AZ

“Qarabağ” niyə uduzdu?

Başlıqdakı sual hamı kimi məni də çox düşündürür. Birdən-birə nə oldu bu komandaya? Ciddi heç nə dəyişməyib, eyni yolu gedirlər, amma nəticə eyni deyil. Bəs nə baş verib? Müəyyən fikirlərim var bu barədə, yazım, siz də düşünün.

İki səbəb görürəm: cari və ümumi.

Cari məsələ aydındır. “Qarabağ” formada deyil. Həm fiziki cəhətdən hazırlıq lazımi səviyyədən uzaqdır, həm də ardıcıl yenilgilərdən sonra psixoloji cəhətdən çətinliklər var. Dünən Qurban Qurbanov da bunu nəhayət, etiraf etdi. Dedi ki, bəzi oyunçularımız idman formasından uzaqdır. Biz yazır, deyirdik, Hoca razılaşmırdı, indi razılaşdı. Yadımdadır, 2013-cü ildə ÇL-in təsnifatında “Skenderbeu”ya uduzanda rəhmətlik Böyükağa Hacıyev də eyni cür davranmışdı. Olur belə şeylər.

Ümumi problem isə bir qədər geniş mövzudur. Əslində, bu barədə çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, ancaq məsələ yenə aktuallaşıb. Konkret dünənki oyun buna bir daha rəvac verdi.

Bir az uzaqdan başlayaq.

Deyir, “Yüz dəfə imama ağlayanda, bir dəfə də yezidə ağlamaq lazımdı”. Yəni “Qarabağ” uduzdu, oynaya bilmədi, özünə oxşamadı, enişdədi, problemləri var, bu öz yerində, amma rəqib də az iş görmədi. Haqqına danışmaq lazımdı.

Matçdan öncə geniş analiz yazımda belə bir bənzətmə aparmışdım ki, “Malmö” oyun tərzində özünü “Mançester Siti”yə bənzədir. Zarafat da eləmişdim ki, formaları da oxşayır, bəlkə ona görədir. Zarafatlıq iş deyilmiş. Soyuq isveçlilər işi ciddiyə alıb, ortaya ciddi çalışma qoydular. Əslində, bunu oyundan öncə yazmaq istəyirdim, amma özümə “bunlar hara, o hara” deyib, rəqibə yuxarıdan-aşağı baxmış, “bacarmazlar” deyə düşünmüşdüm. Bacarırlarmış.

Mənə elə gəlir ki, “Malmö” müasir futbolun ən yeni tendensiyası, formalaşmaqda olan dəbi sayılan - relativ (relasion) futbolu oynadı. Bu oyunun xeyli zəif nöqtələri var deyə, onu oynamaq üçün çox yüksək səviyyəli ifaçılara, ciddi heyət keyfiyyətinə malik olmaq lazımdı. Yoxsa bu avantüradır. Görünən də odu ki, “Malmö” bu avantüraya getdi və alındı.

Nədi bu relativ futbol? Loru dildə desək, “məktəb futbolu”nun ən üst səviyyəsi. Yaxud da məhəllə futbolunun (3 həftə sonra “Ayaks” gəlir Bakıya, onlar da bu oyunu oynaya bilərlər). 4-5-ci siniflərdə oynadığınız futbolu yadınıza salın. Taktika yox, strategiya yox, topu vururlar qabağa, top hara getsə bütün 22 (yəni meydanda kim varsa) nəfər ora qaçır, kimsə götürür, vurur başqa yerə, yenə hamı ora qaçır. Xaosdu. Relativ futbol futbol bunun idarə olunan, məntiqli formasıdı. Tətbiqi çətindi, amma alınanda rəqibin kimliyindən, gedişatdan asılı olmayaraq qarşısıalınmazdı. Bunun bir formasını hazırda “Yuventus”da Tyaqo Motta eləməyə çalışır. Başqalarında da var, ən təzə misal kimi “Qoca sinyora”nı çəkdim.

İndi dünənki oyunu yadınıza salın: Zubirə top gəlir, adam başını qaldırır, görür ki başının üstündə azı 5 nəfər var. Hamısını aldada bilməyəcəyindən, topu ya arxaya atır, ya da yanındakına. Eyni şey də Juninyonun, eyni şey Benziyanın başına gəldi. Hətta birinci hissədə məşqçi Yassini ortadan sağ cinaha çəkdi ki, daha rahat oynasın, ilk iki-üç hücumda alındı, sonra yenə bu “məhəllə uşaqları” gəlib, “söhbəti bağladılar”. Meydanın sanki hər nöqtəsində vardılar.

Asan deyil bunun öhdəsindən gəlmək, “Qarabağ” da gələ bilmədi. Normaldır, yeni bir şeydir, buna birdən-birə çıxış yolu tapmaq çətindi. “Malmö”nü də alqışlamaq lazımdı. Bu oyunu 90 dəqiqə oynamaq prinsipcə mümkün deyil, riskdi, güc də çatmaz. Sona yaxın isveçlilərin vaxt aparmağa çalışmasının səbəbi də bu idi. Həm hesabı qoruyurdular, həm də əldən düşmüşdülər, yorğunluq əzirdi onları. Amma yenə də plana sona qədər riayət elədilər. Başqa, daha güclü komandalara qarşı bu oyun uğurlu alınmaya bilər, buna qədər alınmamışdı da. Amma bizə qarşı alındı. Deməli, rəqib bizi yaxşı analiz etmişdi, alınacağını bilirdi. Nəticəsi tablodadır.

Gəlirik cavaba. Belə sürprizlərlə qarşılaşmamaq üçün həmin sürprizlərin bir-ikisi sürprizlikdən çıxmalıdır. Daxili çempionatda çıxmalıdır. Yaxşı, güclü çempionatımız olsa, müasir futbolun tendensiyaları bura da gəlib çıxar. Güclü məşqçilər ölkəmizə gəlib həmin yenilikləri tətbiq edər, bunun üçün yaxşı futbolçular gətirər, həmin yaxşı futbolçular da bura gəlməyə etiraz etməz, yaxşı bir futbol məkanı qurulardı. “Qarabağ” və digər təmsilçilərimiz öz liqamızda bərkə-boşa düşər, sınaqdan çıxar, “Tottenhem” də olmasa, “Malmö” kimi komandalara təslim olmazdı.

Stajlı futbol azarkeşləri xatırlayarlar: Azərbaycanda 4-lü müdafiəni ilk dəfə bəlkə də Qyoko Hacıevski geniş tətbiq etmiş, öyrəşdiyimiz liberolu (son müdafiəçi) sistemin köhnəldiyini göstərmiş, arxivə atdırmışdı. Sonra o bunu millidə etdi, çempionatda da Vlastimil Petrjela kimi tanınmış mütəxəssis də eyni addımı atdı, digərləri də həmçinin bu yenilənmə prosesinin həm iştirakçısı, həm də hərəkətverici qüvvəsi oldular. Qurban Qurbanovun “Qarabağ”da işə başlama dövrü də təxminən həmin vaxta düşür. Hoca həmin dövrün tələblərini yaxşı öyrənmiş, sonra müxtəlif böyük klublarda qonaq olaraq orda gördüklərini də təcrübəsinə əlavə eləmişdi. Nəticəsini illərdi görürük, hər il yazılan yeni tarixə şahidlik edirik. Qurban öz işini görüb, görməkdə də davam edir. İndi növbə digərlərindədi (klublarımızda ancaq yeyinti ilə məşğul olmaqdan çəkinib, arada iş görsələr, nəsə alına bilər). Onlar tətbiq etməli, müxtəliflik yaratmalıdı, “Qarabağ” kimi komandalar da öz çempionatındakı bu rəqabət mühitində bişməli, “Malmö” səddinə belə asan ilişməməlidi. Bura infrastruktur, oyun sürəti, hakimlik səviyyəsi və digər vacib faktorları da əlavə etsək, problemin kompleks xarakterli olduğu anlaşılar.

“Qarabağ” həmin “Qarabağ”dı. Heyət də normaldır, oyun da həmin oyundur. Bəli, eniş var, problemlər var, amma xüsusi, ciddi heç nə dəyişməyib. Dəyişən bizim baxış bucağımızdı. Elə bilir(d)ik ki, bu böyük uğur qrafiki daima yüksəlişə doğru istiqamət alacaq, biz də heç nə eləməyib, oturub alqışlayacaq, zövq alacağıq. Elə olmur, cənablar. İşləmək lazımdı. Azərbaycan futbolu özünün dib nöqtəsini çoxdan keçib və bunun günahkarı “Qarabağ” deyil. “Qarabağ”ın hesabına tozu xalçanın altına süpürüb “hər şey əladır” deyən zehniyyət bütün bunların səbəbkarlarıdır. Ölkədə futbola cavabdeh olmuş şəxslər bu elədiklərinə görə cavab verməli, indi cavabdeh olanlar isə ciddi iş görərək durumu düzəltməlidi. Yoxsa bu “Malmö”ləri hələ çox görəcək, çox üzüləcək, bir müddətdən sonra isə onlara da həsrət qalacağıq.

Seçilən
144
50
vaxt.az

10Mənbələr