AZ

Fariz Cəfərov: “Blokçeyn texnologiyasının tətbiqi nəticəsində biznes prosesləri daha effektiv olacaq”

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Binance Investments Co. Ltd. (“Binance”) şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, Binance Academy blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. “vergiler.az”ın bu əməkdaşlığın detalları və iqtisadiyyata təsirlərinə dair suallarını 4SİM-in icraçı direktoru Fariz Cəfərov cavablandırıb:

- “Binance” ilə memorandumun əhəmiyyəti nədir? Bu əməkdaşlıq bizə nə verəcək?

- “Binance” dünyanın ən böyük kriptovalyuta əməliyyatları aparılan birjasıdır. Bu platformada 240 milyondan çox istifadəçi var. Təbii ki, “Binance” şirkətinin fəaliyyəti təkcə kriptovalyuta ticarəti ilə məhdudlaşmır. Bu şirkət həm də blokçeyn, rəqəmsal aktivlər və Web3 texnologiyaları sahəsində inkişaf edib. Biz bu memorandum sayəsində, ilk növbədə, Azərbaycan gəncləri və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etmək istiqamətində əməkdaşlıq etməyi nəzərdə tuturuq.

Binance Academy blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən,
Azərbaycan bazarı üçün akkreditə olunmuş onlayn kurslar təklif edəcək

- “Binance” 4SİM ilə birlikdə blokçeyn və rəqəmsal aktivlər sahəsində innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyini açıqlayıb. Söhbət hansı layihələrdən gedir?

- Memorandum çərçivəsində “Binance” şirkəti özünün strateji təhsil tərəfdaşı Blockchain and AI Technology Center ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə də əməkdaşlıq edəcək. Biz 4SİM olaraq bu prosesə aktiv dəstək olmağı planlaşdırırıq. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, Binance Academy blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən, Azərbaycan bazarı üçün akkreditə olunmuş onlayn kurslar təklif edəcək.

- Bu əməkdaşlıq təhsil və sənayenin inkişafına hansı töhfələri verəcək?

- Əvvəla, onu deyim ki, bu əməkdaşlıq çərçivəsində yuxarıda sadaladığım təhsillə bağlı yaradılacaq kontent Azərbaycan istifadəçisi üçün əlçatan olacaq. Məzmun ana dilimizdə olduğundan, ondan daha çox insan bilik əldə edə biləcək. Bizim tərəfdaşlığımız ölkədə təhsil və sənayenin inkişafına sadiqliyimizi nümayiş etdirir. Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məhz bu səbəbdən, ilkin mərhələdə işimiz maarifləndirmə və məlumatlandırma olacaq.

Bu sahənin bizim ölkədə yeni olduğunu nəzərə alsaq, ona maraq artacaq və istifadəçilər bu texnologiyalardan və alətlərdən istifadə edərək yeni bizneslər yarada biləcəklər. Beləliklə, iqtisadiyyata əlavə dəyər qatacaqlar.

Ölkəmiz üçün yüksək peşəkarlığa malik insan kapitalını formalaşdırmaq
üçün biz Binance Academy ilə birgə layihələr icra etməyi planlaşdırırıq

- Blokçeyn texnologiyalarının iqtisadiyyatın hansı sektorlarında tətbiqi nəzərdə tutulur və bunun hansı təsirləri olacaq?

- Bizim ilkin məqsədimiz bu sahədə maarifləndirmə işidir. Ölkəmiz üçün yüksək peşəkarlığa malik insan kapitalını formalaşdırmaq üçün biz Binance Academy ilə birgə layihələr icra etməyi planlaşdırırıq. Bildiyiniz kimi, blokçeyn 4-cü sənaye inqilabı texnologiyalarından biridir. Bu texnologiyaların maliyyə, bankçılıq, səhiyyə, ticarət və təchizat, sığorta kimi müxtəlif sektorlarda tətbiqi sürətlə genişlənir. Məsələn, bu, maliyyə sektorunda əməliyyatların sürətini və təhlükəsizliyini artıraraq, bankçılıq, ödəniş sistemləri və beynəlxalq pul köçürmələrində inqilabi dəyişikliklər yarada bilər. Xüsusilə də bu sahədə onun əsas üstünlüyü vasitəçilərin sayını azaltması və əməliyyat xərclərini aşağı salmasındadır. Ticarət və təchizat zəncirində məlumatların izlənməsini və təsdiqini asanlaşdırır. Bu texnologiya vasitəsilə məhsulun haradan gəldiyini izləmək, saxtakarlığı aradan qaldırmaq və ticarət əməliyyatlarının şəffaflığını artırmaq mümkündür.

Blokçeyn səhiyyə sektorunda pasiyentlərin tibbi məlumatlarının təhlükəsiz və etibarlı saxlanmasını təmin edir. Bu məlumatların blokçeyn üzərindən paylaşılması həkimlər arasında daha effektiv əməkdaşlıq yaradır, məlumatların saxtalaşdırılmasının qarşısını alır. Blokçeyn rəqəmsal identifikasiya sistemlərində şəffaflığı artıraraq, şəxsi məlumatların təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Blokçeyn texnologiyasının tətbiqi bu sahələrdə əməliyyatların şəffaflığını, təhlükəsizliyini və sürətini artırmaqla yanaşı, xərcləri azaltmağa və saxtakarlıq hallarını minimuma endirməyə kömək edəcək. Nəticədə iqtisadiyyatın rəqabətqabiliyyətliliyi yüksələcək və biznes prosesləri daha effektiv olacaq.

Blokçeyn texnologiyasının tətbiqi bu sahələrdə əməliyyatların
şəffaflığını, təhlükəsizliyini və sürətini artırmaqla yanaşı, xərcləri
azaltmağa və saxtakarlıq hallarını minimuma endirməyə kömək edəcək

- Azərbaycanda metakainat texnologiyalarının inkişaf etdirilməsi də gözlənilir. Bu barədə ətraflı məlumat verərdiniz.

- Metakainat texnologiyaları dedikdə biz virtual reallıq, artırılmış reallıq və qarışıq reallıq texnologiyalarını nəzərdə tuturuq. Virtual reallıq texnologiyasının köməyi ilə siz səyahət etmədən virtual aləmdə görüşlər keçirə bilərsiniz. Eləcə də qərarverici şəxslərə problemlərin həllində real vaxt rejimində simulyasiyalar üzərində test etmək imkanı yarada bilirsiniz. Virtual reallıq texnologiyasından istifadə etməklə müxtəlif sahələrdə (sənaye, təhsil, kənd təsərrüfatı və s.) təlimlərin keçirilməsi mümkündür. Bu texnologiyalar həm də turizmin inkişafı və təbliğatın aparılması məqsədilə istifadə oluna bilər. Bu istiqamətdə biz Dünya İqtisadi Forumunun “Qlobal Əməkdaşlıq Kəndi” platforması ilə bir ilə yaxındır əməkdaşlıq edirik. Hazırda bu platformada 140-dan çox şirkət və qurum əməkdaşlıq edir. Platforma bir neçə istiqamət üzrə çalışır. Bura, ilk növbədə, qabaqcıl virtual texnologiyalardan və əməkdaşlıq üsullarından istifadə etməklə qarşılıqlı əlaqə və əməkdaşlığın gücləndirilməsi aiddir.

“Qlobal Əməkdaşlıq Kəndi” Platforması 7 metavers mühitdən ibarətdir. Məsələn, “Energy experience” sessiyasında metavers əsaslı yanaşmanın enerji keçidində və sənaye transformasiyasında necə inqilab yarada biləcəyi nümayiş olunur. Birgə yerləşmiş sənayeləri, paylaşılan infrastrukturu və bir-biri ilə əlaqəli dekarbonizasiya layihələrini vizuallaşdırmaqla sənaye klasterlərinin ətraf mühit, cəmiyyət və yerli iqtisadiyyatlar üçün necə səmərəli, davamlı və məhsuldar nəticələrə gətirib çıxara biləcəyinə dair real təsəvvürü təmin edir.

Seçilən
1
1
fins.az

2Mənbələr