AZ

“Kontakt Home” müştərini aldatmaqda ittiham olunur - Dövlət Xidməti hərəkətə keçdi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırıb.

İqtisadiyyat.az xəbər verir ki, “Kontakt Home” satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmaqda, eləcə də malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmaqda ittiham olunur.

Buna görə də Dövlət Xidməti ötən ay “Kontakt Home” barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 444.2-ci və 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Qeyd edək ki, İXM-in 447.0.1-ci maddəsində deyilir ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. 444.2-ci maddədə isə deyilir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəllər də “Kontakt Home” barəsində qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Seçilən
18
7
iqtisadiyyat.az

8Mənbələr