AZ

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

Gürcüstanda

Tbilisi, 5 oktyabr, AZƏRTAC

“Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində 180 nəfərlik uşaq bağçasının istifadəyə verilməsi Azərbaycan dövlətinin bizə ən gözəl hədiyyəsi oldu. Azərbaycan dövlətinin qayğısını hər zaman hiss etmişik. Biz bunu yüksək qiymətləndiririk”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Yor Muğanlı kəndində istifadəyə verilən uşaq bağçasının meneceri Natalia Qoqidze deyib.

“Azərbaycan və Gürcüstan dostluğu bizim üçün çox dəyərlidir. Bu dostluq həm də digərləri üçün nümunədir. Biz də öz növbəmizdə çalışacağıq ki, burada Azərbaycan uşaqlarına gürcü dilini mükəmməl öyrədək. Onlar əsl vətənpərvər kimi böyüsünlər”,- deyə N.Qoqidze vurğulayıb.

Kənd sakini İsmayıl İsayev deyib: “Azərbaycanımla fəxr edirəm. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza hər cür diqqət və qayğı göstərir. Bu gün bizim içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatımız sahəsindəki problemlərimiz öz həllini tapıb. Uşaq bağçası da istifadəyə verilib. Bu, bizim gələcəyimiz üçün yaradılan şəraitdir. Çox sevinirəm ki, Azərbaycan xalqının nümayəndəsiyəm. Azərbaycan dövləti kimi xalqına dayaq olan bir ölkədə yaşamasam da, özümü Azərbaycanın bir parçası hesab edirəm. Biz Gürcüstan azərbaycanlıları da Azərbaycan üçün hər şeyi etməyə, hətta ölümə belə getməyə hazırıq”.

Kənd sakini Samir Ələsgərov da Yor Muğanlıda uşaq bağçasının istifadəyə verilməsinə çox sevinir. O deyib: “Yor Muğanlıda istifadə verilən uşaq bağçasından təkcə bizim uşaqlarımız deyil, bizə çox yaxın olan qonşularımızın balaları da istifadə edəcəklər. Bu bizim üçün çox vacibdir. Bu şəraitə görə, Azərbaycan dövlətinə minnətdarıq”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
39
azertag.az

1Mənbələr