AZ

Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub -FOTO

Xətai Rayon İcra Hakimiyyətinin  və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri və 2024-2025-ci tədris ili bitdikdən sonra təqaüdə çıxacaq Yeni Azərbaycan Partiyasının üzvü olan müəllimlərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sayəsində son illər ölkədə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.

Milli Məclisin deputatı  Vüqar Rəhimzadə  əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını çatdıraraq, çətin və eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb. Millət vəkili vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün dövlətimizin başçısı İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllimin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlir, təhsil işçilərinə hərtərəfli qayğı isə dövlətin öz gələcəyini etibarlı və inamlı görmək əzmini daha da artırır. Bu da öz növbəsində müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir. Bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini qeyd edib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illərdə təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərəçarpacaq uğurlar əldə edilib. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir. Uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi diqqət göstərilməsindən, elmin, təhsilin səviyyəsinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən uğurlu işlərdən xəbər verir.  Millət vəkili çıxışının sonunda Xətai rayonunun müəllimlərini, onların simasında respublikanın bütün pedaqoji ictimaiyyətini  səmimi qəlbdən təbrik edib, onlara can sağlığı, bu şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edənlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müəllimi Həsən Movlayev, 204 saylı məktəbin müəllimi Kübra Əliyeva, 55 saylı məktəbin müəllimi Zöhrə Aslanova, 63 saylı məktəbin  müəllimi Solmaz İsmayılova qeyd ediblər ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

  Sonda müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və tədbirin təşkilinə görə Xətai Rayon İcra Hakimiyyətinə və YAP Xətai rayon təşkilatına  minnətdarlıqlarını bildiriblər.

Tədbirin davamında 2024-2025-ci tədris ili bitdikdən sonra təqaüdə çıxacaq YAP üzvü olan müəllimlərə hədiyyələr təqdim edilib.

 Daha sonra Xətai rayon  ümumtəhsil məktəblərinin yuxarı sinif  şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin adları açıqlanıb,  qalib şagirdlərə  diplomlar və hədiyyələr təqdim olunub.

Seçilən
17
ikisahil.az

1Mənbələr