AZ

Əsir düşən 93 ukraynalı hərbçi güllələnib – Qətllər 2024-cü ildə baş verib

“Ukrayna hüquq-mühafizə orqanları azı 93 ukraynalı əsirin rus əsgərləri tərəfindən öldürülməsi ilə bağlı məlumatlara malikdir.

“AzPolitika” “Ukrainska Pravda”-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Silahlı münaqişə zamanı törədilmiş cinayətlərə qarşı mübarizə İdarəsinin rəisi Yuri Belousov Ukrayna telemarafonunun efirində bildirib.

Belousov qeyd edib ki, ukraynalı hərbi əsirlərin öldürülməsi hallarının 80%-i 2024-cü ildə qeydə alınıb. O, həmçinin vurğulayıb ki, ötən ilin noyabrından Rusiya hərbçilərinin ukraynalı məhbuslara münasibəti xeyli pisləşib. Rusiya bu məlumatı şərh etməyib.

Oktyabrın 2-də Ukrayna Baş Prokurorluğu ukraynalı hərbi əsirlərin öldürülməsi ilə bağlı ən kütləvi cinayət hadisəsini açıqlayıb. Qeyd olunur ki, Donetsk vilayətinin Pokrovski rayonunun Nikolaevka və Suxoy Yar kəndləri yaxınlığında təslim olan 16 ukraynalı əsgər güllələnib.

Sentyabr ayında Amerikanın CNN telekanalı təslim olan ukraynalı əsgərlərin öldürüldüyünü əks etdirən iki video yayımlamışdı. Video Ukrayna kəşfiyyatının təqdim etdiyi pilotsuz uçuş aparatlarından götürülüb.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının mümkün pozuntularını araşdırmaq xahişi ilə müraciət edib.

Münaqişənin hər iki tərəfi bir-birini qətllərdə, məhbuslara qarşı qəddar və qeyri-insani rəftarda ittiham edir.

“AzPolitika.info”

Seçilən
10
1
azpolitika.info

2Mənbələr