AZ

İncəsənətin gözəlliklərini şagirdlərə aşılayan müəllimFOTO

“Müəllim öz peşəsinə və fənninə aşiq olmalıdır ki, bu sevgini şagirdlərinə də aşılaya bilsin”

 

Biləsuvar, 5 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu yazının qəhrəmanı da elə müəllimdir. İnsanın həyatında ən vacib məqamlardan biri daxilindəki istedad və qabiliyyətləri kəşf etmək, ondan düzgün istifadə etməkdir. Bu yanaşma insana həyatda daha böyük uğurlar qazanmasına kömək edir. Elə buna görə də, hər birimiz həyatda əldə etdiyimiz nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq.

Bu gün Azərbaycanın təhsil sahəsində çoxsaylı bacarıqlı və peşəkar müəllimlər fəaliyyət göstərir. Onlardan biri də Gülçin Hüseynovadır. O da rəsm çəkmək sahəsində peşəkarlığı ilə fərqələnir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gülçin Hüseynova Salyan rayonunda dünyaya göz açıb. O, 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinə qəbul olub və Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alıb.

“2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq, Biləsuvarın Xırmandalı kənd 2 nömrəli tam orta məktəbinə təsviri incəsənət müəllimi kimi təyinat almışam. O vaxtdan bəri artıq yeddi ildir ki, bu məktəbdə çalışıram. Hər gün Salyandan Biləsuvarın Xırmandalı kəndində yerləşən 2 nömrəli tam orta məktəbə dərs deməyə gəlirəm. Şagirdlərimə incəsənətin gözəlliklərini öyrətmək və onların yaradıcılığını inkişaf etdirmək üçün əlimdən gələni edirəm. Bu müddət ərzində həm öz peşəkar bacarıqlarımı, həm də şagirdlərimin istedadlarını üzə çıxartmaq üçün çalışıram. Hər yeni dərs, hər yeni yaradıcılıq işi mənim üçün bir macəra, bir kəşfdir. İncəsənət sahəsindəki bu yolda şagirdlərimlə birgə daha çox uğura imza atmağa ümid edirəm” , - deyə gənc müəllim bildirib.

Onun sözlərinə görə, müəllim öz peşəsinə və fənninə aşiq olmalıdır ki, bu sevgini şagirdlərinə də aşılaya bilsin. O, dərslərdə yaratdığı mühitin, əyani vasitələrin əhəmiyyətinə diqqət çəkir və bildirir ki, şagirdlərini təsviri incəsənətə cəlb edərkən, müxtəlif yaradıcılıq metodlarından istifadə edir. Məsələn, kağızdan başqa, divar, yer, qab, daş və taxta kimi fərqli səthlərdə işləyərək, dərslərini daha maraqlı və interaktiv edir. Bu yanaşma, şagirdlərdə sənətə olan sevgini artırır və onları yaradıcı düşünməyə təşviq edir.

O deyib: "Şagirdlərimə təsviri incəsənəti əyani şəkildə öyrətmək üçün əlimdən gələni edirəm. Mən artıq kağız üzərində deyil, daha çox divarlarda, yerlərdə, qablarda, daş və taxta üzərində çalışıram. Bu, dərslərimizi daha geniş və maraqlı edir. 45 dəqiqəlik dərs müddətində, sanki 15 dəqiqə keçibmiş kimi hiss edirəm. Çox vaxt şagirdlərim şikayətlənirlər ki, vaxt niyə bu qədər tez keçir. Mənim üçün artıq kağızda rəsm çəkmək adi bir hobbidir. Ona görə də divar üzərində gözəlliklər yaratmaq əsas məqsədimdir” , - deyə əlavə edir.

Həmsöhbətimiz, əl işləri üçün 20-dən çox müxtəlif şəhər və rayondan təkliflər aldığını bildirir. Lakin o, işlərinin çox olması səbəbindən uzaq rayonlara gedə bilmir. Onun əl işləri, Bakı şəhəri daxil olmaqla, bir neçə rayonun məktəb binalarının divarlarında sərgilənir. Bu, onun yaradıcılığının müxtəlif məktəblərdə tanındığını göstərir.

Gənc müəllim uğurları ilə yanaşı, gələcək planlarından da söz açıb. O, bütün məktəbləri gəzərək şagirdləri incəsənətin gözəllikləri ilə tanış etmək arzusundadır: "Əslində planlarım çoxdur və hamısı da incəsənətlə bağlıdır. İstəyirəm ki, elə bir layihə reallaşsın ki, bütün məktəbləri gəzib şagirdləri incəsənətin gözəllikləri ilə tanış edə bilim. Ümid edirəm ki, bu arzum nə vaxtsa gerçəkləşəcək”.

 

 

Seçilən
25
1
azertag.az

2Mənbələr