AZ

136 nömrəli məktəbdə Müəllim Gününə pul yığılmasına Rəsmi AÇIQLAMA

Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi R.M.Sadıqov adına 136 nömrəli məktəbdə vəsait toplanması ilə əlaqədar valideynlər qrupunda yayılan səs yazısı ilə bağlı məktəbdaxili araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Qurumun sorğumuza cavabını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan – SƏS YAZISI


“Araşdırma zamanı 1b sinfinin valideynləri  tərəfindən belə bir təşəbbüsün olduğu müəyyən edilib.

Bununla bağlı müəllim və valideyndən izahat alınıb. Valideynlərin bu təşəbbüsündən müəllimin xəbərsiz olduğu aşkar edilib. Bu kimi təşəbbüslərin yolverilməzliyi haqqında pedaqoji kollektiv üzvləri, xüsusilə sinif rəhbərləri və valideynlərlə müvafiq söhbətlər aparılıb. Məktəb rəhbərliyi tərəfindən müəllimlərə məktəbin fəaliyyətinə aid olmayan valideyn təşəbbüsünü dəstəkləməmək və uyğun olmayan təşəbbüslərə qarşı birgə mübarizə aparmaqla bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib. Qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır və nəticələri barədə məlumat veriləcək”.

Məlumatda o da bildirilir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin tənzimlənməsi  ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrinə göndərilən təlimata və "Təhsilverənlərin etik davranış qaydaları"na riayət etmək müəssisə rəhbərlərinin və təhsilverənlərin nəzərinə çatdırılıb:

“Həmçinin ümumi təhsil müəssisələrində hər hansı formada vəsait toplanması ilə əlaqədar konkret faktlar olduğu təqdirdə valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anonim müraciətlər istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və fakt təsdiqini tapdığı təqdirdə müvafiq tədbirlər görülür. Valideynlər, müəllimlər və məktəb rəhbərləri də bu kimi məsələlərdə qəti və aydın mövqe tutmalı, xoşagəlməz hallara qarşı birgə mübarizə aparmalıdırlar”.

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr