AZ

İctimai şuranın üzvündən plagiatçılığla məşğul olanlara ÇAĞIRIŞ

Ali təhsil müəssisələrində təhsil alan tələbələrin öz yazı işlərini müəyyən pul müqabilində bunu edən şəxslərə hazırlatması artıq normal hal alıb. Hətta bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr də fəaliyyət göstərir.

 

Modern.az mövzu ilə bağlı Bakı Dövlət Universitetinin doktorantı, Elm və Təhsil Nazirliyi yanın İctimai Şuranın üzvü Günay Əkbərova ilə həmsöhbət olub.

 

Onun sözlərinə görə, yazı işlərini müəyyən pul müqabilində yazdıran şəxslər təbii ki, özlərindən daha peşəkar şəxslərə yazdırmırlar:

 

“İllərdir elm sahəsindəyəm, indiyə qədər hansısa professorun kiminsə yazısını yazdığını görüb eşitməmişəm. Məsələ budur ki, həmin şəxslər sosial şəbəkələrdə “yazı işlərinin yazılması” “dissertasiya işlərinin yazılması” başlığı ilə faəliyyət göstərən səhifələrə müraciət edirlər. Bu zaman da yazı işini yazan qeyri-peşəkar insanlar süni intellektə müraciət edirlər. Bu gün süni intellekt vasitəsilə hazırlanan plagiat dünyanın hər yerində diqqətində olan məsələdir. Bütün universitetlərdə yazı işləri, ümumi dissertasiya işləri yoxlanılır. Son illərdə bu yoxlamaya artıq süni intellekt də daxil olub ki, burada dərhal yazının süni intellekt yoxsa real insan tərəfindən hazırlanması ortaya çıxır”.

Müsahibimiz qeyd edib ki, bir məsələ də bir insanın digəri yazı işlərini hazırlamasıdır:

 

“Məsələn yazı işi hazırlandı və məlum oldu ki, plagiat deyil. Amma bu da şifahi şəkildə özünü büruzə verir. Dissertassiya işlərində əvvəlcə kafedra daxilində yoxlanır, sonra da plagiat olub-olmadığı üçün yoxlamaya göndərilİR. Sonrakı mərhələdə isə şifahi müdafiə mərhələsi gəlir. Burada sizə bir neçə ildir dərs müəllimlərin qarşısında çıxış edirsiniz. O müəllimlər dərhal anlayır ki, bu cümlələr sizə məxsusdur yoxsa yox. Bu zaman ziddiyyət yaranırsa bu tələbənin qiymətinə yaxud prosesin gedişinə təsir edir. Hər bir halda düşünürəm ki, bütün təhsil müəssisələrində tələbələrlə bu yazı işlərinin kimlərəsə yazdırılması ilə bağlı görüşlər keçirilməlidir. Bu görüşlərdə konkret olaraq əməyin mənimsənilməsi, mövzunun dünya sistemində nə qədər ziyan gətirməsini izah etmək lazımdır. Bununla bağlı maarifləndirmə çox zəifdir.

 

G.Əkbərova bu problemin həlli üçün bir neçə təklifi olduğunu bildirib:

 

“1. Maarifləndirmə: Tələbələri və müəllimləri bu problemin ciddiliyi və nəticələri barədə məlumatlandırmaq lazımdır. Akademik dürüstlüyün əhəmiyyəti vurğulanmalıdır.

2. Cəzaların sərtləşdirilməsi: Bu cür fəaliyyətlərə qarşı daha sərt cəzalar tətbiq edilməlidir. Bura tələbələrin xaric edilməsi və ya diplomlarının ləğv edilməsi daxil ola bilər.

3. Plagiat aşkarlama sistemləri: Müasir texnologiyalardan istifadə edərək plagiatlığı aşkar edən proqramlardan istifadə edilməlidir.

4. Qiymətləndirmə sisteminin təkmilləşdirilməsi: Tədris prosesində daha çox interaktiv və praktiki tapşırıqlardan istifadə edilməlidir ki, hazır işlərdən istifadə etmək çətin olsun.

5. Psixoloji dəstək: Tələbələrə stress və təzyiqlə mübarizə aparmaqda kömək etmək üçün psixoloji dəstək xidmətləri təklif edilməlidir.

6. Qanunvericilik: Bu cür xidmətləri təklif edən şəxslər və şirkətlər üçün qanuni cəzalar nəzərdə tutulmalıdır.

7. Sosial media nəzarəti: Bu cür xidmətləri təklif edən sosial media səhifələrinin aşkarlanması və bağlanması üçün addımlar atılmalıdır”.

Seçilən
13
modern.az

1Mənbələr