AZ

“COP-dan sonra Azərbaycan hücum edəcək” iddiasının arxasında Ermənistanın hədəfi...

Image

Afsəddin Nəbiyev: “Erməni tərəfi belə manipulyativ addımlarla vaxt qazanmağa çalışır”

Son dövrlər Ermənistanda belə fikirlərə tez-tez rast gəlinir ki, guya Azərbaycan COP29-dan sonra müharibəyə başlayacaq. Yəni Azərbaycan Ermənistana hücum edəcək. Erməni ekspertlər israrla bəyan edirlər ki, Azərbaycan Ermənistanın cənubuna hücum edərək Zəngəzur dəhlizinin keçən hissəsini ələ keçirəcək. 

Onların fikrincə, Azərbaycanı bugünə qədər bunu etməkdən çəkindirən faktor COP29 tədbiridir. Tədbir ərəfəsində Azərbaycan hücum etsə, ciddi risqlərlə üzləşəcək. O üzdən, tədbir başa çatandan sonra guya Azərbaycan hücuma başlayacaq.

Maraqlıdır, Ermənistan bu cür təbliğat tezisi ilə nəyə nail olmaq istəyir?

“Necə ola bilər ki, Cənubi Qafqazda sülhün yaradıcısı olan bir dövlət bu bölgənin təhlükəsizliyinə təhdid yaratsın?”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu bir sıra amillərlə əlaqələndirdi: “Ermənistan rəsmilərinin tez-tez belə fikirlər səsləndirməsi onların ənənəvi hiyləgər mahiyyətindən irəli gələn məsələdir. Onlar hər zaman həll olunmalı məsələni diqqətdən yayındırmaq üçün qarşı tərəfə şər-böhtan atmaqla əsas hədəfi belə əməlləri ilə ört-basdır etməyə çalışırlar. Ancaq ermənilərin bu addımları müvəqqəti yaxın dövrə hesablanmış gedişlərdir. Daha dəqiq ifadə etsəm, bütün dünyanın diqqəti Azərbaycanda yaxın vaxtlarda keçiriləcək COP29 tədbirlərinə yönəldiyi bir vaxtda Ermənistan rəsmiləri öz hiyləgər mahiyyətini yenidən ortaya qoyaraq özünün “günahsız obrazını” beynəlxalq ictimaiyyətə sırımağa hədəfləyir. Azərbaycan heç bir dövləti müharibə ilə təhdid etmir, əksinə, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizlik arxitekturasının yaradıcısıdır. Necə ola bilər ki, Cənubi Qafqazda sülhün yaradıcısı olan bir dövlət bu bölgənin təhlükəsizliyinə təhdid yaratsın? Təbii ki, ermənilərin bu sərsəm açıqlamalarının heç bir məntiqi əsası yoxdur. Erməni tərəfi belə manipulyativ addımlarla vaxt qazanmağa çalışırlar. Eyni zamanda beynəlxalq arenada baş verən yaxın aylarda çox ciddi dəyişikliklərin nəticəsini gözləməkdədirlər. Ancaq Azərbaycan heç bir beynəlxalq dəyişikliklərin nəticəsini gözləmir. Cənubi Qafqazın aparıcı dövləti olaraq siyasi proseslərin içərisində olub prosesləri sivil məcraya yönəldir. Bütün bunları erməni tərəfi bildiyi halda Azərbaycanı nələrdəsə ittiham etməkdənsə, yaxşı olardı ki, Ermənistan Konstitusiyasında əks olunan mənfur müddəaları tezliklə dəyişdirsin. Onsuz da onlar bu addıma gec-tez gedəcəklər. Şər-böhtan atmaqdansa, bu addımları atsalar bölgədə həqiqi sülhə daha tez nail ola bilərlər. Bundan da ən çox yararlanan Ermənistanın özü ola bilər”.

Vidadi ORDAHALLI





Seçilən
17
baki-xeber.com

1Mənbələr