AZ

Aleksandr Qolovin “Monako” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Rusiya millisinin və “Monako”nun hücumameyilli yarımmüdafiəçisi Aleksandr Qolovin Liqa 1 təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə knyazlıq klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Rusiyalı futbolçu ilə 5 illik yeni sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən 28 yaşlı oyunçu 2029-cu ilin 30 iyununa qədər “Monako”nun formasını geiinməyə davam edəcək.

Xatırladaq ki, Aleksandr Qolovin Moskva ÇSKA-sının yetirməsidir. O, vaxtilə Rusiya klubunun əsas komandasında 113 oyuna çıxıb, 13 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Qolovin 2018-ci ilin iyul ayında 30 milyon avro müqabilində məhz ÇSKA-dan “Monako”ya keçib. Həmin dövrdən bəri rusiyalı futbolçu knyazlıq klubunun əsas komandasının heyətində 209 oyuna çıxıb, 31 qol vurub, 39 məhsuldar ötürmə ilə yadda qalıb.

Rusiyalı futbolçu “Monako” ilə heç bir titul qazanmasa da, vaxtilə ÇSKA ilə Rusiya çempionu (2016-cı il) olub, 2017/2018-ci illər mövsümündə ilin futbolçusu seçilib. O, 2013-cü ildə də Rusiyanın U-17 yığması ilə Avropa çempionu olub.

Qolovin Rusiyanın U-17 yığmasından başqa U-18, U-19 və U-21-də də çıxış edib. 2015-ci ilin iyun ayında əsas millidə debüt etmiş yarımmüdafiəçi indiyə qədər meydana çıxdığı 47 oyunda 6 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
arena.az

1Mənbələr