, amma imtahana bu qədər qarışıq suallar salınmamalıdır. MİQ-lə bağlı sual verdim, mənə dedilər ki, rəqabət o qədər çoxdur ki, biz yaxşının yaxşısını tapmağa çalışırıq.
 

- Amma bu imtahan sistemi yaxşının yaxşısını Bakıya yönəldir, düzgün qəbul edirsinizmi bu yanaşmanı?
 

- Çox təəssüf ki, elədir. Az qalıram ərizə yazıb nazirliyə müraciət edim ki, məni ucqar rayonlardan birinə müəllim göndərsinlər. İmtahanla regionlara düşüb, sonra o vakant yerindən imtina edən insanlara müəllim demək düzgün deyil, həmin insanlar öyrətmək istəmir. Qax rayonuna getmişdim, baxdım ki, məktəbə balaca bir tikilidir. Soruşuram ki, burada nə qədər şagird təhsil alır, mənə deyirlər ki, 15 şagirdə cəmi 2 nəfər müəllim bütün fənlərdən dərs keçir, məktəb də 6 illikdir. Daha sonra uşaqlar rayon mərkəzində təhsillərini davam etdirmək məcburiyyətində qalırlar, hansı ki həmin uşaqlar qışda gedə bilmirlər məktəbə, kimin qohumu mərkəzdə yaşayırsa, məcburən onun evində qalmalı olurlar. Ancaq ucqar rayonlarda o qədər potensiallı uşaqlar var ki, təəssüf ki, həmin potensial üzə çıxa bilmir.



- Gəlin sizin dövrlə indinin şagird-müəllim, direktor-müəllim münasibətlərini müqayisə edək, fərq çoxdurmu?

 

- Direktor - müəllim münasibətlərində ciddi fərq görmürəm. Bu subyektiv yanaşmamdır, müəllimin nüfuzuna uyğun direktor ona ya hörmət qoyub, ya da qoymayıb. Mən harada işlədimsə, direktorlardan həmişə hörmət görmüşəm. Amma müəllim-şagird münasibətində yerlə göy qədər fərq var. Təəssüf ki, mənfiyə doğru gedirik. 20 il əvvələ qədər səviyyə qorunurdu, şagird müəllimdən siqaret istəmirdi, müəllimin yanında yemək yemirdi, indi ilk dəfə müəllimin qarşısına keçən şagird saqqız çiynəyir. Fərqi yoxdur o məktəbdədir və ya hazırlıqdadır, müəllimə həmişə hörmət də qoyulmalıdır. Biz həmişə SSRİ dövrünü pisləyirik, yaxşı tərəflərini görməzdən gəlirik. Amma həmin dövrdə olan yaxşı şeyləri saxlamaq lazımdır, bura mədəniyyət, müəllimlərə yanaşma kimi məsələlər aiddir. Təhsil sistemimiz isə şükürlər olsun həminki dövr kimi deyil. SSRİ dövründə təhsil rüşvətin əsasında qurulurdusa, bu gün imtahanlar ən şəffaf şəkildə həyata keçirilir. İmtahanlarda hansısa rüşvət, tapşırıq müzakirə mövzusu belə deyil. Bu günün özünəməxsusluğu şagird-müəllim münasibətində səmimliyin, dostluğun olmasıdır. Biz müəllimlərə büt kimi baxırdıq, qorxurduq onlardan, bu, böyük baryer idi, pedoqogikada buna yer yoxdur. Amma çox sərbəstliyi də düzgün qəbul etmirəm, hər şey öz yerində olmalıdır, müəllimlər bu münasibəti ən incə detalına qədər tənzimləməlidir.
 

- Gülnarə xanım, siz Azərbaycan dili və ədəbiyyatı müəllimisiniz, dilimizə qarşı yanaşmamız birmənalı deyil, müəllimlərin burada rolu, problemin səbəbi və həll yollarını nədə görürüsünüz?
 

- Hansı dövlətdə yaşamağından aslı olmayaraq ilk növbədə o dövlətin dilini mükəmməl bilməlisən. Dilini bilməyən adam nə anasını sevəcək, nə vətənini sevəcək, nə dilinə hörmət qoyacaq, nə də başqa dil öyrənə biləcək. Mən ilk növbədə Azərbaycan vətəndaşı olaraq qarşıma çıxan bütün dil problemlərini nöqsan kimi göstərməkdən çəkinmirəm, sosial mediada da davamlı olaraq paylaşıram, lazımi qurumlara belə müraciət edirəm. Mağazanın adı düzgün yazılmayıbsa, gedib iradımı bildirirəm və düşünürəm ki, bu mövzuda ciddi pul cəzaları qoyulmalıdır. Dilə hörmət hər yerdə olmalıdır, gündəlik danışığımızda, evdə, məktəbdə vulqar sözlərdən istifadədən qaçmalıyıq. Ailə üzvlərim, şagirdlərimin, bir sözlə ünsiyyətdə olduğum hər kəs vulqar sözlərdən istifadə etdikdə onları başa düşmürəm kimi reaksiya verirəm. Onlar da istər-istəməz cümləni yenidən, tam Azərbaycan dilində qururlar, bu cür yanaşma olmalıdır dilə. İlk növbədə özümüzdən başlamalıyıq, daha sonra konkret qurumlar bu işlərlə ciddi məşğul olmalıdır, cərimə mexanizmindən istifadə olunmalıdır. İstər dövlət qurumları, istərsə özəl şirkətlər - öncəliyi xarici dil biliyinə yox, Azərbaycan dilinə verməlidir. Dilimizə ciddi tələb yaranmalıdır ki, insanların da dilimizə münasibəti düzəlsin.
 

- 32 ildir müəllim fəaliyyəti ilə məşğul olsanız da, danışıq müddətində görürük ki, ilk günkü kimi həvəslisiniz öyrətməyə, bu istək haradan qaynaqlanır?
 

- Mən heç vaxt ikinci olmaq istəməmişəm, istəmişəm lider olum, davamçılarım da gəlsin arxamca. Öyrətməyə və öyrənməyə çox açığam, heç vaxt paxıllıqla yanaşmamışam, istəmişəm bildiklərimi hər kəsə öyrədim, özüm də utanmamışam öyrənməkdən. Özümdən gənc müəllimlərin dərslərində oturub yeni şeylər öyrənməyə çalışıram. Yeniliyə çox açığam, bu çox önəmlidir. İstər müəllim ol, istərsə başqa ixtisas sahibi - işində uğur qazanmaq istəyirsənsə, yenilikçi olmalısan, yeni nəsillə ayaqlaşmalısan. Əsasən də pandemiya dövründə özümü inkişaf etmək imkanım oldu, xarici nümunələr öyrəndim, təlimlərə qoşuldum, hələ də kompüter biliklərindən tutmuş, təhsil sahəsindəki bütün yenilikləri öyrənməyə çalışıram. Bu yolda xərclərdən qaçmıram, düşünürəm ki, bu mənim ən böyük var-dövlətimdir.
 

- Müəllim olmasaydınız hansı ixtisası seçərdiniz?
 

- Həkim olardım, o mənim uşaqlıq arzumdur. Bəzən düşünürəm ki, indi hazırlaşım, sonra görürəm yaş imkan verməz...


- Müsahibəmizi oxuyan müəllimlərə, şagirdlərə, direktorlara, valideynlərə tövsiyəniz nə olardı?
 

- İlk növbədə pedaqoqları Müəllimlər Günü münasibətilə təbrik edirəm. İstəyirəm ki, o müəllimlər əsl pedaqoq olsunlar. Müəllimlərə tövsiyəm odur ki, öz üzərlərində daim işləmələridirlər, neçə yaşda olmağından aslı olmayaraq həmişə axtarsınlar-araşdırsınlar. Həyat dinamikdir, davamlı öyrənməsən, inkişaf edə bilməyəcəksən, əgər müəllim öyrənmək istəmirsə, ərizəsin yazıb işdən çıxsın.
Valideynlərə tövsiyəm budur ki, müəllimlərin işlərinə çox qarışmasınlar. Təhsilə subyektiv yanaşma çoxdur, bu səbəbdən mən pedaqoq olaraq davamlı axtarıb ən yaxşı metodları istifadə edirəm. Onsuz da valideynin əsas işi müəllimlə daim ünsiyyətdə olmasıdır. Övladının təhsilini ikinci plana atmamalıdır.
Müəllim, valideyn, şagird üçbucağı daim inkişaf etməlidir.
Direktorlar isə neqativ hallara yol verməməlidir, müəllimlərin savadına görə onlara dəyər verməlidirlər, irəli çəkməlidirlər. Bir kəlmə ilə - direktor lider olmalıdır. Arxadan gələni özünə rəqib görməməli, əksinə, onların inkişafı üçün çalışmalıdır.

Seçilən
92
modern.az

1Mənbələr