AZ

“Bu nəticə etalon deyil, çempionluğa oynayan komandalar üçün başağrısı ola bilərik” – “Füzuli darmadağından sonra

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 5 tur arxada qaldı. Son turun ən gözlənilməz nəticəsi “Hypers Quba”-“ Füzuli” görüşündə qeydə alındı. Meydan sahibləri 8:1 hesablı qələbə qazandı. “Füzuli”nin problemlər içində üzdüyünü bəllidi. Ancaq liqanın debütantına 1:8 uduzmaq…

Görəsən, “Füzuli”nin 7 top fərqi ilə məğlubiyyətinin səbəbi nədi? Klubun meneceri Rəşad Babayevin “Football-plus.az”a açıqlaması:

“Düzdü, arzulanan vəziyyət deyil. Amma nəzərə alsaq ki, Çempionlar Liqasında da belə hesablar olur, bu da normaldı. Təbii ki, indiki heyətimiz bu hesabla uduzmalı deyildi. Sadəcə, oyunda çox boşluq verdik, qorxaq oynadıq, bir az da zəif təsir bağışladıq. Rəqib isə yeni, kifayət qədər təcrübəli futbolçulardan qurulan komandadı. Oyunu daha yaxşı qurdu və bizim boşluqlardan istifadə edərək qollar vurdu. Əslində bizim məğlubiyyətimizin səbəblərindən biri də maliyyə durumu ilə bağlı sıxıntıların psixoloji cəhətdən təsir etməsidi. Belədə nəticə də acınacaqlı olur. Amma çalışırıq ki, bu hesabın şokundan çıxaq və çıxmışıq. Gələcəyə, növbəti tura köklənməyə çalışacağıq. Düzdü, itirilən xallar çempionatda bizə çətinlik yaradacaq. Amma hələ 5 tur keçib, çox oyun var. Hesab edirik ki, indiki heyətimiz çempionluğa oynayan komandalar üçün başağrısı ola bilər. Son nəticəmiz etalon sayılmasın. Elə komandalar var ki, biz onlardan xal alacağıq. Hədəfimiz 2-ci liqada qalmaqdı. Heç bir böyük hədəfə köklənməmişik. Bundan ötrü nə heyətimiz, nə də imkanımız var. Amma ən azı ilk “səkkizlik”də qərarlaşmağa çalışacağıq. Bu problemlərdən çıxış yolu kimi boş dayanmırıq. Çalışırıq sponsor tapaq və maliyyə sıxıntılarını həll edək. Hazırda bir çox şirkətlə əlaqə saxlayır, danışıq aparırıq”.

RÖYANƏ OĞUZ
Seçilən
18
football-plus.az

1Mənbələr