AZ

“Azərbaycanın İranı gizli parçalamaq planı”- Ermənistandan yeni ideoloji təxribatın hədəfi aydındır...

Image

Abutalıb Səmədov: “İranla Azərbaycanın münasibətlərini pozmaq üçün belə iddialar irəli sürürlər ki, guya Azərbaycan bu müharibədə, İranın parçalanmasında maraqlıdır...”

“44 günlük müharibədən sonra Azərbaycanın hərbi qüdrətini artırması bütünlüklə Ermənistana qarşı yönəlməyib”. Bunu politoloq Argişti Kiviryan Ermənistan xəbərləri – NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Erməni politoloq iddia edir ki, Azərbaycanın müharibədən sonra öz hərbi gücünü artırması təkcə Ermənistanla bağlı deyil, Azərbaycan həm də İranı bölüşdürməyə hazırlaşır ki, İranla İsrail arasında müharibə baş verərsə İranı bölməyə çalışacaqlar və Azərbaycan da dərhal ora qoşun yeridib Cənubi Azərbaycanı işğaldan azad edəcək. Bu adamın sözündən belə çıxır ki, guya Azərbaycanın belə bir niyyəti var.

“Bu erməni təxribatına, təbiidir ki, biz uymamalıyıq və buna zəruri reaksiya verilməlidir”

Erməni politoloqun iddiasına şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə “Ermənistanın müxtəlif səviyyəli politoloqları, siyasətçiləri, rəsmiləri Azərbaycanla İran arasında münasibətləri gərginlıəşdirməyə, İranın Azərbaycana münasibətdə daha kəskin mövqe tutmasına çalışırlar. Əllərinə düşən hər imkandan istifadə etməyə cəhd göstərirlər. Azərbaycan Prezidenti sonuncu dəfə İranın mərhum prezidenti ilə görüşərkən qəti şəkildə bir fikir söylədi, “bizim aramıza heç kim girə bilməz” dedi. Bu, Azərbaycanın mövqeyidir. Azərbaycan İranla dost münsibətlər saxlamaq, əməkdaşlıq etmək istəyir və hər dəfə qonşularımıza xatırladır ki, bizi ortaq tarix, dini və mədəni dəyərlər və sair məsələlər birləşdirir, bu dəyərləri qorumalıyıq, xalqlarımızın daha da yaxınlaşmasına çalışmalıyıq. Çox təəssüf ki, İranda müəyyən dairələr, bəzən hətta yüksək dövlət vəzifəsi tutanlar Azərbaycana qarşı təhdid dolu bəyanatlar verirlər, bu da, təbiidir ki, münasibətlərimizə öz təsirini göstərir. Son 10-15 gün ərazində İranın “Zəngəzur dəhlizi” əleyhinə apardığı təbliğat buna bariz nümunədir. İran hətta “Zəngəzur dəhlizinin” açılması ilə bağlı Rusiyanı, Türkiyəni müharibə ilə hədələdi. Baxmayaraq ki, Rusiya İranın bugünlərdə strateji tərəfdaşı olmağa hazırlaşır və müqavilə artıq hazırdır. Digər tərəfdən, İran rəsmiləri dəfələrlə Azərbaycanla sərhəddə hərbi təlimlər keçiriblər və bu təlimləri keçirməklə Azərbaycanı təhdid etməyə çalışıblar. Onların izahı da çox maraqlıdır. Deyirlər,  biz təlimləri ona görə keçiririk ki, Ermənistanın ərazi bütövlüyünə təhlükə yaranmışdı, Naxçıvanda Türkiyə, Azərbaycan və Pakistan hərbi birləşmələri təlim keçirirdi, biz bu səbəbdən Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi təlimlər keçirdik. Azərbaycan Prezidenti də bu məqamda onlara çox maraqlı bir sual ünvanladı. 30 il 132 kilomertlik Azərbaycan-İran sərhədi Ermənistanın işğalı alında olub, onda o təlimləri niyə keçirmirdiniz? Reallıq bundan ibarətdir”-deyə bildirdi.

A.Səmədov təəssüflə qeyd etdi ki, İran münasibətlərimizdə soyuqluq yaranması üçün əlindən gələni edir. A.Səmədovun sözlərinə görə, ancaq Azərbaycan dəfələrlə öz mövqeyini ortaya qoyub və onu da deyib ki, Azərbaycan ərazisindən heç bir başqa dövlət İrana qarşı istifadə edə bilməz, Azərbaycan buna imkan verməyəcək. “İsraillə İran arasında mövcud olan hərbi qarşıdurma əgər daha kəskin şəkil alarsa və bu prosesə İsrailin müttəfiqləri, ilk növbədə ABŞ qoşularsa, təbiidir ki, İran üçün çox ciddi problemlər yarana bilər. İndidən müəyyən planlar artıq hazırlanır, İrana hansı zərbələrin endirilməsi ilə bağlı müzakirələr gedir. Planlaşdırılır ki, İranın nüvə obyektləri vurulsun, İranın neft bazaları vurulsun və İran böyük gəlirdən məhrum olsun, yaxud İranın əsas idarə mərkəzləri raket atəşinə məruz qalsın. Eyni zamanda digər planlar da var. Bu da, təbiidir ki, Azərbaycanla sərhəddə çox ciddi təhlükələr yarada bilər. Bu, təbii, bizi narahat edir. Biz bunu istəmirik və bunun olmaması üçün də əlimizdən gələni etmişik və edirik. İrana qarşı müharibə onun parçalanmasına, ərazi itkilərinə gətirib çıxara bilərmi? Belə bir təhlükə, təbiidir ki, var. Ermənilər də bunu qabardırlar, İranla Azərbaycanın münasibətlərini pozmaq üçün belə iddialar irəli sürürlər ki, guya Azərbaycan bu müharibədə, İranın parçalanmasında maraqlıdır, çünki belə bir şey olarsa Cənubi Azərbaycan Şimaldakı qardaşları ilə birləşə bilər.  Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Bu dəfələrlə deyilib. Bu erməni təxribatına, təbiidir ki, biz uymamalıyıq və buna zəruri reaksiya verilməlidir. Azərbaycan İranın parçalanmasını istəmir, Azərbaycan hakimiyyəti dəfələrlə öz mövqeyini ortaya qoyub ki, bizim istəyimiz İrandakı soydaşlarımızın hüquqlarının təmin olunmasıdır, onların öz dilində təhsil alması, öz adət-ənənələrini inkişaf etdirməsi üçün şəraitin yaradılmasıdır, Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılmasıdır”.

A.Səmədov qeyd etdi ki, biz İranın parçalanması istiqamətində heç bir iş aparmamışıq, bu istiqamətdə heç bir bəyanat verilməyib: “Bu erməni təxribatıdır, bunun baş vermə ehtimalı çox aşağıdır, çox cüzidir. Çox güman ki, belə bir şey baş verməyəcək. Ancaq məqamdan istifadə edib Azərbaycanla İran arasında daha bir ziddiyyət, soyuqluq yaramağa çalışırlar, münasibətlərimizin pozulmasına cəhd göstərirlər. Təbiidir ki, biz o cür təxribatların qarşısını almalıyıq.  

Bundan sonra nə baş verə bilər? İranla İsrailin və onun müttəfiqlərinin münasibətlərindəki gərginlik hansı həddə qədər gedib çıxa bilər? Baş verən hadisələr İranı hansı vəziyyətə gətirib çıxara bilər? Təbiidir ki, bunu biz gözləməliyik, biz sərhədlərimizdə gərginliyin olmasını istəmirik, biz İranın əminamanlıq içərisində yaşamasını istəyirik. Ancaq nəyin baş verəcəyi, təbiidir ki, bizdən asılı deyil, bu böyük güclərin İranla bağlı planlarından və onu nə cür, hansı vasitələrlə reallaşdıracağından asılı olacaq. Necə deyərlər, yaşayarıq, görərik”.

A.Səmədov həmçinin “Azərbaycan İranla müharibə etmək üçün ordusunu gücləndirmir. Bu şərdir, bu yalandır. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusunun biridir. Ancaq İran ordusu ilə müqayisə oluna bilməz. İran ordusu dünyanın ən güclü ordularındandır. Hardasa ilk 15-liyə, 20-liyə daxil olan ordulardan biridir. Azərbaycan heç bir vaxt öz hərbi gücünü İrana qarşı artırmayıb, belə bir fikri yoxdur. Bu erməni təxribatıdır. Azərbaycan öz hərbi gücünü dövləti, xalqımızı xarici təhdidlərdən  qorumaq üçün gücləndirir. Bizim üçün ən böyük təhdid də, təbiidir ki, Ermənistandır. Biz İrana qarşı heç bir müharibə hazırlığı görmürük və buna heç bir ehtiyac da yoxdur”-deyə bildirdi. 

İradə SARIYEVA





Seçilən
11
baki-xeber.com

1Mənbələr