AZ

Şagirdlərin məktəbə bıçaqla gəlməsi nəzarətsizliyin nəticəsidir...

Image

Məktəblilər də "razborşik”lərə çevrilib, birinin sözü digərinə xoş getmirsə, məsələni bıçaqla həll edirlər. Yeniyetmələrin bıçaqlaşması halları təəssüf ki, son zamanlar tez-tez baş verir. Xatırladaq ki, 1 oktyabr tarixində Xaçmaz şəhərində 10-cu sinif şagirdinin həmyaşıdına xəsarət yetirməsi barədə məlumat yayıldı. 

Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Bir neçə gün əvvəl isə Bakı məktəblərinin birində bıçaqlanma hadisəsi ilə bağlı xəbər yayıldı. Bu hallar məktəblərdə şagidlər arasında xoşagəlməz hadisələrin səbəblərinin araşdırılması, aradan qaldırlması üçün ciddi siqnaldır. Maraqlıdır, şagirdlər məktəbə bıçaqla necə və niyə gedir?

Könül İsmayılova: “Şagird məktəbə bıçaqla deyil, dəftər-qələmlə gəlməlidir”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeniyetmələrin aqressiyasının səbəbi onların  sevgi və qayğıdan məhrum olması ilə bağlıdır: “Müsbət davranışlarla diqqət çəkə bilməyənlər mənfi əməllərə yönəlirlər. Ümumilikdə isə aqressiya istənilən yaş qrupuna aid uşaqlarda ola bilər. Ona görə də valideynlərlə yanaşı, təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar da onlarla mütəmadi ünsiyyət qurmalı və diskussiya aparmalıdırlar. Məktəbdə psixoloqların sayı artmalıdır.Baş vermis hadisələr göstərir ki, şagirdlərin psixoloji durumu ilə bağlı ciddi problemlərimiz var. Bunun səbəbi isə tədris prosesinin nəzarətsiz qalması, eyni zamanda müəllimlərin hüquqsuzluğu, yuxarı qurumlardan, şagirddən qorxması və s.-dir. Bütün bunlar da nəticədə təhsilə nəzarət mexanizminin itməsinə gətirib çıxarır”.

Psixoloq hesab edir ki, hazırda məktəblərdə tərbiyə işi çox aşağı səviyədədir. Şagird məktəbə bıçaqla deyil, dəftər- qələmlə gəlməlidir. Çantasında kitab gətirməlidir.

Kamran Əsədov: “Məktəblərdə zorakılığa qarşı ciddi qaydalar və tədbirlər görülməlidir”

Təhsil eksperti Kamran Əsədovin fikrincə, son günlər məktəblilər arasında bıçaqlanma hallarının artması cəmiyyət üçün ciddi narahatlıqdır: "Bu cür halların artması yalnız fərdi hadisə kimi qəbul edilməməli, geniş miqyasda analiz olunmalı və ciddi tədbirlər görülməlidir. Ən əsas sual isə budur ki, şagirdlər soyuq silahla məktəbə niyə gedir? Valideyn, məktəb və cəmiyyət bu prosesdə hansı rolu oynayır? Problemin kökündə nə dayanır və onu necə həll edə bilərik? İlk növbədə, şagirdlərin soyuq silahla məktəbə getməsi ailə nəzarətinin zəifliyi ilə əlaqədar ola bilər.  Valideynlərin bir çoxu, xüsusən də işlə məşğul olanlar uşaqlarına lazımi diqqəti yetirmirlər. Evdə valideynin daimi nəzarətinin olmaması, şagirdlərin davranışını izləməmək, onların həyat tərzi və maraqları barədə məlumatlı olmamaq bu cür aqressiv davranışlara yol açır.  Əgər valideyn uşağının məktəb çantasında və ya cibində nə daşıdığını bilmirsə, bu, onların uşaq üzərindəki nəzarətinin yetərsiz olduğunu göstərir. Məktəblərin də məsuliyyəti danılmazdır. Təhlükəsizlik tədbirlərinin artırılması, məktəbdaxili nəzarət mexanizmlərinin gücləndirilməsi mütləqdir. Məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması, dərs müddətində şagirdlərin məktəbə daxil olma və çıxma hərəkətlərinin daha sıx izlənməsi zəruridir. Aqressiyanın artmasının digər səbəbləri sosial və psixoloji amillərlə bağlıdır.

Bundan başqa, ailədaxili zorakılıq, valideynlər arasındakı gərginlik, uşaqlara yetərincə diqqət və qayğının göstərilməməsi onların özünə inamsızlığını artırır, öz problemlərini zorakılıqla həll etməyə meylləndirir. Məktəblərdə psixoloqların rolu artırılmalı, şagirdlərə müntəzəm psixoloji dəstək verilməli, aqressiv davranışların kökündə duran səbəblər araşdırılmalıdır. Bu, həm məktəbdə, həm də ailədə psixoloji maarifləndirmə proqramları vasitəsilə həyata keçirilməlidir. Bununla yanaşı,  valideynlərin məsuliyyətinin artırılması və maarifləndirilməsi vacibdir. Valideynlər uşaqların gündəlik həyatına daha çox maraq göstərməli, onların duyğusal vəziyyətinə diqqət yetirməlidirlər. Uşaqlarla düzgün ünsiyyətin qurulması, onları anlamaq və onlara dəstək olmaq, uşaqların mənəvi və psixoloji ehtiyaclarını qarşılamaq üçün vacib addımlardır. Ən əsası, məktəblərdə zorakılığa qarşı ciddi qaydalar və tədbirlər görülməlidir. Şagirdlər arasında zorakılıqla bağlı halların baş verməsinə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunmalı, belə halların qarşısı məktəb rəhbərliyi tərəfindən ciddi şəkildə alınmalıdır. Məktəblərdə nizam-intizam qaydaları yenidən nəzərdən keçirilməli və şagirdlərin davranışlarına xüsusi diqqət yetirilməlidir". 

Günel CƏLİLOVA





Seçilən
19
3
baki-xeber.com

10Mənbələr