AZ

İsrail Beyruta ağır zərbələr endirdi

 

  Livanın paytaxtı Beyrutun cənubunda bir-birinin ardınca şiddətli partlayışlar baş verib.

  Məlumata görə, İsrailin Livana son 24 saatda təşkil etdiyi hücumlar nəticəsində 37 nəfər ölüb.

  Amerika Birləşmiş Ştatlarının ''Axios'' xəbər platformasının israilli rəsmilərə istinadən yaydığı xəbərdə hücum zamanı sentyabrın 27-də öldürülən ''Hizbullah'' lideri Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiyuddinin hədəf alındığı iddia olunub.

  Hücumun necə nəticələndiyinə dair məlumat verilməyib. İsrailin hücumla bağlı bəyanat vermədiyi bildirilib.

  Qeyd olunub ki, Livan və Suriya arasındakı Əl-Məsnə sərhəd buraxılış-məntəqəsi də İsrail ordusunun hücumuna məruz qalıb.

  Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

  Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 37 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilib.

  Oktyabrın 8-dən ''Hizbullah''la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-dən Livanın paytaxtı Beyrut və cənubuna, həmçinin Bekaa və Baalbek bölgələrinə hava zərbələri endirərək yüzlərlə adamı qətlə yetirib.



Seçilən
0
trt.net.tr

1Mənbələr