AZ

Xırdalanda yeznə-qayın arasında qanlı DAVA

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Aydın bacısını həyat yoldaşı Şəmsəddinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 9-da, gecə saat 1 radələrində Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Rahat Market” adı ilə fəaliyyət göstərən mağazanın qarşısında baş verib. 

Aydın orada yeznəsi Şəmsəddin ilə, sonuncuya bacısından ayrıldıqdan sonra övladları ilə maraqlanmamasını irad tutması səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən çəkiclə, yumruq və ayaqla bədəninin müxtəlif nahiyələrinə vurub. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şəmsəddin onun bacısı Aysel ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nikahdan 2 azyaşlı övladları var: “Bacım oğlu Namiqin ad günü oldu. Namiqin başında şiş olduğu üçün Şəmsəddinə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazdım ki, uşağınla niyə maraqlanmırsan, uşağın ad günüdür. Bu zaman Şəmsəddin də cavab yazdı ki, mənə nə uşaq lazımdı, nə də heç kim. Bundan sonra Şəmsəddinlə uşağın xəstəliyi ilə əlaqədar bir az yazışdım. Bundan sonra Şəmsəddin mənimlə kobud danışdı. Mən də onunla  görüşmək istədiyimi bildirdim. Mənə dedi ki, ailə işimə qarışma. Mən də saat təxminən 1 radələrində qardaşım Nazimlə birlikdə Şəmsəddinin dediyi yerə getdim. Orada Şəmsəddinlə görüşdük”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Şəmsəddin heç bir əsas olmadan onu söyməyə başlayıb: “Mən də ona uşağı ilə niyə maraqlanmadığını dedim. Elə bunun üstündə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Şəmsəddin sol əli ilə başımın sağ nahiyəsinə yumruq zərbəsi endirdi. Mən də özümü qorumaq üçün əlim ilə onun sifətindən vurdum. Bundan sonra Şəmsəddin avtomobilə qaçaraq çəkic götürərək məni vurmaq istədi. Mən də onun əlindən çəkici aldım. Şəmsəddin məni vurmaq istəyəndə ona həmin çəkiclə zərbə endirdim. Lakin birinci Şəmsəddin məni vurub. Həmin vaxt qardaşım Nazim bizi ayrmağa çalışıb. Sonradan isə Nazim bizi ayırdı. Mən də Nazimlə evimizə getdim. Həmin vaxt Namiq orada Şəmisəddini  vurmayıb. Şəmsəddini yalnız mən vurmuşam. İndi Şəmsəddindən üzr istəyirəm və məni bağışlamasını xahiş edirəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şəmsəddinin sözlərinə görə, hadisə günü gecə saat təxminən 1 radələrində evdə olan zaman qaynı Aydın ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq oğlu Namiqin şəkilini göndərib və onu təhqir edib: “Bundan sonra zəng vuraraq nəyə görə övladım ilə maraqlanmadığımı dedi. Bununla əlaqədar aramızda mübahisə yarandı və görüşmək istədiyini bildirdi. Mən də evdə olduğumu və məhlədə görüşə biləcəyimi bildirdim. Təxminən 15 dəqiqədən sonra Aydın zəng vurdu ki, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Rahat” marketin qarşısındadır. Mən də özümə məxsus olan avtomobilə əyləşərək onu gözlədim. Bu zaman Aydın zəng vurdu ki, binanın qarşısındadır. Mən də avtomobildən düşərək ona yaxınlaşdım. Həmin vaxt Aydının yanında qardaşı Nazim də olub. Mən Aydıngilə yaxınlaşan zaman dedi ki, çəkilək kənarda olan aptekin qarşısına. Mən həmin vaxt hiss etdim ki, Aydın içkilidir. Aptekin qarşısında Aydına dedi ki, hə gəlmişən, boynuyun dalına tük əkə bilərsənmi. Çünki telefon danışığı zamanı Aydan bildirmişdi ki, boyunuyun dalına tük əkdir. O da Aydına cavab verdim ki, mən də sənin boynuvun dalına tük əkərəm. Bu zaman qardaşı Nazim sağ qolumdan tutaraq dartdı. Həmin zaman Aydın da sifətimin sol nahiyəsindən, yəni qulaq nahiyəmdən yumruqla vurdu. Mən də ani olaraq dayandım. Bu vaxtı avtomobilimə qaçaraq arxa yük yerini açdım və orada olan şəxsi istifadəmə aid olan çəkici götürdüm, özümü müdafiə etmək istədim. Bu anda Aydan avtomobilin arxasından üstümə gələrək çəkici əlimdən aldı. Biz  avtomobilin qarşına keçən zaman Nazim çəkiclə sağ arxa baş nahiyyəmdən zərbə ilə vurdu. Həmin anda mən 4-5 saniyəlik huşsuz oldum. Mən yerə yıxılan zaman Aydın dizi ilə burun nahiyəmdən bərk zərbə ilə vurdu və mənim burnum sındı. Sonra Adydıngil dayanmadan bəbənimin müxtəlif yerlərinə zərbələr endirərək getdilər. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə və atama zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum  edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr