AZ

Həmin müəllimlərin hesabına vətənpərvər gənclərimiz formalaşıb, 44 günlük müharibədə rəşadətlə qələbə çaldılar - RƏY

Təhsil prosesinin əsas tərkib hissəsini mənəvi-əxlaqi tərbiyə təşkil edir. Təhsil uşaqların şəxsiyyəti, onların bütün mənəvi və fiziki keyfiyyətlərini, qabiliyyətlərini inkişaf etdirməli, ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşünü formalaşdırmalıdır. Müəllim isə gənc və yeniyetmələrdə əxlaqi-mənəvi dəyər və prinsipləri formalaşdıran əsas qüvvədir. Uşaq və gənclərin fiziki, mənəvi inkişaf prosesinin nəticəsində cəmiyyətə iradəli, azad ruhlu, əxlaqı bütöv şəxsiyyətlər formalaşır. Bu işdə müəllimin rolu olduqca əhəmiyyətlidir.   

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, uşaq və gənclərin fiziki, mənəvi inkişafından müəllimlərin ümumən rolu əlahiddə dərəcədə yüksəkdir. 

Ə.Qəşəmoğlu bildirib ki, bu sahədə Azərbaycan müəllimlərinin öhdəsinə xeyli iş düşür: 

 

“Amma bu istiqamətdə işlər təəssüf ki, qeyri-qənaətbəxşdir. Əvvəla, bizim uşaqların, gənclərin müəllimlərin köməyinə böyük ehtiyacı var. Çünki cəmiyyətimizdə məlum hadisələrə görə - Qarabağ məsələsi və başqa amillər, son 20-30 ildə gərginlik yaşanıb. İndiki valideynlər 50 il bundan əvvəlki valideynlər kimi öz uşaqlarına qayğı, diqqət göstərə bilmirlər. 50 il bundan qabaq daha yaxşı idi. Məsələn, 70 il əvvəl mənim uşaqlığımda vəziyyət yüksək səviyyədə idi. İndi isə arzuolunan şəkildə deyil. Deməli, əsas ümidimiz məktəbə qalır. Məktəbdə uşaq və gənclərin fiziki, mənəvi inkişafına diqqət çox olmalıdır. Çox təəssüf ki, məktəb müəllimlərinin özlərinin bu sahədə problemləri kifayət qədərdir. Həm də məktəblərdə həyata keçirilən təhsil siyasəti arzuolunan səviyyədə deyil. Çünki orta nəsil müəllimlərimizin bir çoxunun təhsil aldığı vaxtda Azərbaycanda təhsil sistemi faciəvi vəziyyətdə idi. Şükür ki, indi o vəziyyət bitib. Bütün təhsil müəssiələrində rüşvət tüğyan edirdi. Tədris müəsisələrinə çoxları rüşvətlə qəbu olub, rüşvətlə oxuyub məzun olurdular, rüşvətlə təyinat alırdılar. Çox təəssüf ki, orta nəsil müəllimlərimizin xeyli hissəsi sadaladığım səbəblər üzündən həm bilik, həm də pedaqoji təcrübə baxımından arzuolunan səviyyədə fəaliyyət göstərə bilmirlər. Uşaqlara pedaqoji yanaşmaları qənaətbəxş deyil”. 

 

Sosioloq təhsil siyasətindən də danışıb: 

 

“Bir sinifdə 30-40 uşaq oxuyur. Lap birinci sinifdən başlayaq. Orta statsitika belədir ki, ən yaxşı halda həmin uşaqların 20 faizi müəllimin tapşırığını yerinə yetirə bilir. Qalanlarını isə məktbələrdə 11 il danlayırlar. “Sən niyə riyaziyyatı, fizikanı bilmədin?” Halbuki  təhsil sistemimiz elə olmalı idi ki, o uşaqları hələ ibtidai sinifdən kəşf edək, bacarıqları, qabiliyyətləri nəyədirsə, onu inkişaf etdirmək sahəsində çalışaq. Bunu da etmirik. İndiki vaxtda ümumən müəllimlərin istər fiziki sağlamlıq, istər mənəvi inkişaf baxımından köməyini qənaətbəxş hesab etmirəm. Amma bütün müəllimlərin adını tənqidi siyahıya salmaq da düzgün deyil. Müəllimlərin arasında xeyli vətənpərvər, öz üzərində işləyənlər var. Həmin müəllimlərin hesabına orta məktəblərimizdə vətənpərvər gənclərimiz formalaşıb, 44 günlük Vətən müharibəsində rəşadətlə qələbə çaldılar. Yəni yaxşı tərəflərimiz də var. Hər şeyin üstündən xətt çəkmək ədalətsizlik olar. Bu, ümumi təhsil sisteminin xidməti deyil, müəllimlərin bir çoxunun özünü potensial olaraq yetişdirmələri ilə bağlıdır”. 

 

Təhsil eskperti Kamran Əsədov isə bildirib ki, müəllimlər uşaqların və gənclərin həm akademik, həm də mənəvi inkişaflarında əsas rollardan birini oynayırlar: 

“Təhsil yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda şəxsiyyətin formalaşmasında, əxlaqi və fiziki tərbiyənin tərkib hissəsidir. Müəllimlərin uşaqların inkişafında bu iki sahəni balanslı şəkildə dəstəkləməsi onların gələcək uğurlarına və cəmiyyətə töhfə vermələrinə şərait yaradır. Fiziki inkişaf məktəb təhsilinin əhəmiyyətli aspektlərindən biridir. Bu sahədə müəllimlərin rolu yalnız idman dərsləri ilə məhdudlaşmır. Onlar uşaqlara sağlam həyat tərzini öyrətməklə onların bədənlərinin inkişafı, hərəkət qabiliyyətlərinin formalaşması və psixoloji balansın təmin edilməsində əsas fiqurlardan biridirlər. Tədris prosesinə daxil edilən aktiv fasilələr, hərəkətli oyunlar və təbiətə yaxın fəaliyyətlər uşaqların fiziki inkişafına müsbət təsir göstərir. Ancaq Azərbaycan məktəblərində bu sahədə müəyyən çətinliklər mövcuddur. İlk növbədə, idman zalları və açıq hava məkanları çatışmazlığı bəzi məktəblərdə problemdir. İdman dərslərinin vaxtının azlığı və ya keyfiyyətinin aşağı olması fiziki inkişafı tam dəstəkləyə bilmir. Müəllimlər idman proqramlarında daha çox təşviqatçı olmalı və valideynlərlə əməkdaşlıq edərək uşaqlara hərəkətli, sağlam həyat tərzinin vacibliyini öyrətməlidirlər. Təəssüf ki, bəzən təhsil proqramlarında akademik uğurların vurğulanması fiziki inkişafı arxa plana keçirir. Mənəvi inkişaf isə uşaqların cəmiyyətdə qəbul edilmiş davranış qaydalarını öyrənmələri, fərdi məsuliyyət və tolerantlıq kimi dəyərlərin mənimsəmələri ilə bağlıdır. Müəllimlər bu sahədə əvəzsiz rol oynayırlar. Onların dərslərdə istifadə etdikləri metodlar, sinifdəki mühit və tədris prosesi zamanı uşaqlara verdikləri mesajlar şagirdlərin etik dəyərlərinin formalaşmasına birbaşa təsir göstərir. Azərbaycan təhsil sistemində mənəvi dəyərlər dərs proqramlarına daxil edilsə də, burada müəllimlərin hazırlığı və rolu daha da inkişaf etdirilməlidir. Müəllimlər şagirdlərə yalnız dərs proqramındakı bilikləri ötürməklə kifayətlənməməli, eyni zamanda, onlara əxlaqi dəyərlər, sosial məsuliyyət, vətəndaşlıq hissi və tolerantlıq kimi vacib keyfiyyətləri də aşılamalıdırlar. Hazırkı vəziyyətdə bəzi məktəblərdə mənəvi inkişafın kifayət qədər diqqətə alınmadığı müşahidə edilir. Bu sahədə əlavə təlimlərin, tərbiyəvi proqramların tətbiqi və müəllimlərin dəstəyinin gücləndirilməsi vacibdir”. 

 

Ekspert bildirib ki, Azərbaycanda təhsil müəssisələrində müəllimlərin həm fiziki, həm də mənəvi inkişaf baxımından tədris prosesinə verdikləri töhfələr əhəmiyyətlidir: 

 

“Lakin hazırki vəziyyət qənaətbəxş hesab edilə bilməz. Fiziki inkişafın dəstəklənməsi üçün lazımi infrastruktur və dərs saatlarının çatışmazlığı, mənəvi tərbiyənin dərs proqramlarında lazımi yer tutmaması müəllimlərin işini çətinləşdirir. Müəllimlərin təlim-tərbiyə bacarıqlarının artırılması, onların psixoloji hazırlığı və valideynlərlə əməkdaşlığının gücləndirilməsi üçün əlavə dəstək tələb olunur. Təhsil sistemində müəllimlərin bu sahədəki rolunun artırılması, dövlət siyasətində bunun daha çox əhəmiyyət kəsb etməsi, məktəb rəhbərlərinin və təhsil siyasətçilərinin diqqətində olmalıdır. Ümumiyyətlə, müəllimlərin uşaq və gənclərin fiziki və mənəvi inkişafında rolu danılmazdır. Ancaq bu sahədə olan çətinliklərin aradan qaldırılması üçün daha çox resurs, təlim və dəstək proqramlarına ehtiyac var. Müəllimlər təhsilin əsasını təşkil etdikləri üçün onların rolu cəmiyyətin gələcəyinin formalaşmasında həlledici olacaqdır”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

Medianın

Tarix: 5 Oktyabr 2024, 10:44   
Seçilən
8
pravda.az

1Mənbələr