AZ

Bu gün Cəbrayılda infrastruktur layihələrinin icrası uğurla, sürətlə həyata keçirilir

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümü münasibətilə bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Cənab Prezident bu gözəl hadisənin 4 ildən sonra 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu vurğulayan Prezident İlham Əliyev erməni işğalındanazad olunan birinci şəhər Cəbrayıl olduğunu qeyd etmişdir: “Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”.

Cəbrayılın azad olunmasından sonra ardıcıl uğurlu əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin, şəhər və kəndlərin azad olunması və 8 noyabrda Qarabağın tacı olan qədim Şuşanın azad olunması ilə yekunlaşan Vətən müharibəsində Şanlı Zəfər tariximizə əbədi həkk olundu.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Cəbrayılın da bərpası, inkişafı üçün dərhal müvafiq tapşırıqların verildiyini, ilk növbədə, minalardan təmizləmə işləri həyata keçirildiyini, infrastruktur layihələrinin icrasına dərhal başlanıldığını və Cəbrayıla gələn, hansı ki, sovet vaxtında olan yolun yenidən qurulduğunu, hazırda yeni dördzolaqlı magistral yol uğurla inşa edildiyini qeyd edib.

Dövlətimizn başçısı həmçinin bu gün Cəbrayılda infrastruktur layihələrinin icrasının da uğurla, sürətlə həyata keçirildiyini, Cəbrayılda yeni məktəbin açılışının həyata keçirildiyini və gələn həftədən başlayaraq uşaqların artıq məktəbə gedəcəklərini, yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulduğunu, həmçinin birinci məhəllədə çoxmənzilli 33 bina (712 mənzil) inşa edildiyini söyləyib. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.

Prezident İlham Əliyev Cəbrayılda həyata keçirilən digər layihələr, həmçinin təməlini qoyduğu yeni tikililər barəsində çıxışında məlumatlar verib.

Ölkə başçısı qeyd edib: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir.

 

Qəhrəman Qasımov 

Əməkdar müəllim, Qarabağ veteranı

Seçilən
6
missiya.az

1Mənbələr