AZ

Dünyada ilk "çətir universitet": Türkiyə-Azərbaycan Universitetindən REPORTAJ

Türkiyə-Azərbaycan Universitetində (TAU) tədrisin ikinci həftəsi sona çatır. 84 tələbənin təhsil aldığı TAU bu gün həm Azərbaycanın, həm də türk dövlətlərinin diqqət mərkəzidir.

 

Modern.az Türkiyə-Azərbaycan Universitetinin qonağı olub.

 

Universitet qısa müddətdə fəaliyyətə başlasa da, bütün yeni texnologiyalar və laboratoriyalarla tam təmin edilib. Ali təhsil ocağında tədris otaqları ilə yanaşı tələbələrin asudə vaxtlarını keçirməsi üçün xüsus yer ayrılıb.

 

Dünyada ilk "çətir universitet" modeli

 

Azərbaycan Texniki Universitetinin (AZTU) tərəfdaşlığı ilə fəaliyyət göstərən universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən dəvət olunub.

 

AZTU-nun mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi, qida mühəndisliyi, sənaye mühəndisliyi ixtisasları üzrə 86 tələbə təhsil alır. Kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin, sənaye mühəndisliyində isə İstanbul Texniki Universitetinin proqramı əsasında tədris aparılır:

 

"Türkiyə-Azərbaycan Universiteti dünyada ilk “çətir universitet” modelidir. Yəni ali təhsil müəssisəsi ölkəmizdən Azərbaycan Texniki Universitetinin, qardaş ölkədən isə İstanbul Texniki Universitetinin, Orta Doğu Texniki Universitetinin və Hacettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərir".

 

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanıb. Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

 

Sevinc İsgəndərovanın sözlərinə görə, hazırda TAU-da Türkiyədən gələn müəllimlər tədrisə cəlb edilib.

 

Türkiyəli müəllimlər isə tərəfdaş universitetlər tərəfindən xüsusi  olaraq yönləndirilib. Bu gün TAU-da çalışan müəllimlər illərdir tərəfdaş universitetlərdə dərs deyən müəllimlərdir".

 

TAU-da idarəetmə sistemi bölümlər və bölüm rəhbərləri formasında qurulub. Hər bölüm rəhbəri sadəcə öz bölümünə rəhbərlik edir. Qəbul prosesi isə Azərbaycanın qəbul sistemi əsasında, yəni Dövlət İmtahan Mərkəzinin imtahanı vasitəsilə həyata keçirilir.

 

Universitetin qida mühəndisliyi bölüm rəhbəri Ümran Uygunun sözlərinə görə, qida mühəndisliyi ixtisası Hacettepe Universiteti nin proqramı əsasında həyata keçirilir:

 

“Bizim bölümə ilk tədris ilində 27 tələbə qəbul edilib. Hazırda onlarla birlikdə tədris proqramımız başlayıb. Türkiyədə bu ixtisasın keçmişi  40 il əvvələ dayanır. İlk başlarda Türkiyədə də çox məşhur deyildi, bu gün isə geniş yayılan ixtisaslardan biridir. Burada da eyni şeyləri görürük, qida mühəndisliyi ixtisası bəzi ali təhsil müəssisələrində mövcud olsa da, çox tanınmır. Düşünürəm ki, zamanla Azərbaycanda da bu ixtisasın yayılmasına nail ola biləcəyik. Bir neçə universitetdə bu sahə ilə əlaqəli ixtisaslar olsa da, TAU kimi laboratoriyaya, geniş infrasutruktura malik müəssisə yoxdur. TAU-nun bu ixtisas vasitəsilə Azərbaycandakı qida sənayesinin böyük bir boşluğunu dolduracağını düşünürəm.

"Azərbaycan öz mütəxəssislərini yetişdirəcək"

 

O bildirib ki, Azərbaycan qida sanayesi sahəsində Türkiyədən dəstək alır, ancaq bundan sonra buna ehtiyac qalmadan öz mütəxəssisləri vasitəsilə mövcud problemləri aradan qaldıra biləcək: "Biz 4 il boyunca burada kadrlar hazırlayacağıq. Qarşıdakı illərdə Türkiyədə magistr, doktorantura təhsili alan tələbələri də işçi kimi qəbul edəcəyik. Bu sahədə olan problem ancaq Türkiyədən müəllim gətirərək həll edilə bilməz. Bu sadəcə müvəqqəti həll yoludur. Biz burada Azərbaycanın öz müəllimlərini yetişdirəcəyik. Amma bunun 4-5 ildə olacağını düşünmürəm. Bu uzun müddət davam edəcək prosesdir”.

 

Universitet Xətai rayonu,  Xocalı prospekti 30 ünvanında yerləşir. Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcə ayrılıb.

 

TAU-nun qida mühəndisliyi ixtisasının tələbəsi Tofiq Zeynalov bildirib ki, burada yaradılan şərait gözlədiyindən daha yaxşıdır: “İkinci həftə müddətində özümdə ingilis dilindən irəliləyiş hiss edirəm. Hazırda yalnız hazırlıq təhsili aldığımız üçün yalnız ingilis dili keçirik. Türkiyəli müəllimlərlə də ancaq ingiliscə danışdığımız üçün hansısa çətinlik yaşamırıq”.

“Bu gün burada olmaqdan çox xoşbəxtəm. Müəllimlərimiz çox yaxşı, səmimidirlər. Bu da bizim təhsil almağımıza müsbət təsir edir. Bu gün hər birimiz dərslərə həvəslə gəlirik”, - ixtisasın digər tələbəsi Ayan Əhmədli deyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.

 

"Tələbələr olduqca istəkli və həyəcanlıdır"

 

Kompüter mühəndisliyi ixtisasında dərs deyən Metin Özdemir deyir ki, tədrisin yeni başlamasına baxmayaraq tələbələr çox istəkli və həyəcanlıdır:

 

"Bütün müəllimlərimiz tələbələrimizin olduqca bacarıqlı olduğunu qeyd edir. Bizim gəldiyimiz Orta Doğu Texniki Universitetinin tələbələri Türkiyənin ən bacarıqlı tələbələri arasındadır. TAU-nun tələbələrinin də olduqca potensiallı olduğunu görürük. Hər iki ölkənin tələbələri olduqca bənzərdir. Burada məqsəd ilk ildə tələbələrin ingilis dilini uğurlu şəkildə qavramasıdır. Bu şəkildə tələbələrimiz öz bölümlərinə getdikləri zamanı rahat şəkildə qaynaqları əldə edib öyrənə bilsinlər. Tələbələrimizin məzun olduqdan sonra uğurlu kadrlar olmasının hədəfləyirik. İmtahanlarımız ODTÜ proqramından istifadə etdiyimiz üçün, imtahanlarımız da həmin proqram çərçivəsində aparılır. İmtahanlarımız yeni başlayıb, proqram çərçivəsində kiçik və böyük imtahanlarımız olur. Bu imtahanların nəticəsində də ümumi profil haqqında təsəvvür formalaşacaq".

 

1385243

1385244

Seçilən
6
2
modern.az

3Mənbələr