AZ

Alman-fransız silah qrupundan Ukraynaya böyük dəstək – “Sezar”-ların böyük partiyası Kiyevə göndəriləcək

Ukrayna ordusu Fransa və Almaniyaya məxsus KNDS qrupundan “Sezar” özüyeriyən artilleriya qurğularının böyük partiyasını alacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastiyan Lekornu X səhifəsində bildirib.

“Kiyevdə keçirilən sənaye forumu çərçivəsində KNDS Ukraynaya 12 “Sezar” özüyeriyən silahın tədarükü üçün müqavilə imzalayıb”, - məlumatda deyilir. Qeyd olunur ki, tədarükün maliyyələşdirilməsi Ukrayna hesabına həyata keçirilir.

Lekornu əlavə edib ki, saziş Fransanın Ukraynanın müdafiə qabiliyyətinin artırılması səylərinin bir hissəsidir və Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstək məqsədi daşıyır.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Fransa Ukraynaya dəstək üçün artilleriya koalisiyası yaradıb. Koalisiyada Belçika da daxil olmaqla 25 ölkə yer alıb. Onlar artıq təhvil verilmiş 6 “Sezar”-dan əlavə, Ukraynaya daha 72 silah sistemi verməyə razılaşdılar.

Daha əvvəl “Sezar” özüyeriyən silahların istehsalçısı olan Almaniya-Fransa cütlüyünə məxsus KNDS silah şirkəti Ukraynada filialının yaradıldığını elan edib.

Hazırda Ukraynada nə qədər “Sezar” özüyeriyən silahın olduğu məlum deyil. Bununla belə, 2024-cü ilin aprelinə olan məlumata görə, döyüşlərdə Ukrayna tərəfi Fransada istehsal olunaraq yük maşınlarına quraşdırılmış “Sezar” özüyeriyən artilleriya sistemlərinin yüksək hərəkət qabiliyyətinə görə 10%-dən az hissəsini itirib.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr